Keçmiş səfirin Fuad Abbasovun həbsinə reaksiyasının səbəbləri Keçmiş səfirin Fuad Abbasovun həbsinə reaksiyasının səbəbləri

Popuqayın lətifəsi Arif Məmmədovdan niyə uzaq olmasın?

Keçmiş səfirin Fuad Abbasovun həbsinə reaksiyasının səbəbləri

Mənim Rusiyada xüsusi xidmət orqanları tərəfindən saxlanılan soydaşımız Fuad Abbasovla şəxsi tanışlığım yoxdur.

Doğrusu, bir jurnalist olaraq onun haqqında elə də yüksək fikirdə deyiləm, fəaliyyətinə xeyli dərəcədə skeptik yanaşıram.

Onun Rusiyada kimin qəzəbinə, nədən gəlməsini də bilmirəm, sözün açığı, bu barədə məlumatlı olmağı da artıq hesab edirəm. Ancaq hər kəsin bildiyi, gördüyü və haqlı olaraq qıcıqlandığı, etirazla qarşıladığı bir fakt var.

Bir Azərbaycan övladı, bir vətən oğlu Moskvada qandallanıb, başı dizinin arasına soxularaq videosu çəkilib və həmin görüntülər yayılıb.

Bəli, məqsəd Azərbaycana, Azərbaycan cəmiyyətinə mesaj vermək, ictimai rəyi qıcıqlandırmaq, ölkəmizin Avropa İttifaqı ilə bağlamağa hazırlaşdığı sazişdən diqqəti yayındırmaq, bu prosesin gedişində xalqımıza qarşı təhqiramiz mövqe sərgiləməkdir.

Damarında azərbaycanlı qanı axan, ürəyi Azərbaycan üçün döyünən bir insan nə edər həmin fakt qarşısında?

Özünü Azərbaycandan, vətəndən, millətdən sayan bir ziyalı siyasi motiv, hüquqi bəhanə və ya səbəb nə olursa-olsun, 21-ci əsrdə Fuad Abbasovun saxlandığı vəziyyətə, məruz qaldığı mənəvi və fiziki şiddətə etiraz etməzmi?

Əlbəttə, başqa cür məsələyə başqa cür yanaşmaq olmaz!

Ancaq, yanaşanlar var!

Bir neçə il öncə səfirlikdən mühacirliyə, diplomatiyadan siyasətə tullanmış, dünən isə elan etdiyi, ancaq sıralarına iki cüt, bir tək adam cəlb edə bilmədiyi AND hərəkatının sədrliyindən istefa verdiyini söyləyən Arif Məmmədovdan gedir söhbət.

Bir dəfə də yazmışdım, üç-dörd ildir izləyirəm bu adamı.

İlk gündən haqqında gəldiyim qənaət bu olub ki, vaxtilə Azərbaycanın xarici siyasət idarəsinə xüsusi xidmət üçün yerləşdirilmiş şəxsdir və ipi də bir mərkəzin, bir dövlətin əlində deyil.

Təsəvvür edin, bu adam “Wikipedia”da özünü “Azərbaycan Respublikasının dövlət xadimi” kimi təqdim edir, lakin bu təntənəli təqdimat ancaq və ancaq onun abırsız, həyasız adam olduğunu ortaya qoyur.

Axı “dövlət xadimi” o kəslərə deyirlər ki, dövlətin qurulması, qorunması, möhkəmlənməsi və inkişafı prosesində yuxarı ranqda mövqe tutsun və üstün xidmətlər sərgiləsin. O isə bir zamanlar başçılıq etdiyi diplomatik missiyalarda Azərbaycanın büdcəsinə əl uzatmış, dövlət sirrini satmış, sonra da qanun qarşısında cavab verməkdən yayınmaq üçün “siyasi sığınacaq” almış biridir.

Məsələ çox bəsitdir, dövlət maraqlarını satmayan biri dövlətindən və dövlətinin qanunlarından qorxmaz. Arif Məmmədov isə qorxur, çünki Azərbaycandan başqa hər yerə, hər kəsə çalışır, maşalıq edir.

Onu da qeyd etmişdim ki, bu cür “qaz buraxan kukla”lar isə döşlərinə nə qədər ağ qərənfil taxsalar, xeyri yoxdur, nə bahalı restoranlarda şam yeməyi, nə ünlü klubların hovuzunda üzmək, nə də sadə xalqa üstdən aşağı baxmaq şakəri onlara intellektual dərinlik qazandırmır.

Üz-üzə oturanda klassik musiqidən, rəssamlıqdan, ədəbiyyatdan, elmdən və fəlsəfədən 5-10 dəqiqə davamlı danışmağa potensialları çatmır. Qoyasan, yekə-yekə danışalar və özlərini tərifləyərlər, əllərindən başqa bir iş gəlmir.

İcazənizlə, bu məqamda sizə bir lətifə danışım.

Mənzili birinci mərtəbədə yerləşən bir nəfər evində popuqay saxlayır, quşun qəfəsi də pəncərənin qabağında yerləşir. Yay imiş, pəncərə açıqmış, binanın qabağından bir nəfər keçirmiş. Popuqay ona “şərəfsiz” deyir. Adam gəlib qapını döyür, evin və quşun sahibinə hədə-qorxu gəlir ki, popuqayın məni təhqir edib, ya 10 manat ver, ya da gedirəm polisə şikayət edəm. Ev sahibi özünü cəncəldən uzaq tutmaq üçün 10 manat uzadır, həmin adam çıxıb gedir. Ancaq ertəsi gün yenə yolunu həmin yerdən salır, popuqay ona yenə “şərəfsiz” deyir, adam yenə gəlib qapını döyür, ev sahibindən həmin qaydada 10 manat alıb gedir. Növbəti gün məlum hadisə təkrar baş verir və ondan sonra sahibi popuqayı bərk danlayır ki, bax, o adam dadanıb, yenə pul qopartmaq üçün gələcək, amma nə badə ona “şərəfsiz” deyəsən. Elə də olur! Adam gəlir, evin qabağından o yana- bu yana keçir, amma popuqay səsini çıxarmır. Və adam evə doğru səslənir: “Popuqay, popuqay, tanımadın, şərəfsizəm də!..”

Arif Məmmədovun Fuad Abbasov olayına yanaşması saldı bu gülməcəni yadıma, lətifəsi keçmiş diplomatdan qətiyyən uzaq olmasın.

Arif Məmmədov bütün vəchlə sübut etməyə çalışır ki, o, Rusiya kəşfiyyatının cıqqılı agentlərindən biridir!

Taleh Şahsuvarlı