Hazırkı iqtidarın dövründə Azərbaycan vətəndaşları bir milyon şəxsi minik maşını alıb Hazırkı iqtidarın dövründə Azərbaycan vətəndaşları bir milyon şəxsi minik maşını alıb

Bu hakimiyyət Əli Kərimliyə də iki açar verib!

Hazırkı iqtidarın dövründə Azərbaycan vətəndaşları bir milyon şəxsi minik maşını alıb

Bu günlərdə Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” başlığı ilə yetərincə əhatəli bir məqalə çıxış etdi.

Əli Həsənovun təcrübəli bir dövlət adamı və siyasi texnoloq səriştəsi ilə AXCP sədri Əli Kərimlini, Anadolu türkləri demiş, “muhattap” alması, zənnimcə, həm də ictimai-siyasi müzakirə mühitinə xaricdəki söyüş çətəsinin sirayətini əngəlləmək niyyəti güdürdü. Elə bu səbəbdən də Əli Kərimlidən ilk növbədə siyasi müzakirə mühitinin genişlənməsinə xidmət edən ruhda cavab açıqlaması gözləməyə meyilli idim, ancaq çox təssüflər olsun ki, emosional sarsıntı və qıcıqlanma səviyyəsi mühakimə və mükamilənin təmkin çərçivəsini aşdı.

Odur ki, Əli Həsənovun məqaləsində səslənən tezislərə və Əli Kərimlinin cavab müsahibəsinə hələ toxunmadan iki məsələyə xüsusi diqqət cəlb etmək istəyirəm.

Birincisi, Əli Kərimli ictimai kommunikasiya baxımından hələ 19 yanvar mitinqində ciddi bir səhv buraxmış, tribunadan kütlənin sayını dəfələrlə şişirdilmiş şəkildə elan etmişdi. “Məhsul” stadionu qıraq-bucağı ilə birlikdə maksimum 5 min kvadratmetrdir, bu ölçüdə bir sahəyə isə nəinki 20, hətta 10 min adamın sığması riyaziyyata, cəbrə, həndəsəyə ziddir. Məhz bunu nəzərə alaraq Əli Kərimli daha real bir rəqəm, məsələn 5 min söyləsəydi və diqqəti narazı elektoratın kəmiyyətinə deyil, problemlərə yönəltsəydi, problemlərin həlli yolları baxımından bir neçə tutarlı təklif səsləndirsəydi, daha optimal mövqe sərgiləmiş olardı. Çünki Əli Kərimlinin AXCP-nin bütöv və güclü vaxtlarında partiya daxilində irəli çıxması onun məhz praqmatik xətt tutmasına bağlı olub.

İkinci deyəcəyim bir qədər ixtisasımla bağlıdır. Əli Kərimlinin, yaxud başqa bir siyasətçisinin, siyasi təhlilçinin öz mövqeyinə haqq qazandırmaq üçün internet sorğularına istinad etməsi bəribaşdan öz qapısını açıq buraxması deməkdir. 7 min adamdan ibarət bir qrupla cəmiyyətin ümumi mövqeyini üzə çıxarmaq, siyasi rəğbət və antipatiyaları çeşidləmək, ən əsası, elektoral davranışları proqnozlaşdırmaq üçün hədəf qrup xüsusi metodologiya ilə seçilməli, sualların strukturlaşdırılması zamanı bir sıra fəndlərdən istifadə edilməli, təhlil və proqnozlaşdırma zamanı demoqrafik göstəricilər nəzərə alınmalı, müqayisə edilməlidir. Ana müxalifət lideri statusuna iddia edən bir siyasətçinin elmi əsaslardan xali, bir növ əyləncə xarakteri daşıyan, hətta Ermənistan kəşfiyyatının trollarının da üzünə açıq olan interaktiv sorğulara istinad etməsi yanlışdır, yanlışdır və bir də yanlışdır!

İndi gələk Əli Həsənovun Əli Kərimliyə ünvananlanan ittiham və suallarına və baxaq görək, müxalifətin hakimiyyət qarşısında qaldırdığı məsələlərə ətraflı və tutarlı bir cavab verildiyi halda, hakimiyyətin siyasi-ideoloji həmləsi qarşısında “Məhsul” stadionundakı tribunadan düşərgədaxili birinciliyini elan etmiş AXCP sədri hansı intellektual hazırlıq nümayiş etdirdi?

Bunun üçün ilk növbədə prezidentin köməkçisi tərəfindən müxalif siyasətçinin qarşısına qoyulan faktların hamısını da olmasa, bir qismini çeşidləyək və ümumiləşdirək.

1. Əli Həsənov ilk növbədə Əli Kərimlinin mərhum Əbülfəz Elçibəyə xəyanət etdiyini, sabiq prezidentin vəfatı ərəfəsində AXCP-nin parçalanmasındakı mənəvi-siyasi rolunun və payının partiyadakı qalan hər kəsdən çox olmasını xatırlatmışdı. Bu, bütün Azərbaycan cəmiyyətinin ümumi fikri olmaqla, Əli Kərimlinin ən zəif nöqtəsidir və istənilən siyasi rəqabətdə ona ünvanlanacaq əsas ittihamlardan biridir.

2. Bu ittihamlar yalnız o zaman təsirsiz və səmərəsiz ola bilərdi ki, Əli Kərimli Əbülfəz Elçibəyin vəfatından keçən 20 ilə yaxın vaxt ərzində əvvəlkindən daha güclü təşkilat qura, daha güclü ideoloji iş apara, daha güclü nailiyyətlər əldə edəydi. Əli Kərimli bütün bunları bacarmayıb. Bacarmaması bir yana, üstəlik, indi harada olduğu bilinməyən Gənclər Təşkilatının sabiq sədri Əbülfəz Qurbanlının cəlb etdiyi, heç bir intellekt göstəricisinə və uğur hekayəsinə malik olmayan marginal cavanların aqressiyasını körükləməklə vətəndaş cəmiyyətinin bütün tanınmış simalarına savaş elan edib. Məhz həmin aqressiyanın nəticəsidir ki, narazı elektoratın bir qismi hazırda Əli Kərimlinin deyil, İlqar Məmmədovun ətrafında cəmlənməyə meyil edir.

3. Əli Kərimli Azərbaycan cəmiyyətinin ən müxtəlif seqmentlərindən ictimai dəstək qazana bilmir, bu, gerçəklikdir. Keçmiş hakimiyyət nümayəndələrinin Əli Kərimlini lider kimi qəbul etməməsi də faktdır, onun hazırkı hakmiyyətin elektoral bazasının qeyri-sabit kəsimi üçün (hər bir ciddi siyasi qüvvənin dayanıqlı elektoral bazası olduğu kimi, müxtəlif şərtlərdən asılı olaraq ona yaxınlaşan və ya uzaqlaşan sosial qruplar da olur) cazibə yaratmadığı da. Ancaq həm Əli Kərimlinin, həm də qalan müxalifət partiyalarının liderlərinin ən ciddi problemi odur ki, onlar Azərbaycan cəmiyyətinin sosial-iqtisadi differensasiyası ilə ayaqlaşa bilmirlər.

4. Əli Həsənov hakim qüvvənin təmsilçisi olaraq “bizim iqtidarımız zamanı Azərbaycan ailələri iki açar- ev və avtomobil açarlarına sahib olublar” dedi. Əli Kərimli isə bu gerçəkliyi qəbul etmək, hakimiyyət uğrunda mübarizəsini azacıq yuxarıda da qeyd etdiyim kimi, cəmiyyətdəki sosial-iqtisadi dəyişimlərin parametrlərinə uyğun qurmaq əvəzinə, məsələyə “əşi, bunlar nə danışır, camaat acından ölür” hikkəsi ilə yanaşdı. Bu yanaşma da səhvdir və nə yaxın, nə də uzaq vədədə Əli Kərimliyə heç bir dividend gətirməyəcək.

Niyə?

a) Beynəlxalq hesabatlarda da əks olunan rəqəmlərə görə, Azərbaycan əhalisinin proteinlə zəngin ət və balıq məhsulları istehlakı nəinki aclıq səviyyəsində, hətta sağlam həyat üçün zəruri həddədir. Ola bilər bəzi ailələrdə ağ ət qırmızı ətdən daha çox istehlak olunur və ya əksinə, amma bölgədə ən çox ət yeyən cəmiyyətik. Bütün inkişaf etməkdə olan cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da yoxsulluq var, ancaq bu, minimum həddədir və tam aradan qaldırılmaq ərəfəsindədir.

b) Doğrusu, mənzil fondu ilə bağlı rəqəmləri araşdırmağa vaxtım olmadı, ancaq görünən dağa bələdçi lazım deyil: Azərbaycanın hər yerində bu yaxınlara qədər tikinti bumu yaşanırdı. Nəticədə həm paytaxtda, həm də bölgələrdə yaşayış massivləri genişlənib, hətta yeni ərazilərdə böyük miqyasda məskunlaşma gedib. İndi isə sizə bir rəqəm deyəcəm, ümumi statistika fonunda üzərində çox diqqət cəlb edilməmiş faktdır. 1993-cü ildə Azərbaycanda 252 min 800 minik maşını olub. Təxmin etmək çətin deyil ki, həmin avtomobillərin çoxu sovet istehsalı idi və artıq sıradan çıxıb, “ölüxana”lardadır. 2016-ci ilin statistikasına görə isə, Azərbaycanda 1 milyon 82 min 597 şəxsi avtomobil olub. Böyük əksəriyyəti Avropa, Yaponiya, Koreya istehsalı olan maşınların ümumi sayında sıradan çıxmış sovet avtomobillərinin yenilənməsi kəmiyyətinin də əks olunduğunu nəzərə alsaq, bu, o deməkdir ki, hazırkı iqtidar dövründə ölkədə ortalama bir milyon şəxs avtomobil sahibi olub. Bu maşınların alınmasına sərf edilən on milyardlarla pulun dəqiq məbləğini peşəkar iqtisadçılar hesablasa, daha yaxşı olar. Ancaq heç bir halda bu bir milyon maşını hakimiyyətin yüksək eşelonunda vəzifə tutan şəxslər sürdüyünü iddia etmək mümkün deyil.

Sonda Əli Kərimlinin qarşısına qoyulan daha iki fakta da xüsusi diqqət çəkmək istəyirəm.

Milli Şura Rusiyadakı müəyyən qüvvələrin layihəsi idi, Əli Kərimlinin bu layihəni hələ də davam etdirməsi, yumşaq desək, başadüşülən deyil. Hətta fəxri sədrinin də son ziyafəti ilə imtina etdiyi Milli Şuradan beşəlli yapışması Əli Kərimliyə Gültəkin Hacıbəylini və Cəmil Həsənlini öz orbitində saxlamaq üçündürsə, onların hər ikisi fəaliyyətini AXCP-də də davam etdirə bilər. Milli Şura Azərbaycana, o cümlədən Azərbaycan müxalifətinə bu günə qədər heç bir fayda verməyib, bundan sonra da verəsi deyil.

Nəhayət, nəyə görə Əli Kərimlinin və AXCP-nin Azərbaycana “Suriya təcrübəsini” gətirmək istəyində olduğu söylənir və bu arqument bütün ciddi müşahidəçilər tərəfindən bölüşülür?

Məsələ, hərdən Sevinc Osmanqızının timsalında Əli Kərimlinin təbliğatçılarının duyğulanaraq iqtidarı “ərəb baharı” ilə qorxutmasında deyil. Hər şeydən öncə, Azərbaycan mandater dövlət olmadığı üçün belə bir ehtimala ölkəmizdə zəmin yoxdur. Ancaq artıq uzun illərdir ki, Əli Kərimli dini siyasətə alət edir, fanatik kəsimləri siyasi sistemdə leqallaşdırmağa çalışır. Dini fanatizmdən bəhrələnən siyasi mübarizənin son dayanacağı isə Suriyanın timsalında hər kəsin gözü önündədir.

P.S: Qənimət Zahidə xatırlatma: Bu hakimiyyətdən iki açar alanların biri də elə Əli Kərimli olub!