QHT sədri: "Leyla Yunus kimi dirəşir ki, Sahibi tanımıram" QHT sədri: "Leyla Yunus kimi dirəşir ki, Sahibi tanımıram"

“Mehman Əliyev Yaqlandın adından ağ yalan yazmışdı” - Sahib Məmmədov

QHT sədri: "Leyla Yunus kimi dirəşir ki, Sahibi tanımıram"

AzNews.az Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə cavab yazısını olduğu kimi və şərhssiz təqdim edir:

***

AXC hakimiyyəti vaxtı Prezidentin mətbuat xidmətinin əməkdaşı olmuş Mehman Əliyev həmin hakimiyyət vaxtı bir ilə yaxın Bakının mərkəzi rayonlarının birinin rəhbəri və daha sonra Prezident Aparatının Ərazi-idarə etmə orqanları ilə iş Şöbəsinin müdiri işləmiş Sahib Məmmədovu tanımır. Gülməli deyilmi?

Bir dəfə də bunu yaxın dostu-silahdaşı, Leyla Yunus da demişdi ki, Sahib kimdir, mən onu xatırlamıram. Leyla Yunus ən ağır yaddaşsızlıq xəstəliyinə tutulsa belə, məni unuda bilməz. Ən azı 1995-ci il Milli Məcəlisə seçkilərdə onun əsas vəkili olmuşam (onaqədərki münasibətlər bir kənarda qalsın). Bütün görüşlərində aparıcılıq etmişəm. Bir yerdə İnsan Hüquqları üzrə Resurs Mərkəzi təsis temişik. “Minalar əleyhinə kampaniya” adlı təşkilat yaradanda 4 təsisçidən biri də mən olmuşam. Sonra hamımızı aldatdı. Bu başqa bir mövzudur. Onun ərinin kitabını rus dilindən azərbaycan dilinə tərcümə etmişəm. Özünin iki vəsitini hazırlamışam. Və s. və i.a. Amma məni tanımadı. İndi də Mehman Əliyev də deyir ki, tanışlığım olmayıb, qəbulunda da olmamışam.

Əslində, mənim yaxud başqa bir vəzifəli şəxsin qəbulunda olmaq və qəbul otağında gözləmək ayıb bir şey deyil. Mən özüm İcra Hakimiyyəti başçısı işləyəndə sonradan müdiri olduğum şöbənin əvvəlki rəhbərinin- Əli Kərimlinin qəbul otağında dəfələrlə gözləmişəm. Mən bunu heç Mehman Əliyevi aşağılamaq üçün də deməmişəm.

İkincisi, Mehman Əliyev barədə illər öncə (2014-cü ildə) status yazmağımın ayrı tarixçəsi var. Dediyi kimi, ACİYF-in Azərbaycan bölməsinin İdarə Heyətinin sədri olarkən Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin rəhbəri Elçin Abdullayevin şikayəti əsasında mənim daxil olduğu komissiyada ciddi nöqsanlar aşkar etməsi ilə bağlı deyil.

Əvvəla ,onun Soros Fondunun İdarə heyətinin sədri olduğu vaxtda qrantlar barədə qərarı komissiya yox, İdarə Heyəti qəbul edirdi. O zaman İdarə Heyətində ondan başqa xatirimdə qalanlar İlqar Məmmədov, Arzu Abdullayeva, Rasim Musəbəyov, Mehriban Rəhimova və başqaları idi. Şikayəti isə Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin rəhbəri Elçin Abdullayev yox, Şirvan şəhərində fəaliyyət göstərən (rəhbəri Nəbi bəy), səhv etmirəmsə adı Neftçilərin Əmək Hüquqlarını Müdafiə İctimai Birliyi (adda qeyri-dəqiqlik ola bilər) edib. Elçin Abdullayev, sadəcə bu məsələdə Nəbi bəyi dəstəkləyirdi. O zaman İdarə Heyəti bu təşkilata 4000 dollar həcmində (təxminən 3400 manat) qrant ayırmışdı. Komissiya da layihənin icrasının monitorinqini aparmalı idi. Sənədləri gec gətirdiyi üçün mən onları qəbul etmədim və bu işçi səviyyədə mübahisəyə gətirdi. Sonradan hər şey yerini alıdı. O QHT-nin rəhbəri kifayət qədər məsuliyyətli bir şəxsdir. Şikayətə də Mehman Əliyev yox, Fondun icraçı direktoru Fərda Əliyev baxıb. Proqramın koordinatoru isə Fuad Süleymanov idi.

Mənim status yazmağımın səbəbi isə başqa idi. Deməli, 2014-cü ildə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun fəaliyyəti bərpa olunarkən, Avaropa Şurasının Baş Katibi tərkibdə Xədicə İsmayılovanın da olmasını təklif etmişdi. Xədicə provokasiya etdiyi üçün onun üzv kimi qəbul edilməsinə razılıq olmadı. Bu zaman Arzu Abdullayeva alternativ olaraq onun yerinə Mehman Əliyevi təklif etdi. Mən isə etiraz etdim və bildirdim ki, belədə digər baş redaktorlar da qəbul edilməlidir. Onu qəbul etmədilər və Mehman beləcə məndən “incidi”. Bir müddət sonra AŞ Baş Katibinin adından İşçi Qrupla bağlı bir məlumat yaydı contakt.az saytında. Orada Yaqlandın İşçi Qrupla bağlı fikirlərini təhrif etmişdi. Onun adından ağ yalan da yazmışdı. Guya Yaqland mənim haqqımda xoş olmayan sözlər işlətmişdi. Mənim Yaqlandla şəxsi tanışlığım yox idi, yalnız onun şəxsi nümayəndəsi Aleksandr Gessellə münasibətim var idi və bir neçə dəfə müzakirə aparmışdıq. Həm də Gessel ara-sıra bizim iclaslarda iştirak edirdi. Yaqland məni tanımya-tanımaya elə fikirlər deyə bilməzdi. Biz o zaman mənbəni tapdıq və gördük ki, Yaqland nəinki mənim, ümumiyyətlə heç kəsin adını şəkməyib. Bu Mehman Əliyevin fantaziyası idi. Bundan sonra mən, o statusu yazdım və bəzi KİV-lər də onu səhifəmdən götürüb dərc etdilər. O zaman Mehmanın təkzibi indikindən də zəif idi. Görünür müddət keçdikcə o vaxt etdiyi əməlinin izlərinin itməsindən daha çox əmin olur. İndi dirəşib ki, Sahibi tanımırdım, qəbuluna gəlməmişdim və s.

Yəqin unudur ki, o zaman mənimlə birgə işləyən xeyli insan indi də sağ-salamatdır. Ya da Leyla Yunus kimi (görünür, onlara verilən təlimatda belə yazılıb) dirəşir ki, Sahibi tanımıram.

Mehman Əliyev yazır ki, rus rubulu devalvasiya olub- filan. Mən “milyonlar” deyəndə məhz o vaxtkı rus rublunu nəzərdə tuturam. O vaxt üçün milyon rubl əhəmiyyətli pul sayılırdı, amma nəhəng məbləğ deyildi. Məsələn, mən PA şöbə müdiri kimi 31. 000 rubl maaş alırdım. Bəli, o zaman o pulları bir müəssisə yox, bir neçə müsəssisə köçürmüşdü. Onların bir çoxu isə bu addımı atmaqdan məhz özəl qurum olduqları üçün çəkinirdilər. Amma çəkiləcək filmin ictimai əhəmiyyətini nəzərə alaraq biz onları arxayınlaşdırdıq.

Ədalət naminə onu da deyim ki, Mehman Əliyev doğrudan o pulları filmin çəkilişinə sərf etmək niyyətində idi. Hətta çəkliş qrupu, yaradıcı heyət də müəyyənləşmişdi və səhv etmirəmsə, müəyyən qədər vəsait də xərclənmişdi. Amma iyun hadisələrindən sonra proses dayandı və Mehman Əliyev bu fürsətdən yararlandı. Uzun illər o, buna görə mənə ehtiramla yanaşıb. İndi inkar edirsə, bu da onun növbəti yalanıdır, yaxud ehtiramı saxta imiş.

Sonda onu qeyd edim ki, Mehman Əliyev məni maraqlandırmır. Belələri ilə polemika aparmaq mənlik deyil. Sadəcə 4-5 il əvvəl yazdığım statusa indi istinad edilirsə, bunun mənə aidiyyatı yoxdur. İnternet zamanıdır, açıq mənbədi. “KİV haqqında” qanundan hər halda xəbəri olmalıdır Mehman Əliyevin, baxmayaraq ki, heç kəsin təkzib hüququnu tanımır. Mövzunu davam etdirməyə həvəsim yoxdur. Mən mövzunu qapayıram. Amma davam etmək istəyirsə, yeni və daşdan keçən faktlara, arqumatlərə hazır olsun. Bu, onun iki yazısına bir cavab idi. İstəsə, özü də dərc edə bilər.

Sahib Məmmədov