Mehman Əliyevin "Reket klubu"nda toyuq söhbəti

İkram Rəhimovu "Turan" Agentliyinin direktoru ilə bağlayan mənəvi tellər barədə

Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin İctimai əlaqələr şöbəsi “Realliq.info” informasiya saytının baş redaktoru Rəhimov İkram Rafiq oğlu barədə yeni məlumatlar yaydı. Hədə-qorxu ilə pul tələb etdiyi ayrı-ayrı şəxslərin şikayətlərinin araşdırılması əsasında ortaya çıxan faktlar İ.Rəhimovun reket fəaliyyətinin rəsmi təsdiqinin yekun nöqtəsi oldu.

Artıq İkram Rəhimovun dəfələrlə, ayrı-ayrı vaxtlarda sahibkar və iş adamlarından rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməsi təkzibolunmazdır. Çünki ortada konkret faktlar və səs yazıları var. Həmin səs yazılarında İ.Rəhimovun zərərçəkmiş şəxslərlə necə danışdığı, müxtəlif hədə-qorxu qarşılığında nə qədər pul istədiyi açıq-aşkar ortadadır.

Hətta İ.Rəhimov qarşı tərəfdən pul qopara bilmədikdə ondan toyuq-cücə almağa da razıdır. Belə demək mümkünsə, adam “bir qaz tükü də qənimətdir” prinsipi ilə qarşısına keçən hər kəsi “qazlayırmış”.

Məsələ ilə bağlı DTX-nın yayımladığı məlumatda həm məlum səs yazısı, həm də İkram Rəhimovun törətdiyi cinayət əməlləri konkret faktlarla göstərilib. Ona görə bu barədə geniş danışmağa gərək yoxdur. Amma İkramın kimliyi, onun media üzərindən reketlik fəaliyyəti, bu istiqamətdə cürət və təcrübəni kimdən alması gündəmə gəlir.

Onsuz da İ.Rəhimov uzun illərdir ki, Azərbaycan Mətbuat Şurasının “Qara siyahı”sının fəxri üzvlərindən idi. Onun Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev tərəfindən himayə edildiyi heç kimə sirr deyil. İ.Rəhimov quyruğu qapı arasında qalanda hər zaman himayədarına – Mehman Əliyevə üz tutub.

Təsadüfi deyil ki, İ.Rəhimovun həbs olunmazdan öncə Turan İA belə bir xəbər yayıb:

“Realliq.info mediaportalının rəhbəri İkram Rəhimov oktyabrın 26-da mülki geyimli şəxslər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb. Bundan əvvəl o, Turan Agentliyinə gələrkən avtomobilinin Masazır qəsəbəsində naməlum şəxslər tərəfindən təqib olunduğunu bildirib. Bu, oktyabrın 26-da Bakı vaxtı ilə 14:41-də baş verib. “Onlardan qopmağa çalışıram, amma alınmır”, deyə o telefonla bildirib. Sonradan Rəhimov onu təqib edənlərdən qurtula bildiyini və Turan agentliyinin ofisinə tərəf gəldiyini deyib. Ofisə gələn Rəhimov Turan-ın direktoru Mehman Əliyevə bildirib ki, onun avtomobili Əskürü restoranı yaxınlığında yolda naməlum şəxslər tərəfindən mühasirəyə alınıb, amma o, onu təqib edən şəxslərdən qurtula bilib. Onun sözlərinə görə, onlar dörd nəfər idilər”.

Göründüyü kimi, adam ən kritik anda Turanı, Mehman Əliyevi seçir, ona sığınır. İş-işdən keçəndə isə M.Əliyev özünün “mələk” cildinə girir və media adından sui-istifadə edən şəxsləri təşkilatlandırmaqda məqsədlərinin nə olduğunu izah etmək əvəzinə, azad, peşəkar jurnalistikadan dəm vurur. Axı İkramı cəmiyyətə “media adamı” kimi təqdim edənlər onlar idi. “Onlar” sözü sizi çaşdırmasın, bura “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də daxildir. O, “Yeni nəsil” deyərkən yəqin ki, reketçiliyi nəzərdə tuturmuş. Yəqin xatirinizdədir, bu adamlar bir yerdə “Media klub” da yaratmaq istəyirdilər. Daha bilmirlər ki, onlar olsa-olsa, ancaq “Reket Klub” qura bilərlər. Arada da qazdan-toyuqdan tutub yolmaq şərtilə…

Yusif ZİYAOĞLU

AzNews.az