Anlaşılan odur ki, Aslan İsmayılov debat təklifini qəbul etmir Anlaşılan odur ki, Aslan İsmayılov debat təklifini qəbul etmir

Meydandan qaçma, Aslan İsmayılov! - Azər Həsrət yazır

Anlaşılan odur ki, Aslan İsmayılov debat təklifini qəbul etmir

Həmkarımız – AzNews.az saytının baş redaktoru Taleh Şahsuvarlı yetənə yetib yetmədiyinə daş atmağa öyrəşmiş Aslan İsmayılovu canlı debata dəvət edib. Bunu açıq çağırışla, sosial media üzərindən gerçəkləşdirib. Məsələ diqqət cəlb etdiyi üçün media ona geniş yer verib. Biz də bir paylaşım edərək bu çağırışın ictimailəşməsində maraqlı olduğumuzu göstərmişik.

Həqiqətən də maraqlıdır. Çünki Aslan İsmayılov adlı şəxs Taleh Şahsuvarlı da daxil olmaqla istər media təmsilçiləri, istərsə də dövlət və qeyri-dövlət nümayəndələrindən ibarət bir neçə şəxsi daim diqqətdə saxlayır, barələrində yalanlar uydurub gözdən salmağa çalışır. O şəxslərin arasında mən də olduğum üçün onun Taleh bəylə debata çıxmasını özümüz üçün bir fürsət bilirəm. Çünki Aslan İsmayılovun sosial media hesablarında fikrimizi bildirməyimizə imkan yaratmır. Özünə sərf etməyən rəylərimizi silir, bir az da irəli gedənləri əngəlləyir. Canlı debat olarsa, artıq burada onun kimisə əngəlləməsi imkansızdır. Çünki yazılan rəylərə nəzarəti debatın təşkilatçısı gerçəkləşdirəcək. Belə olan halda biz də ona demək istədiklərimizi şəxsinə ünvanlamaq üçün fürsət qazanmış olacağıq.

Lakin anlaşılan odur ki, Aslan İsmayılov debat təklifini qəbul etmir. Nəinki qəbul etmir, hələ bir top-tüfənglə qarşılayır, Taleh Şahsuvarlıyla eyni ölkədə yaşamasına görə peşmanlığını ifadə edir…

Açığı, biz düşünürdük ki, Aslan İsmayılov iddia etdiyi qədər cəsarətlidir və istənilən şəxslə, hətta tez-tez haqqında böhtan yağdırdığı dövlət rəsmilərilə belə üz-üzə gələ bilər. Ancaq belə görünür ki, bu adam bir baş redaktorun qarşısına çıxacaq qədər ürəkli deyilmiş. Bizdən fərqli olaraq…

…Bu yaxınlarda məlum “rusdilli” məsələsilə bağlı mənim bir paylaşımım ətrafında yaranmış ajiotajı yəqin ki, diqqətli oxucularım xatırlar. (Elə Aslan İsmayılov da ona “diqqətlə” yanaşmışdı.) O statusu yazdıqdan az bir müddət sonra həmkarım Rəhman Hacı mövqeyimə etiraz etmiş və məni İTV-nin canlı efirində debata çağırmışdı. Heç düşünmədən qəbul etmişdim bu çağırışı. Debat da baş tutmuşdu, özü də İTV-nin ən çox səs gətirən verilişlərindən birinə çevrilmişdi. Biz qarşılıqlı şəkildə fikirlərimizi paylaşmış, etirazımızı da, təqdirimizi də ədəb çərçivəsində ifadə etmişdik. Hətta bir yanlışım varsa, buna görə üzr də istəmişdim mən. Yəni bizə görə insan özünə güvənirsə, sözünü deyəcək qədər ürəklidirsə, debat çağırışını qulaqardına vurmamalıdır.

Aslan İsmayılovsa vurur. Demək ki, adam özünə güvənmir. Demək ki, özünün bizim kimi insanlar haqqında xəlvətdə sağa-sola tirajladıqlarının faş olacağından qorxur. Demək ki, bu adam “dərə xəlvət, tülkü bəy” deyib mənəmlik etsə də cəmiyyət içində söz deyəcək qədər cəsarətli deyilmiş…

Yeri gəlmişkən, Taleh bəy özünün çağırışında açıq şəkildə qeyd edib ki, debat baş tutarsa Aslan İsmayılova münasibətdə ədəb və əxlaq normalarının dışına çıxmayacaq. Zatən belədir də. Biz Taleh Şahsuvarlını uzun illərdir tanıyırıq, intellektinə bələdik. Onun ağıl və zəka hesabına aparılacaq debatda artıq hərəkətə yol verməsinə də gərək yoxdur. Çünki adətən içi boş adamlar hay-küy salar, söz yerinə nifrət qusarlar…

İndi bu Aslan İsmayılov öz sözünü desin. Taleh bəy onu tin söhbətinə çağırmır ki, Aslan imtina etsin. Baş redaktor adam kimi, ədəb çərçivəsində debat təklif edir. Buyursun Aslan, Taleh bəyi açıq debat müstəvisində öz intellekti ilə yensin. Yenərsə, biz də ona əhsən deyəcəyik! Gözləyirik!

Yazı bu linkdən götürülüb: http://www.azerhasret.com/?p=5776&fbclid=IwAR0TkG24jpf-4emUFMfFzJsf9_FMyU19Qg-8Y2J_qOvN0dPUxbDxuWYFIO0

17 may 2019, Dədəli