Əli Kərimlinin yeni iddiaları və "Xankəndi" restoranındakı köhnə anlaşmaları… Əli Kərimlinin yeni iddiaları və "Xankəndi" restoranındakı köhnə anlaşmaları…

Hakimiyyətlə ilk dəfə anlaşan hansı müxalifət lideri olub - təkzib edilməyən iddialardakı gerçək…

Əli Kərimlinin yeni iddiaları və "Xankəndi" restoranındakı köhnə anlaşmaları…

Əli Kərimli və cəbhəçilər AXCP istisna olmaqla, digər müxalifət partiyalarını az qala satqınlıqda suçlayır, onların rəhbərlərinin guya gizlində hakimiyyətə işlədiyini iddia edirlər.

Özlərini “ana müxalifət”, başqalarını “cib müxalifəti” adlandırırlar.

Bəs, əslində vəziyyət necədir?

Müstəqillik dövründəki siyasi proseslərə az-çox bələd olan şəxslər yaxşı xatırlayırlar ki, Azərbaycan müxalifəti tarixində iqtidarla gizli sövdələşmə ənənəsinin əsasını məhz Əli Kərimli qoyub. Məhz onun anlaşmalarının nəticəsi idi ki, 1995-ci və 2000-ci illərdə keçirilən parlament seçkiləri zamanı həm özü, həm də yaxın ətrafındakı bir neçə cəbhəçi üçün deputat mandatı əldə edə bilmişdi.

Prezident İlham Əliyev 2016-cı il yanvarın 29-da gənclərlə görüşündə məhz Əli Kərimlini nəzərdə tutaraq demişdi: "Birincisi, əgər, o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər. Dövlət katibi komsomolçu idi - sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi... Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz”.

İlk dəfə ən yüksək səviyyədə ifşa edildiyini görən Əli Kərimli həmin günlərdə çox çətin vəziyyətə düşmüşdü. Əvvəlcə o, dövlət başçısının dediklərini inkar etmək üçün uzun-uzadı bir müsahibə verdi.

Amma açıqlama uğursuz alındı, inandırıcı görünmədi. Bundan sonra flyugerə növbəti zərbə Siyavuş Novruzovdan gəldi. YAP İcra katibinin müavini həmin il fevralın 4-də mətbuata verdiyi müsahibədə onun iç üzünü açdı.

S.Novruzovun həmin müsahibəsindən bəzi hissələri olduğu kimi buradan təqdim edirik: “Elçibəyin ağır xəstəliyindən əvvəlcədən məlumatlı olan Əli Kərimli onun Bakıda olmamasından istifadə edərək, hakimiyyətlə separat danışıqlara getdi... Məhz onun iqtidarla öz müttəfiqlərindən xəbərsiz apardığı danışıqlar nəticəsində partiyası Milli Məclisdə 4 proporsional və bir majoritar yer əldə etdi. Hətta onun partiyasının proporsional seçkidə iştirak etməsini təmin edən 50 min seçici imzasının toplanmasında da hakimiyyət tərəfindən geniş və hərtərəfli dəstək gördü".

S.Novruzov adıçəkilən müsahibəsində qeyd etmişdi ki, həmin dövrdə Əli Kərimli dəfələrlə Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmi şəxsləri ilə xaricdə görüşmək arzusunda olduğunu bizlərə bəyan edib: "Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı "Xankəndi" restoranı idi. Əli Kərimlinin bu əməllərinin şahidləri də var. Bu gün o insanların bir hissəsi Milli Məclisdə təmsil olunur. Cəmil Həsənli, o dövrdə AXCP-nin funksionerləri və hazırda deputat olanlardan da bəziləri bilavasitə bu danışıqlarda iştirak ediblər”.

S.Novruzovun dediklərini Əli Kərimli indiyədək təkzib edə bilməyib, susmaqla kifayətlənib. Bunun da səbəbi aydındır: AXCP sədri qorxur ki, həmin mövzuya qayıtsa, YAP təmsilçisi ortaya yeni faktlar qoya bilər, bununla da “baş cəbhəçi”nin ifşa olunması prosesi tamamilə yekunlaşar.

İndi özünüz deyin: keçmişi ləkəli olan birisinin başqalarını suçlamağa haqqı varmı? Görünür, aşağıdakı atalar sözü məhz belələri üçün deyilibmiş: “Kor kora “kor” deməsə, bağrı çatlar”.(musavat.com)

AzNews.az