100 manat uğrunda jurnalistikanın bütün prinsiplərinin, etik kodekslərinin tapdalanmasına göz yummalı deyilik! 100 manat uğrunda jurnalistikanın bütün prinsiplərinin, etik kodekslərinin tapdalanmasına göz yummalı deyilik!

Nəsimi Paşayev və hanutçular

100 manat uğrunda jurnalistikanın bütün prinsiplərinin, etik kodekslərinin tapdalanmasına göz yummalı deyilik!

Türkiyədə belələrinə “hanutçu” deyirlər.

Azərbaycanca tam qarşılığı yoxdur bu kəlmənin, çox güman ki, Türkiyə türkcəsinə də Anadolunun digər xalqlarından keçib.

“Hanutçu” orta çağlardan bəri işlənən kəlmədir. Yaşadığı şəhərin müsafirlərini tanış dükanlara aparar, edilən alver müqabilində faiz alarlar. Günümüzün Türkiyəsində də hanutçuluq geniş yayılıb, turistik bölgələrdə az qala, peşə halına gəlib.

Ancaq sözümüz nə onlara, nə onlarda, nə də onlardan deyil.

Türkiyədə “hanutçu” adlanan jurnalist zümrəsindən danışmaqdır niyyətimiz.

Məsələyə bir az kübar yanaşanlar onları “dəvət qəzetçiləri” də adlandırırlar qardaş ölkədə.

Çox təəssüflər olsun ki, Azərbaycanda “reket” adı ilə tanınan şantaj mediası ilə yanaşı, bu cür ziyafət müxbirləri, redaktorları- hanutçular da jurnalistikanın ümumi prestijinə, maraqlarına və prinsiplərinə xələl gətirirlər.

Azərbaycanda istənilən yemək-içməkli, hədiyyəli, KİV-ə “göz vuraraq” gücündən bəhrələnmək istəyənlərin təşkil etdiyi səfərlərə baxın, orada az qala, mütəşəkkil bir dəstə görəcəksiniz.

Bu adamlar nə vaxt xəbər yazır, araşdırma aparır, təhlil hazırlayır, müsahibə götürürlər?

Bilən, görən, oxuyan yoxdur!

Ancaq harada aş varsa, orada lap başda otururlar.

Türkiyədə “hanutçu” belələrinə deyirlər.

Xəbər yox, yemək, hədiyyə, səfa dalınca gedənlərə deyirlər!

Həmin hanutçuların azərbaycanlı qardaş və bacıları ayrı-ayrı şirkətlərin, mal və xidmətlərin ucuz reklam kampaniyalarına dəstək verməklə məşğuldurlar.

Dünən bu mövzunu gündəmə gətirdik. Geniş müzakirə olundu. Hanutçular, jurnalistikanın “j”sindən bixəbərlər, AzNews.az-da xadimə, kuryer işləməyə belə, layiq görə bilməyəcəyimiz, digər sahələrdəki uğursuzluqlarından qaçıb kütləvi informasiya vasitələrinə sığınanlar dişlərini qıcayıb klaviaturaya cumdular. Onlara həsr etməyə vaxtımız, onlarla söz güləşdirməyə həvəsimiz yoxdur! Ancaq qabiliyyətinə, səmimiyyətinə, gələcəyinə inandığım, ictimai maraqların yaxşı müdafiəçisi olacağını düşündüyüm bəzi gənc həmkarlarım var. Onları hanutçularla bir sırada görmək istəmirəm, əsla! Bu cür gəncləri qorumaq, bilgiləndirmək, jurnalistika adına doğru yola - peşə etikası çərçivəsində fəaliyyət göstərməyə yönəltmək lazımdır.

Bu məqamda söhbətin nədən getdiyini bir balaca aydınlaşdırmağa lüzum var.

Deməli, tikinti şirkətlərinin birinin PR meneceri Nəsimi Paşayev sosial şəbəkədə bir viktorina təşkil edib.

Edib, lap əlinin içindən gəlib, öz işidir. Ona bu sarıdan hər hansı irad tuta, yol göstərə, məsləhət verə bilmərik. Ancaq həmin viktorinaya qatılaraq 100 manat uğrunda jurnalistikanın bütün prinsiplərini, etik kodekslərini tapdalayanlara, üstəlik, bu hərəkətinə ya məlumatsızlıqdan, ya da özünü hər situasiyada “həqiqət naziri” kimi gördüyündən haqq qazandıranlara ciddi irad tutulmalı, qınaq və tövsiyələrlə onlar bu cür işlərdən çəkindirilməlidir.

Jurnalistika, PR və reklamçılıq ayrı-ayrı sektorlardır. Xəbərçiliyin fəlsəfəsi, məqsəd və prinsipləri bu sahələrdən fərqlidir, hətta onlarla bəzən ziddiyyətə düşür. İstər Qərb ölkələrində, istərsə də təcrübəsini daha tez mənimsəyə biləcəyimiz Türkiyədə jurnalistlərin reklam və PR kampaniyalarında iştirakı, həm Teleradio və Mətbuat Şuralarının elan etdiyi ümumi, həm də media quruluşlarının xüsusi şəkildə qəbul etdiyi davranış qaydaları ilə yasaqlanıb. Başqa sözlə, bir jurnalist öz şirkətinin mənafeyini, medianın ümumi prestijini və şəxsi nüfuzunu zərbə altında qoyub, hər hansı şirkətin reklam və PR kampaniyasında iştirak edə bilməz. Dünən məhz buna vurğu yapdıq və dərhal yanlışın, ziyanın yarısından geri qayıtmaq əvəzinə, üzümüzə bozardılar: “Facebook profili şəxsidir, orada nə edərəmsə, özüm bilərəm, heç kimə dəxli yoxdur”!

Dəxli var, həm də çox var!

Bir insan, o cümlədən, jurnalist fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs bir şirkətdə işə götürülürsə, qurumsal kimliyin bir parçasına çevrilir, həmin şirkətin ümumi çətiri altında bir sima olur, sadəcə, işdə deyil, işdən kənardakı sosial və ictimai fəaliyyəti ilə də həmin qurumun maraq və prestijini qorumağa mükəlləfdir. Üstəlik, jurnalistika spesifik sahə olduğundan, spesifik ümumi normalara da malikdir və bu normalar da müvafiq sahədə çalışanlar üçün əlavə etik mükəlləfiyyətlər yaradır. Qısa desək, istənilən şirkət istənilən əməkdaşının sosial şəbəkə fəaliyyətinə məhdudiyyətlər qoya bilər və Qərb təcrübəsində bu praktika geniş yayılıb. O cümlədən, heç bir peşəkar jurnalist “Facebook profilinin şəxsi olması” bəhanəsinə sığınaraq, maddi mənfəət əldə etmək niyyəti ilə başqa bir şirkətin PR xidmətçisinə çevrilə bilməz.

Başa düşürəm, heç bir jurnalist fotosintezlə yaşamır, yeməli, geyinməli, ailənin güzəranını təmin etməli, bunun üçün maddi qazanca malik olmalıdır. Ancaq media cameəsində hər kəs onu da başa düşməlidir ki, bu gün 100 manat “əlavə qazanc” xatirinə bir şirkətin PR kampaniyasında ucuz işçiyə çevrilmək, həm onların çalışdığı qurumun, həm həmkarlarının, həm də özlərinin qat-qat yüksək mənfəət əldə etməsinə əngəl olur.

Media pulu reklamdan qazanmalıdır və bir şirkət dostluq, tanışlıq, “yaxşı oğlan”lıq, “mən ölüm”, “sən öl” meyarları ilə özünə hanutçu çevrəsi yaradıb reklam xərclərini dəfələrlə azalda bilirsə, nədən KİV-lərə yüksək məbləğ ödəsin?

Taleh Şahsuvarlı,
AzNews.az xəbər portalının Baş redaktoru