Bilməyənin bilən kimi danışması mərəz, bilənin bilməyən kimi danışması qərəzdir! Bilməyənin bilən kimi danışması mərəz, bilənin bilməyən kimi danışması qərəzdir!

Elçin Şıxlı və Xədicə İsmayıl: biri mərəzli, biri qərəzli!

Bilməyənin bilən kimi danışması mərəz, bilənin bilməyən kimi danışması qərəzdir!

“Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir”.

Bu cümləni Azərbaycan prezidenti İlham Əliyev Real TV-yə verdiyi müsahibədə işlətmişdi.

Sözünə davam edən dövlət başçısı daha sonra demişdi:

“Müxtəlif mövzularla bağlı müntəzəm olaraq öz fikirlərimi çatdırıram. Yenə də deyirəm ki, bu, həm hesabat xarakterli, həm də görüləcək işlər, istiqamətlərlə bağlı, istiqamətverici çıxışlardır”.

Dünən həmin müsahibə ilə bağlı BBC-nin Azərbaycan redaksiyası Xədicə İsmayılı, Elçin Şıxlını, Zərdüşt Əlizadəni danışdırıb.

BBC-nin həmin materialında iddia olunur ki, İlham Əliyevin hesabat xarakterli çıxışları qətiyyən olmayıb və ümumiyyətlə, “hesabatlılıq” Azərbaycana yad anlayışdır.

Zərdüşt Əlizadə açıqdan-açığa söz yığnağı, cəfəngiyyat olan rəyi ilə BBC müxbirini, belə deyək, yola verib. Odur ki, hər hansı mübahisə və müzakirəyə layiq olmayan cavabına görə, onun özünü də yola vermək daha münasibdir.

Elçin Şıxlı isə bildirib: “Hesabat verilərkən böyük mətbuat konfransı çağrılmalıdır. Orada tək bir media strukturu deyil, televiziyaların yarısından bir qədər çoxu, dövlət və üzdə olan digər informasiya agentlikləri çağrılmalıdır, onda daha geniş yayılır. Əgər hesabatdırsa, bu belə olmalıdır. Düşünmürəm hesabat olduğunu".

Bu açıqlamasından bəlli olur ki, öz büstünü düzəldib hər masanın üstünə qoymaqla deyil, Elçin Şıxlının nə jurnalistikadan xəbəri var, nə də demokratiyadan. Hər halda, tarixi eramızdan çox-çox əvvəl çıxardığı qanunlarda mənsəb sahiblərinin hesabat verməsinin labüdlüyünü əks etdirmiş Hammurapiyə (e.ə. 1792-1750-ci illər) qədər uzanan bir anlayış barədə onun bu qədər məlumatsız olmasına başqa cür yanaşmaq mümkün deyil. Diqqət edin, Elçin Şıxlının məntiqinə görə, əgər prezident bir nəfərə müsahibə yox, tutalım, mətbuat konfransında 50 nəfərlik heyətə açıqlama versəydi, bu, hesabat sayılacaqdı. Görünür, BBC-nin “ağıl dəryası” sanaraq müraciət etdiyi ekspert prezidentin intervyüsünü ya dinləməyib, ya da intervyüdə “hesabat” kəliməsini “Real”a açıqlaması ilə bağlı işlətmədiyini fərq etməyib. Bütün hallarda, sovetlər dönəmindəki aqrar tədarük məntəqələrinin iflasından sonra bilik yığımını dayandırmış Şıxlıya uzun-uzadı mühazirə oxumağın faydası yoxdur. Sadəcə, onun bilməsi zəruri olan bir önəmli şərt var: suallara, hətta tənqidlərə cavab vermək, hələ “hesabat” demək deyil! Bu barədə Avropa Komissiyasının 2003-cü ildə yaydığı yaxşı bir izahat var. Ona görə də, hər hansı səlahiyyət sahibinin bir, yoxsa yüz jurnalistin sualına cavab verməsi müəyyənləşdirmir hesabat verilib-verilməməsini. Bəli, dünyanın istənilən inkişaf etmiş ölkəsində dövlət və hökumət başçılarının müsahibə verməsi, mətbuat konfransı keçirməsi, birbaşa və ya dolayı şəkildə müxtəlif polemikalara qatılması cəmiyyətdə şəffaflıq və hesabatlılıq mühitini genişləndirən, zənginləşdirən davranışlardır, ancaq çağdaş demokratiyanın təməl anlayışlarından olan hesabatlılıq üçün əsas göstərici deyil.

BBC-yə açıqladığı mövqeyi hər nə qədər həmişəki kimi qərəzli və konyuktur olsa da, hesabatın nə olduğunu və nə olmadığını Xədicə İsmayıl Elçin Şıxlıdan daha yaxşı bilir və yerinə yetirəcəyinə əmin olmasam da, “Azadlıq” radiosunun keçmiş aparıcısından bir xahiş etmək istəyirəm. Ricam çox sadə və konkretdir: Xədicə İsmayıl, lütfən, imkanın olduqca Elçin Şıxlı kimilərinə təlim, seminar, vebinar keç, heç olmasa, elementar anlayışlardan agah olsunlar, nəticədə bilmədikləri şeylərdən danışıb özlərini biabır eləməsinlər. Bir insanın, xüsusən də üzdə olan bir insanın bilmədiyi məsələlərdən bilən kimi danışması ağır mərəzdir.

Bəs, mövzuya yad olmadığı dərhal hiss edilən Xədicə İsmayılın BBC-yə açıqlaması niyə qəbul edilməzdir?

Əslində, məsələ sadədir: Xədicə İsmayıl predmeti bilir, lakin öz bilgilərindən gerçəkliyi təhrif etmək üçün istifadə edir, obyektiv deyil, müxalif görsənmək istəyir, o cümlədən hakimiyyətin ideoloji cinahına daha yaxşı bildiyi mövzularda həmlə etmək məqsədi güdür. Amma çifayda!

Ötən əsrin 80-ci illərindən başlayaraq dünyada idarəçilik anlayışı sürətlə dəyişməyə başladı. Bu dəyişikliklər yeni idarəçilik fəlsəfəsi meydana çıxardı. Yeni İdarəçilik Anlayışının təməlində iki əsas amil dayanırdı. Bunlardan birincisi, dövlətin vətəndaşlara xidmətlərinin keyfiyyətcə yaxşılaşdırılmasına yönəlmiş düşüncə və icraatlar; ikincisi isə, xidmət göstərənlərin sosial məsuliyyətinin gücləndirilməsidir. “Şəffaflıq” və “hesabatlılıq” kimi əkiz kəlimələr də məhz bu çərçivədə işləklik qazandı. Bu məfhumu izah etmək üçün xeyli tərif irəli sürülsə də, ümumiləşmiş yanaşma belədir: “Hesabatlılıq- hər hansı bir fərdin və ya qrupun göstərdiyi fəaliyyət və həyata keçirdiyi işlər barədə başqa fərd və qrupları məlumatlandırmasıdır”.

“İctimai hesabatlılıq” adlı sanballı monoqrafiyanın müəllifi olan Mark Bovens hesab edir ki, bu anlayış birtərəfli qaydada məlumatlandırma səciyyəsi daşımamalı, hesab verənlərlə hesab soruşanlar qarşılıqlı bağlara malik olmalıdır. Bu bağlar isə həm də ictimai aktyorların yalnız göstərməli olduğu fəaliyyətin məzmunu ilə məhdudlaşmamalı, həmin fəaliyyətlərin nəticəsi ilə bağlı müzakirələr aparılması üçün mexanizmləri də əhatə etməlidir. Araşdırmaçıların fikrincə, ictimai hesabatlılıq özündə beş əsas komponenti birləşdirir:

1. Bir xidmətin mövcudluğu;

2. Fərdi və ya təşkilati səviyyədə hesab verənin və hesab verənlər qrupunun mövcudluğu;

3. Seçkili orqanlar, vətəndaş cəmiyyəti, media kimi institutlardan formalaşan hesab alanlar toplusunun mövcudluğu;

4. Hesab alanların məlumat almaq və təklif vermək imkanına malik olduğu, hesab verənlərin bu yöndə öz məsuliyyətini hiss etdiyi sosial əlaqələrin mövcudluğu;

5. Hesab soruşanların hesab verənlər üzərində hüquq və səlahiyyətlərə malik olmaları.

Hesabatlılıqla bağlı nəzəri mülahizələri uzatmadan praktikaya keçək.

Azərbaycanda bələdiyyələr mütəmadi olaraq hesabat yığıncaqları keçirir və öz hesabatlarını cəmiyyətə təqdim edirlərmi?

Edirlər!

Bütün instansiyalar üzrə məhkəmə orqanları öz hesabatlarını hazırlayır, açıq müzakirə edir və vətəndaşlara çatdırırlarmı?

Çatdırırlar!

İcra hakimiyyətinin bütün orqanları (yerli icra hakimiyyətləri, nazirliklər, dövlət komitələri və s.) hesabat toplantıları təşkil edir və öz fəaliyyətləri barədə yekun nəticələri hər kəsin əlinin çata biləcəyi səviyyədə elan edirlərmi?

Bəli!

Nazirlər Kabineti öz hesabatını Milli Məclisə təqdim edir, həmin sənəd parlamentdə və cəmiyyətdə müzakirə olunurmu?

Olunur!

Azərbaycanda istənilən vətəndaş istənilən dövlət qurumuna informasiya əldə etmək üçün müraciət edə, əldə etdiyi informasiyanı ictimai müzakirəyə çıxara, öz təkliflərini istənilən dövlət quruma təqdim edə bilirmi?

Bilir!

Ayrı-ayrı hakimiyyət institutları və dövlət qurumları qeyri-hökumət təşkilatları ilə birgə ictimai dinləmələr vasitəsi ilə bütün mümkün suallar ətrafında fikir mübadiləsi aparırmı?

Aparır!

Bütün bunlardan sonra Azərbaycanda dövlətin və hakimiyyətin hesabat verməkdən çəkindiyini, hesabatlılıqla bağlı üzərinə düşən məsuliyyətdən yayındığını iddia və elan etmək ağ yalandır, qərəzdir, iftiradır!

Xədicə İsmayılın prezident İlham Əliyevə ünvanladığı “hesabat verməyib” ittihamı da eyni mahiyyət daşıyır.

Əvvəla, Azərbaycan Respublikasının Ana Yasasına görə, prezident icra hakimiyyətinin başçısıdır və bu yetkisinə görə, həm hesabat qəbul edən, həm də hesabat verən post sahibidir. O, həm ayrı-ayrı dövlət proqramlarının icrası ilə bağlı mütamadi keçirdiyi iclaslarda, həm də Nazirlər Kabinetinin il ərzində görülmüş işlərin yekununa həsr edilən toplantılarında hesabatları qəbul edir, rəsmi televiziyadan yayımlanan açılış və yekun nitqi ilə xalqa hesabat vermiş olur. Prezidentin elan etdiyi proqramlar, bütün istiqamətlərdə yürütdüyü siyasət, dövlət adına verdiyi qərarlar şəffafdır, əlçatandır, müzakirəyə açıqdır və gerçəkləşmə prosesində bütün reaksiyalar nəzərə alınır. Çox sayda misal göstərmək olar ki, İlham Əliyev sadə vətəndaşlardan gələn təkliflərə, vətəndaş cəmiyyəti institutlarında formalaşan təşəbbüslərə, o cümlədən kütləvi informasiya vasitələrində qaldırılan problemlərə çevik reaksiya verib, onların həllinə yardımçı olub. Elə bu səbəbdən də Xədicə İsmayıl prezidentin hesabat xarakterli çıxışlarının kütləvi informasiya vasitələrində yayılmasını “propoqonda” hesab edəndə “çoxbilmişliyindən tələyə düşmüş” olur. Çünki istər ierarxik, istərsə də idarəçilik prizmasından baxsaq, həmin çıxışlar məhz “hesabat xarakterli” olduğu üçün onun yayımlanması hesabatlılğın şərtlərindən biridir və bu üzdən “təbliğat” sayıla bilməz.

Digər tərəfdən, prezidentin hesabat verəcəyi ən mühüm, ən başlıca sosial vahid Azərbaycan xalqıdır. İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin dəstəyi ilə dövlət başçısı postuna seçilmiş lider olaraq ilk növbədə hesabatlılığın “siyasi” kateqoriyasına daxildir. Məhz bu səbəbdən də onun dövlət başçısı kimi verdiyi hesabatlara ən böyük hesab soran sosial struktur olan xalqın reaksiyası səsvermədə üzə çıxır. 2003-cü ildən bəri Azərbaycanda keçirilən seçkilərin nəticəsi isə hər kəsə məlumdur: xalqın İlham Əliyevə etimadı tamdır və nə Xədicələri, nə də onun dəstəklədiyi namizədləri hesaba alır!

Taleh ŞAHSUVARLI,

AzNews. az xəbər portalının Baş redaktoru