Oliqarxların orbitində dövrə vuran Aslan İsmayılovun türk iş adamına 40 min dollarlıq kələyi

ÜÇÜNCÜ YAZI

Yazının BİRİNCİ HİSSƏSİ:

https://www.aznews.az/news/editorsdesk/201236.html

Yazının İKİNCİ HİSSƏSİ

https://www.aznews.az/news/editorsdesk/201481.html

2016-cı ilin sentyabrında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bir sıra kütləvi informasiya vasitələrinə silsilə müsahibələr vermişdi. Yadınızda olar, “Yeni Müsavat”ın və qəzetin elektron versiyasında üç gün boyunca yayınlanmış intervyüdə Qüdrət Həsənquliyev intelektual və peşəkar bir siyasətçi kimi sanballı mövqe sərgiləmiş, hətta BAXCP sədrinin ənənəvi tənqidçiləri də müsahibin yüksək səviyyəsini etiraf etməli olmuşdular. Həmin müsahibələrində BAXCP lideri Azərbaycanda “Putinin dostu” kimi məşhur olan hüquqşünas, iş adamı İlham Rəhimova Rüstəm İbrahimbəyovun missiyasının həvalə edilməsinin mümkünlüyünü vurğulayırdı. Bu durumdan özünə görəv çıxaran və ya bu durumda Qüdrət Həsənquliyevə cavab vermək üçün görəvləndirilən Aslan İsmayılov isə İlham Rəhimova sırf siyasi etiket qaydaları çərçivəsində ünvanlanan suallara təhqiramiz bir formada reaksiya vermişdi.

Heç şübhəsiz, onun etika sərhədlərini kobud şəkildə aşması BAXCP üzvlərinin hiddətinə səbəb oldu, partiyanın funksioneri Niyaməddin Orduxanlı Aslan İsmayılova öz üslubunda cavab verdi. “Üslub toqquşması” hakim önündə də dartışıldı (hələ də dartışma davam edir) və kütləvi informasiya vasitələrində yer alan xəbərə görə, prosesdə BAXCP funksioneri Aslan İsmayılova belə bir sual verib: “Qüdrət Həsənquliyev mənim liderimdir və mən öz liderimi müdafiə edirəm. Bunu özümə mənəvi və siyasi borc bilirəm. Sən kimi və niyə müdafiə edirsən?”.

Qüdrət Həsənquliyevə simpatiyası olan qələm sahibləri isə sırf öz imzalarına hörmətdən dolayı Aslan İsmayılova kimliyini maksimum nəzakətli bir şəkildə xatırlatmışdılar. “Elçi” qəzetinin Baş redaktoru Əli Həziquliyevin və “Xalq Cəbhəsi” qəzetinin Baş yazarı Elçin Mirzəbəylinin məqalələrini Aslan İsmayılov, yumşaq desək, qabaqdangəlmişlik edib məhkəməyə daşımışdı. Bu səpkidən olan yazıların birində Elçin Mirzəbəyli Aslan İsmayılovun İlham Rəhimova “ayı xidməti” göstərdiyini qeyd edirdi:

“Aslan İsmayılovun “ayı xidməti” sonuncu müsahibəsində daha qabarıq şəkildə nəzərə çarpır. Beləliklə, Aslan İsmayılov deyir: “Qarabağın açarı olan Rusiya ilə münasibətləri bu şəklə salmaq olmaz. Putinə söz deyə bilən və bununla bizim ən böyük problemimizin həllinə yardımçı ola biləcək adamı ittiham etməyin, əksinə, ondan istifadə edin. Bir baxın da ermənilərə. Nümunə götürün də. Öz təbliğləri üçün bütün vasitələrdən, bütün imkanlardan istifadə edirlər. Gedib Kim Kardaşyanı gətirirlər. Fahişə gəlib Ermənistanın prezidenti ilə görüşdü və milli qəhrəman oldu. Niyə belə etdilər? Ona görə ki, ondan müəyyən məsələlərin təbliği üçün istifadə də bilsinlər. Onlar fahişəni milli qəhrəmana çevirirlər, biz isə İlham Rəhimov, Vahid Ələkbərov kimi adamları özümüzdən incidirik…”.

Zənnimcə, şərhə ehtiyac yoxdur. İqtibas gətirdiyim bir neçə cümlə Aslan İsmayılovun bütün mənəvi keyfiyyətlərini, leksikonundakı ifadələri, müqayisə etmək, arqumentləşdirmək “bacarığını” ortaya qoyur. Mənə görə, bir azərbaycanlı, yaxud azərbaycanlılar haqqında fikri əsaslandırmaq üçün nəinki əxlaqsız erməni qadınının, hətta erməni aliminin nümunə gətirilməsi, müqayisəyə yol verilməsi qədər aşağılayıcı yanaşma ola bilməz”.

Bütün bunlar professor İlham Rəhimov tərəfindən də görülməyə və fərq edilməyə bilməzdi. Odur ki, İlham Rəhimov Aslan İsmayılovun təklif etdiyi xidmətdən imtina etdi və onun bu mövqeyi Qüdrət Həsənquliyev açısından da münasib sayılan adamlar tərəfindən çevik bir şəkildə həm BAXCP rəhbərliyinə çatdırıldı, həm də kütləvi informasiya vasitələrinə sızdırıldı. Aslan İsmayılov öncə məzlum və məğdur, amma hər zamankı kimi “prinsipial” bir görkəm alaraq İlham Rəhimova onu “tək qoyduğu üçün” sitəm etdi, ardınca az əvvəl öydüyü və Azərbaycanda vitse-prezident postunda görmək istədiyi şəxsi toplum içində aşağıladı:

“Açığı deyim ki, mən bu gün içimdə İlham Rəhimovdan narazıyam. Ona görə ki, məndən çox onu söyürlər və o susur. Onun imkanı da mənimkindən dəfələrlə çoxdu. Bəs niyə çıxıb birinə cavab vermir?! Ortalıqda mən qalmışam. Bilirsən ki, mən prinsiplərimlə bir yerdə səni də sən demədən, kişiyana müdafiə etmişəm! Bir reaksiyan olsun da!”

Aslan İsmayılov “Bakupost” xəbər portalına verdiyi müsahibədə özünü İlham Rəhimovdan qat-qat üstün şəxsiyyət saydığını elan etdi və bu bəyanat Anadolu türklərinin “şeytan detaylarda gizlidir” deyiminə uyğun olaraq deduktiv bir sual ortaya çıxardı: əgər Aslan İsmayılov özündən qat-qat aşağı saydığı İlham Rəhimovu vitse-prezident postunda görürsə, özünü hansı məqama layiq bilir?

Aslan İsmayılovun iqtidardan umduğu vəzifə adlarını və mandat şəkillərini qatlayıb palazın altına qoymuş kimi görsəndiyini və qarşıdan yeni seçkilərin gəldiyini nəzərə alanda onun iqtidarın və müxalifətin bütün cinahlarına etdiyi həmlələrin motivasiyasını anlamaq çətinlik törətmir. Üstəlik, o günlərdə “Obyektiv TV”adlı internet kanalına çıxan Aslan İsmayılov “seçmək və seçilmək haqqından” da hər zaman olduğu kimi qeyri-ciddi bir şəkildə söz etmişdi. Bəli, onun siyasi iddialarının olmaması haqqında dedikləri son dərəcə qeyri-ciddidir. Hər halda 1995-ci ildən bəri ölkədə keçirilən bütün parlament seçkilərində iştirak etmiş bir adamın heç bir siyasi iddiasının olmadığını bəyan etməsi, necə deyərlər bişmiş toyuğu da güldürəcək qədər qeyri-ciddi söhbətdir.

Əlbəttə, əgər Aslan İsmayılov prosedurlardan keçə bilərsə, məsələn növbəti parlament səsverməsində uzaqbaşı Müasir Müsavat Partiyasının sədrinə rəqib olacaq. Görünür, sabiq Baş nazir Pənah Hüseynin təbirincə desək, “elə-belə adam olmayan” Hafiz Hacıyevin gözünü nə elə, nə də belə cəmiyyətə faydalı adam olmağı bacarmamış Aslan İsmayılovun qırmaq taktikası da məhz bu ehtimalı önləməyə hesablanırdı. Əks halda, Hafiz Hacıyevlə məhkəmələrdə çəkişmək siyasi anormallıq sayıla bilər. Hərçənd Aslan İsmayılov mətbuata verdiyi bir açıqlamada vaxtilə tələbə yoldaşlarının onun davranışlarında anormallıq müşahidə etdiklərini də gizlətməyib.

Psixiatrlar insanda özünütənqid hissinin itməsini şizofreniyanın bariz əlaməti hesab edirlər və sovet sisteminin dağılması ilə aqoniya yaşamış cəmiyyətlərdə şizofreniyadan əziyyət çəkən fərdlərin özlərini prezident postunda görməsi faktlarına sıx-sıx rastlaşılır. Bu barədə psixiatrlar təhlil aparsa və danışsa yaxşı olar, mən isə Azərbaycanda seçki texnologiyaları üzrə ilk elmi monoqrafiyalardan birinin müəllifi olaraq qısaca Aslan İsmayılov tipli bir potensial deviant namizədin marafona necə hazırlaşmasından bəhs etmək istəyirəm.

1992-ci ildə Azərbaycan lap yenicə müstəqillik qazanmış, may ayının birinci yarısında AXC faktiki olaraq hakimiyyəti ələ almışdı. Ayaz Mütəllibovun hakimiyyətə çevrilişlə qayıdış xəyalı suya düşmüş, keçmiş kommunistlər Yaqub Məmmədovun ətrafında təmərküzləşə bilməmişdilər. Əsas kütləvi siyasi təşkilatlar AXC, AMİP və YAP idi. Kampaniyanın gedişində Nizami Süleymanov arxasında heç bir real təşkilati dəstək olmadığı halda öz populist çıxışları ilə anidən reytinq qazandı, hətta bəzi məntəqələrdə Əbülfəz Elçibəyi qabaqlayan nəticələr əldə etdi. Nizami Süleymanov, əlbəttə, sıradan bir spekulyator deyildi və onun seçki strategiyası Azərbaycandan kənarda hazırlanmışdı. Başqa sözlə, yaddımızdan çıxarmalı deyilik ki, şimal qonşumuzun Azərbaycanda populist namizəd ortaya atmaqla hakimiyyət uğrunda mübarizənin faktiki subyektlərinə və xüsusən də iqtidardakı qüvvəyə təzyiq etmək təcrübəsi var. Doğrudur, kontr-arqument gətirilə bilər ki, indi Azərbaycan bir dövlət kimi oturuşmuş vəziyyətdədir, siyasi sistem populistlərə meydan verməyəcək qədər möhkəmlənib, nəinki hakim partiyanın, hətta ənənəvi müxalifət təşkilatlarının təcrübəsi siyasi diletantları vaxtında zərərsizləşdirməyə yetir. Lakin unutmayaq ki, söhbət hətta ABŞ kimi supergücün seçki prosesinə öz trolları ilə müdaxilə etməyi bacarmış bir dövlətdən gedir. Elə həmin Rusiyanın xüsusən kəşfiyyat qurumlarına yaxın olan siyasi texnoloqları “Ctrl C” və “Ctrl V” düymələri ilə işləməyi çox sevməklə yanaşı, bəzən də Vladimir Putinə qarşı Qərbdə hazırlanan ssenariləri özününküləşdirərək keçmiş sovet respublikalarında tətbiq edirlər.

Hazırda Rusiyada, Belarusda və digər post-sovet ölkələrində siyasi analitiklərin istifadə etmədən proseslərə tam aydınlıq gətirə bilməyəcəyi bir termin var: “Sistemdənkənar müxalifət”.

Azərbaycanda sistemdənkənar müxalifət 2013-cü ilin prezident seçkilərində ənənəvi müxalifətlə güclərini birləşdirmək yönündə təsirli bir addım atdı və Rüstəm İbrahimbəyov təkcə Ziyalılar Forumunun yox, AXCP və Müsavatın da prezidentliyə namizədi oldu. Çox keçmədən həmin partiyanın simpatizanları təkcə İbrahimbəyovun siyasi avantürist olmasını fərq etmədilər, eləcə də Müsavat Partiyasının başqanı İsa Qəmbərin elan etdiyi “qırmızı cizgilər”in ötəsində var-gəl etdiyini müəyyənləşdirdilər. Xatırlayırsınızsa, qeyri-sistemli müxalifətin bir qisminə xitab edən, Almaniyaya sığınmış Hüseyn Abdullayev özünü prezidentliyə namizəd də elan etmişdi. Bu ilin birinci yarısında Hüseyn Abdullayev saxlanıldı və Bakıya gətirildi. Onun bu həbsindən ən çox təlaş keçirən isə məhz Aslan İsmayılov oldu. Bu təlaşın səbəbi barədə "Yeni Müsavat" qəzeti yazırdı:

"Hüseyn Abdullayev həm də İsmayılov üçün o qədər yaxın və əziz insan idi ki, soyadı hələ də müəmmalı olan Allahverdi seçkilərdəki məğlubiyyətinin üstünə onun xatirini də əlavə eləmiş və psixoloji komplekslərini aşaraq Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı dava açmışdı. Amma Hüseyn Abdullayev tutularaq Azərbaycana gətirildikdən sonra Aslan, pardon Allahevrdi İsmayılovun cınqırı çıxmır. Görünür, narahatdır!"

Qəzet daha sonra Aslan İsmayılovun Hüseyn Abdullayev barədə vaxtı ilə verdiyi açıqlamanı xatırlatmışdı:

“Hüseyn Abdullayevin axtarışı birmənalı şəkildə onun siyasi baxışları ilə əlaqədardır. 2007-ci ildə də onu məhz siyasi baxışlarına görə həbs etdilər. H.Abdullayevin o zaman parlament iclasındakı çıxışını dinləsəniz görərsiniz ki, o, parlament üzvlərini formal fiqur olmamağa çağırıb. Tələb edib ki, Nazirlər Kabineti nağıl söyləməsin, obyektiv hesabat versin. Buna görə də o vaxt onu həbs elədilər. Daha sonra onun əmlakını əlindən aldılar. H.Abdullayev bundan sonra da dayanmadı və tənqidi fikirlərini davam etdirdi. “Susma” marşını yazdı. Bundan sonra yenə də təzyiqlərə məruz qaldı. Hər şeyin arxasında H.Abdullayevin siyasi baxışları dayanır. İnanmıram ki, H.Abdullayev bu hakimiyyətlə bu cür savaşa-savaşa vergidən yayınmış olardı. Əgər həqiqətən də o, vergidən yayınmışdısa, niyə “Susma” marşına qədər ona qarşı hər hansı bir tədbir görülmürdü? Bu, hakimiyyətin taktikasıdır. Sabah az-çox biznesə sahib istənilən şəxs ağzını açan kimi onun haqqında da cinayət işi qaldıracaqlar”.

Qayıdaq qeyri-sistemli müxalifətlə bağlı xarici planlara. Qarşıdan gələn bütün səsvermələr konteksində qeyri-sistemli müxalifətin addımlarından, xüsusən də xarici güclərin bu faktordan necə yararlana biləcəyindən açıq danışmaya bilmərik. Doğrudanmı, məsələn ABŞ, Rusiya, İran kimi Azərbaycanda və ümumən bölgədə xüsusi maraqları olan bir dövlət bizim cəmiyyətimizin bəzi seqmentlərinə xitab etməyə çalışmır və ciddi siyasi kampaniyalarda belə cəhdlər göstərməyəcək, ictimai rəylə oynamaq üçün yeni manipulyatorlar hərəkətə keçirməyəcək, daha dəqiqi keçirməyib? Axı Orteqa Qasseti elə Rusiyada da çox və çoxdan oxuyublar və onun müəllifi olduğu “adamların bir çoxunun rəyi yoxdur və onlara rəy vermək lazımdır” cümləsindən siyasi texnoloqlar yaxşı agahdır?!

“Sistemdənkənar müxalifət” deyəndə o nəzərdə tutulur ki, bu qəbildən olan narazılar leqal siyasi partiya halında təşkilatlanmır, rəsmi qeydiyyatdan keçərək siyasi sistemin parçasına çevrilmirlər. Hərçənd parlamentdən kənarda qalan marginal siyasi partiyalar, yaxud siyasi sistemin parçası olan təşkilatlardan dışlanmış fərdlər də “sistemdənkənar müxalif”lərə konkret situasiyalarda dəstək verməkdən qalmırlar. Rusiyada sistemdənkənar müxalifətin Harri Kasparov, Boris Berezovski, Vladimir Rıjkov kimi ünlü simaları arasında Aleksandr Navalnıy da var.

A. Navalnıy Aslan İsmayılovdan xeyli gəncdir- 1976-cı ildə anadan olub. Lakin bioqrafiyasında bəzi məqamlar var ki, Aslan İsmayılovun özünü ona bənzətməsi, yaxud həmin rolu öz üzərinə götürməsi üçün psixoloji rahatlıq yarada bilib. Əvvəla, Aleksandr ixtisasca hüquqşünasdır, vaxtı ilə Patris Lumumbanın adını daşıyan Moskvadakı “Xalqlar Dostluğu” Universitetini bitirib. O da eynilə Aslan İsmayılov kimi “Navalnıy və partnyorları” adlı hüquq bürosu təsis edib, ABŞ-da müəyyən kurslar keçib. Navalnıy öz dünyaca məşhurluğunu sosial şəbəkələrə borcludur, hələlik Səbail rayonunda park salmaq adı ilə zəbt etməyə çalışdığı yamacları aşa bilməsə də, elə Aslan İsmayılov da. Fəqət Aslan İsmayılovdan Navalnının heç “N” hərfi də çıxmaz ona görə ki, rusiyalı bloqqerdən fərqli olaraq o, ardıcıl və təmiz bioqrafiya sahibi deyil. Navalnıy Putinin qəbuluna gedib mandatla qayıtmayandan sonra müxalif olmayıb və heç kim sənəd-sübut ortaya qoyaraq “sən mənim 40 min dollarımı mənimsəmisən” deyə onun möhtəkirliyindən danışa bilmir.

Xatırlayırsınızsa, Türkiyə vətəndaşı, iş adamı Xızır Ekşi “Azpolitika” saytına Aslan İsmaylovun ona qarşı dələduzluq etdi barədə açıqlama vermişdi:

“Tam bir saxtakar və şərəfsizdir! Oğlunu da bu işlərə alət eləyir. Məndən 40 min dollar para aldı, işini görəcəm deyə. Nə işi gördü, nə də pulu geri qaytarır!”

Türk iş adamı daha sonra bildirmişdi ki, bir neçə il əvvəl onun qardaşının Gürcüstanda problemi olub, işi məhkəməyə düşüb. A. İsmayılov bu problemi həll edə biləcəyini vəd edərək, türk iş adamı ilə anlaşıb. Hızır Ekşi 40 min dolları öz adamı vasitəsilə Gürcüstanda Aslan İsmayılovun oğluna verib. Lakin A. İsmayılov nə işi həll edib, nə də pulu geri qaytarıb: “Təxminən 2 il öncə qardaşımın Gürcüstanda bir məhkəməsi var idi. Bu məhkəmə işlərini həll etmək üçün pulu aldı. Amma həll edə bilmədi. Bundan sonra vaxt istədi, sonra yenə vaxt istədi. Sonda “pulu geri verəcəyəm, işi düzəldə bilmirəm” dedi. Amma pulu vermədi. Tam bir saxtakar! Vəkil olmadığı halda “vəkiləm” deyir. Məgər ki, heç vəkil də deyilmiş, sonradan öyrəndik. Bir il əvvəl onunla Bodrumda qarşılaşdım. Dedim ki, ya işi həll et, ya da pulumu geri qaytar. Yoxsa bir daha səni Türkiyədə görəndə, o pulu səndən almağı biləcəm. İndi də axtarıb, tapa bilmirik. Oğlu da bu işlərin içərisində”.

Təsəvvür edin, 40 min dollarlıq dolandırıcılıq məsələsi cəmi bir məhkəmə işinə görə ortaya çıxmış iddiadır, Aslan İsmayılov hansısa seçkidə böyük iddia ortaya qoysa və əməlləri ictimai təftişə məruz qalsa daha nələr, nələr ortaya çıxa bilər!

(Ardı var)

Taleh ŞAHSUVARLI