Şərq məsələsi, fərq məsələsi- Taleh Şahsuvarlı yazır

Akademik Ramiz Mehdiyevin məqaləsinin yaratdığı təəssüratlar əsasında

Sosial şəbəkələr informasiya və fikir paylaşımında operativlik və kontingent baxımından cəmiyyətlərə müsbət imkanlar bəxş etsə də, iki məsələdə ictimai rəy üçün xüsusi problem yaradır.

Birincisi, qəlp, əsassız məlumatlar müxtəlif məqsədlərə xidmət edən, xüsusən də bəlli bir ölkədə marağı olan xarici dövlətlərin kəşfiyyat orqanları tərəfindən idarə olunan hesablar vasitəsi ilə qısa zamanda əhaliyə çatdırılır. Həmin xəbər rəsmi şəkildə təkzib olunana və həqiqət üzə çıxana qədər xeyli insanın rəyinə təsir edir, bəzən gerçəklər öz yerini tapsa da, həmin yalanlara inanmış bir çox adamlar tora düşdüklərini qəbul etmək istəmirlər.

İkincisi, sosial şəbəkədə trend olan mövzular saxta ekspertlərin meydan sulamasına geniş rəvac verir. Eyni adam sosial şəbəkədəki trenddən asılı olaraq, dünən “ən yaxşı iqtisadçı” kimi çıxış edirdisə, bu gün “ən dərin biliklərə malik fizik” kimi özünü göstərir, ertəsi gün isə gündəmdən asılı olaraq eyni şövqlə teoloq, diplomat, konfliktoloq və digər sahələr üzrə ixstisaslaşmış ictimai fiqur qismində özünü təqdim edir.

Bax, belə bir ortamda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” adlı konseptual məqalə ilə çıxış etməsi olduqca yerinə düşdü. İlk növbədə ona görə ki, 30 ildən çox bir müddətdə Azərbaycanda istər sadə vətəndaşların, istər siyasətçilərin və siyasi şərhçilərin, istərsə də hökumətlərin gündəmində əsas mövzusu olan Qarabağ məsələsinə mövcud iqtidarın elmi-intellektual yanaşmasını sistemli şəkildə ortaya qoyan məqalə çeşidli spekulyasiyalara tutarlı cavab olmaqla yanaşı, həm də konflikt müstəvisində dövlətimizin göstərdiyi və göstərəcəyi fəaliyyətin əsas priotetlərinin məcmusu səciyyəsi daşıyır.

Diqqət etdinizsə, yuxarıdakı cümlənin sonunda hökumətin deyil, dövlətin prioritetlərindən bəhs etdim. O sadə səbəbə görə ki, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dövlət təşkilatının qurulması və zaman-zaman təkmilləşdirilməsi, sosial-iqtisadi dinamikasına, siyasi və diplomatik təsir imkanlarının genişlənməsi tempinə, o cümlədən hərbi potensialına görə dünya dövlətləri arasında öz nüfuz və mötəbərliyini məqsədyönlü şəkildə, sürətlə artırması, birmənalı olaraq Heydər və İlham Əliyevlərin başçılıq etdiyi iqtidarın xidmətləridir. Bu baxımdan uzun illər öncə- SSRİ-nin dağılma prosesinin tərkib hissəsi kimi düşünülmüş və qeyri-ixtiyari cəlb olunduğumuz qanlı münaqişə ilə bağlı hazırkı hakimiyyətin öz məsuliyyətini dövlətin vəzifələri ilə eyniləşdirməsi, problemə propoqanda xatirinə yox, milli və strateji maraqlar prizmasından baxması təqdirə tam layiqdir.

Əgər xatırlayırsınızsa, Ermənistanın sabiq prezidenti Levon Ter- Petrosyan 2016-cı ilin dekabrında başçılıq etdiyi partiyanın- Ermənistan Milli Konqresinin qurultayında, bir çox müşahidəçilərin, o cümlədən bu sətirlərin müəllifinin də fikrincə, olduqca yaddaqalan bir çıxış etmişdi. Həmin çıxışın əsas məqamları “getdikcə zəifləyən Ermənistanın getdikcə güclənən Azərbaycan qarşısında davam gətirməyəcəyinə” bəzən açıq, bəzən dolayı yolla, heç şübhəsiz, daxili auditoriya və seçkiqabağı siyasi konyuktura da nəzərə alınaraq verilən mesajları əhatə edirdi. Buna rəğmən, bir erməni siyasətçisi olaraq Ter-Petrosyan sözügedən çıxışında status-kvonun saxlanılmasının, bununla Azərbaycanı Qarabağsız yaşamağa alışdırılmasının və nəsillərin əvəzlənməsinin Ermənistanın işinə yara biləcəyinə də eyham vururdu.

Həmin dövrdə Azərbaycan prezidenti İlham Əliyev, o cümlədən hakim komandanın aparıcı üzvləri haqlı olaraq Ter-Petrosyanın seçki kampaniyasının effektivliyinə hər hansı şəkildə təsir edəcək açıqlamalar vermədilər. Çünki hələ 2016-cı ilin aprelində gerçəkləşən Lələtəpə döyüşlərində Azərbaycan ordusu bütün erməni siyasətçilərinin “status-kvo”ya bəslədikləri ümidləri sarsıtmışdı. Hakim “Yeni Azərbaycan” Partiyasının 2018-ci ilin əvvəllərində keçirilən VI qurultayında isə, prezident İlham Əliyev gerçəkdən möhtəşəm bir çıxış edərək, paralel aparsaq, “Misak-i Milli” məfkurəsi sərgilədi. Həm Lələtəpə döyüşləri, həm də prezidentin qurultaydakı çıxışda altını çizərək verdiyi mesajlar bir daha isbat etdi ki, Qarabağ məsələsinə Azərbaycan xalqı, dövləti və hakimiyyəti, sosial-psixoloqların “alışılmış çarəsizlik sindromu” adlandırdığı komplekslərlə yanaşmır, Ermənistanın bütün addımlarını izləyir, daxili və xarici resurslarını diqqətlə incələyir və zəiflədir, həmçinin Azərbaycan cəmiyyətinin güclənən potensialı ərazi bütövlüyümüzün bərpası üçün ən önəmli faktora çevrilir.

Bu gün ermənilərin kilsə və terror ənənələrinə söykənən vahid təşkilat modeli,- hansı ki, öz siyasətçiləri, o cümlədən Levon Ter-Petrosyan buna “ordu- xalq” konsepsiyası deyirdi- dövlətimiz qarşısında tab gətirmir. Ermənistanın bir dövlət olaraq varlığı və müstəqilliyi üçün İlham Əliyevdən təminat almaq ehtiyacı hər keçən gün daha da dərinləşir. Bu təminatın isə, ancaq və ancaq Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası müqabilində veriləcəyi şübhəsizdir. Məsələyə bu rakursdan baxdıqda açıq-aydın görünür ki, Qarabağ probleminin Ermənistan cəmiyyətini birləşdirdiyi dövrlər arxada qalmaq üzrədir. Əksinə, nə qədər qəribə səslənsə də, “Qarabağın işğal etdiyi” Ermənistanda parçalanma və qarşıdurma tendensiyaları güclənir, ayrı-ayrı siyasi qüvvələr “ya elə, ya belə”, hər hansı formada məsuliyyəti öz üzərlərinə götürmək istəmir, yaxud götürə bilmirlər. Azərbaycan hakimiyyətinin əsl dövlət zehniyyəti ilə hərəkət edərək - cənab Ramiz Mehdiyevin məqaləsi məhz bu zehniyyətin dəyərləndirilməsi üçün çox əhəmiyyətli qaynaqdır- konflikti yaradan lokal və geopolitik amilləri öz lehinə çevirməsi isə ərazi bütövlüyümüzün bərpası, cəmiyyətimizin yenidən təşkilatlanması və çağdaş dünyaya inteqrasiyası baxımından fürsətləri zənginləşdirir.

Adətən, tez-tez belə sual səsləndirilir ki, madam Azərbaycan demoqrafik, iqtisadi və hərbi cəhətdən Ermənistandan qat-qat, dəfələrlə güclüdür, nədən torpaqlarımızı işğaldan azad etmirik?

Əlbəttə, belə bir sualın səslənməsi, - əgər xəbis niyyətlərə xidmət etmirsə- Azərbaycana məxsus olmasına heç bir beynəlxalq təşkilatın şübhə etmədiyi Dağlıq Qarabağla bağlı vətəndaşlarımızın səmimi həssaslığından qaynaqlanır. Lakin nəzərdən qaçırılması mümkün olmayan bir reallıq da var. Həqiqətən də “erməni məsələsi”nin dünya gündəminə çıxması heç də ötən əsrin sonlarına təsadüf etmir, istər silahlı, istər silahsız şəkildə aparılan geopolitik savaşlar tarixində 300 ilə yaxındır istifadə olunan rıçaqdır, 19-cu yüzilin son rübündən etibarən isə dünyanın, bir az da konretləşdirsək, Şərqin bölüşdürülməsi üçün aparılan danışıqlarda bilavasitə masaya qoyulub. Osmanlı sultanı II Əbdülhəmid (1876-1909) məsələnin məğzini çox dəqiq açıqlamışdı: “Erməni məsələsi ermənilərin məsələsi deyil. Ruslar Bolqarıstandakı niyyətlərinə qovuşandan sonra Osmanlı imperatorluğundan yeni parçalar qoparmaq üçün erməniləri barmaqlarına doladılar. Çox keçmədən bu işə fransızlar və ingilislər də qatıldılar. İlk erməni komitəsinin məhz Parisdə qurulması hər şeyi açıq ortaya çıxarır. Fitnənin başı xaricdə idi”.

Əziz oxucular, buyurun, miqyasa, məsələnin haradan hara gəldiyinə diqqət edin. 18-ci əsrin ikinci yarısından etibarən rus imperiyası Baltik və Qaradəniz, həmin dənizlərin ətrafındakı torpaqlar uğrunda Osmanlı ilə savaşırdı, müharibənin yekunu olaraq 1774-cü ildə türk imperiyasını dünyanın üç böyük gücü arasından çıxaran Kiçik Qaynarca sülhü imzalandı. Sülh sazişinin maddələrindən biri Rusiyanın Osmanlı təbəəsi olan xristianları öz himayəsinə götürməsinə hüquqi zəmin yaradırdı. Təxminən 100 il sonra bağlanmış San Stefano müqaviləsində və onun davamı olan Berlin andlaşmasında (hər ikisi 1878-ci ildə imzalanıb) isə Rusiya Osmanlıdan artıq “Vilayət-i Sitte”/ “Altı vilayət” deyilən bölgədəki- Ərzurum, Van, Harput, Diyarbəkir, Sivas, Bitlis əyalətlərindəki ermənilər üçün “islahatlar” keçirməsini tələb edirdi. Osmanlı hakimiyyəti dövrün gərgin siyasi qarşıdurmalarından, eləcə də həmin ərazilərdə ermənilərin etnik azlıq olması faktından istifadə edərək tələb olunan “islahatlar”ı aparmadı, ancaq əvəzində Rusiya ələ keçirmək istədiyi başqa bir bölgədə- Qafqazda erməniləri komplektləşdirdi. Sözügedən komplektləşdirmə siyasəti son nəticədə Cənubi Qafqazda xanədanlıq ənənəsi olmayan hayların dövlət elan etməsi ilə yekunlaşdı. Elə Ermənistanla aramızdakı münaqişə də Dağlıq Qarabağa köçürülmüş xristianların həmin süni dövlətlə birləşdirilməsi ideyası kimi meydana çıxıb- həm ötən əsrin əvvəllərində, həm də sonlarında!

Tarixə ekskurs etmişkən, bir problemin də üzərində dayanmağa xüsusi ehtiyac var. Hər biriniz yaxşı bilirsiniz ki, 19-cu yüzilin əvvəllərində məşhur fransız sərkərdəsi Napoleon Bonapart Avropanın xəritəsini təzədən çəkmiş, ancaq məğlubiyyətə uğrayınca Qərbin irili-xırdalı bütün hakim sülalələri Vyana Konqresinə toplaşmışdılar. 1814-15-ci illərdə fəaliiyət göstərmiş həmin konqresdə rus imperatoru I Aleksandr (1801-1825) diqqəti Osmanlı hakimiyyəti altında olan xristianlara cəmləmək istəyirdi, lakin ingilislər çarın ərazi iddialarını nəzərə alaraq buna imkan vermədilər. Qarşılığında çarın diplomatları qeyri-rəsmi görüşlərdə məsələni ciddi şəkildə müzakirə etdilər və bu müzakirələr zamanı “Şərq məsələsi” terminini ortaya atdılar. O gündən bəri “Şərq məsələsi” diplomatik leksikonda öz məğzini xeyli genişləndirib, lakin ermənilərlə bağlı yanaşmasını mahiyyətininin əsasısında saxlayıb.

Çox hörmətli akademik Ramiz Mehdiyevin bəhs etdiyim məqaləsini oxuduqdan sonra məndə yaranan təəssüratlar belə bir sual meydana çıxardı: Şərqin məsələsində “şərq məsələsi” aktuallığını nə qədər qoruyur?

Əvvəla, türkləri Anadoludan Orta Asiyaya qaytarmaq, İstanbulu yenidən Konstantinopola, Aya Sofyanı təzədən kilsəyə çevirmək 19 və 20-ci əsrlərdə qərb zehniyyəti ilə haradasa ötüşə bilərdi, amma 21-ci yüzildə macəraçı təriqət üzvlərindən başqa kimsəyə cazib və inandırıcı görsənə bilməz. Qondarma erməni soyqırımı ilə bağlı iddiaların tanınması Türkiyə üçün artıq xeyli dərəcədə təsirsiz hədədir, o üzdən Ankaranın üzərinə həmin kartla getməyin elə bir əhəmiyyəti qalmayıb.

Digər tərəfdən, Qara dəniz uğrunda Rusiya və NATO ölkələri arasında davam edən nüfuz savaşı üçün də ermənilər heç bir tərəf üçün xüsusi maraq doğuran rıçaq deyil. Rusiya üçün Krımı öz nəzarətində saxlamaq, bunun üçün maliyyə xərcləmək daha vacibdir, nəinki “Dağlıq Qarabağ Respublikası”nı Ermənistanın yedəyi kimi özünə yük etmək. Eynilə Qərb Gürcüstan və Ukraynanın yerini öz təsir dairəsində möhkəmləndirməkdə maraqlıdır, dəniz bir qırağa, faktiki olaraq heç quruya da “çıxışı olmayan” Ermənistan isə strateji layihələr üçün offsayt vəziyyətindədir.

Nəhayət, artıq heç kimə sirr deyil ki, yaxın zamanlarda Qafqazdan daha böyük bir ərazinin- İranın aqibəti bəlli olacaq. Amerika Birləşmiş Ştatlarının İrana qarşı tətbiq etdiyi embarqolar rəsmi Tehrana qarşı soyuq savaşın elanı kimi qiymətləndirilir və hərarətin getdikcə yüksəlməsi də nəzərdən qaçmır. İslam Respublikası tərəfindən İrəvana verilən dəstək hər zaman Bakıya qarşı şantaj xarakteri daşıyıb, həmin şantajın motiv və xüsusiyyətlərini açıqlamağa, zənnimizcə, heç bir gərək yoxdur. Lakin ermənilərin Rusiya tərəfindən İrəvan və Qarabağ xanlıqlarının ərazilərində yerləşdirilərək fəallaşdırılmasına, Osmanlıdan qorunmaq üçün “bufer zona” yaradılmasına Qacarlar dövründən etibarən loyal yanaşan, bu loyallıq fonunda hətta öz təbəəsi olan hayların Qafqaza köçürülməsinə səs çıxarmayan İran üçün Ermənistan heç bir mərhələdə başlıca əhəmiyyət kəsb etməyib.

Bütün bu sadalananlar onu göstərir ki, tarixi “Şərq məsələsi”- başqa sözlə, heç də ermənilərin məsələsi olmayan “erməni məsələsi” yeni geopolitik düzənin formalaşması ərəfəsində öz əhəmiyyətini tamamilə itirmək üzrədir. Bunun əvəzində bölgədə mövcud olan, regionumuzda maraq güdən bütün irili-xırdalı dövlətlər FƏRQ MƏSƏLƏSİni nəzərdən keçirməyə məcburdurlar. Bu, Azərbaycanın fərqidir. Azərbaycan bir respublika olaraq bölgədə geopolitik tarazlığın formalaşmasına bilavasitə təsir edən yeni, ciddi, yüksək potensiala malik aktyordur. Azərbaycanın şərq məsələsini fərq məsələsinə çevirməsi ümummilli liderimiz Heydər Əliyevin böyük siyasi təcrübəsi və iradəsi, prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətləri və çevik diplomatik manevr qabiliyyəti sayəsində mümkün olub. Həmçinin Ramiz Mehdiyevin timsalında fundamental biliklərə, soyuqqanlı mühakimə tərzinə, effektiv inzibatçılıq vərdişlərinə malik bir dövlət xadiminin administrasiya rəhbəri kimi fəaliiyəti də bu işə xüsusi töhfələr verib. Bəs, bu fərq necə yaradıldı, olduqca mürəkkəb siyasi coğrafiyada Azərbaycan model dövlətə necə çevrildi?

Gəlin, birlikdə nəzər salaq:

Ötən əsrin sonlarında Azərbaycan yenidən müstəqillik qazandığı illərdə suveren bir dövlət kimi uzun müddət ayaqda qalacağımıza böyük şübhələr vardı. Dövlət müstəqilliyimizi ilk tanımış dövlət olan Türkiyə belə, həmin addımı atmaqda tərəddür edir, mərhum Turqut Özal əhalimizin əksəriyyətinin şiə inancına sahib olması üzündən tezliklə İranın təsir dairəsinə düşəcəyimizdən narahatçılıq keçirirdi. Bir çoxları isə tam əksinə, Azərbaycanın Türkiyənin orbitinə düşəcəyini proqnozlaşdırırdılar. Fəqət Azərbaycan Türkiyə ilə bütün sahələrdə maksimum yaxınlaşmasına rəğmən, Ankara qarşısında dövlət müstəqilliyimizə xələl gətirə biləcək heç bir təhəddüd götürmədi. Zaman Azərbaycanı haqlı çıxardı. 2018-ci ildə İzmirdə açılmış “Star” Neft Emalı Zavodu hazırda Türkiyə iqtisadiyyatına qoyulmuş ən böyük xarici sərmayədir və həmin sərmayə Azərbaycana məxsusdur.

Yadımdadır, bir neçə jurnalist həmkarımla birlikdə İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Möhsin Pak Ayindən müsahibə götürmüş, ondan ölkələrimiz arasındakı ziddiyyətlərin əsas motivini soruşmuşdum. Səfir son dərəcə diplomatik olsa da, əslində, çox sərrast cavab vermişdi: “Azərbaycan Avropa, biz isə Asiya dövlətiyik. Asiya ilə Avropa arasında hərdən ziddiyyətlər olur”. Bəli, Azərbaycan müstəqilliyinin heç bir mərhələsində, hətta ən ağır şərtlərdə belə, İranın arzuladığı yolla getmədi, Asiya yox, sekulyar bir Avropa ölkəsi oldu. Həmçinin özünü İrana qarşı planlaşdırılmış və planlaşdırılan həmlələrdən də kənarda saxladı. Azərbaycan rəsmi Tehrana qarşı işə salınan beynəlxalq təzyiq üsullarının gerçəkləşməsində iştirak etmir, gələcəkdə də ərazilərimizin İrana qarşı poliqona çevirilməsinə imkan vermək niyyətində deyil.

Azərbaycan ABŞ, Böyük Britaniya və Avropa Birliyi ölkələri ilə sıx əməkdaşlıq edir, Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir.

Rəqəmlərə baxaq:

2018-ci ilin yanvar-iyun aylarında ABŞ və Azərbaycan arasında ticarət dövriyyəsi 476,1 milyon dollar təşkil edib. Ötən ilin sonlarındakı statistikaya görə, ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına bütövlükdə 13 milyard dollardan çox investisiya qoyulub, bunun da 1 mlrd. dollardan çoxu qeyri-neft sektoruna yönəldilib.

Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi ötən il 61,1%, bu ilin ilk 3 ayı ərzində isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 89,6 % artıb. Hazırda Azərbaycanda 437 Britaniya şirkəti fəaliyyət göstərir. Bu ölkə tərəfindən Azərbaycan iqtisadiyyatına, təxminən, 28 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb.

Azərbaycan Avropa Birliyi ilə həm ikitərəfli, həm də çoxtərəfli qaydada əməkdaşlıq edir, əməkdaşlığın genişləndirilməsi məqsədi ilə siyasi bərabərlik statusunda yeni sazişin imzalanması gözlənilir. 2018-ci ildə İttifaq ölkələri ilə ticarət dövriyyəsi 13 milyard dolları ötüb. Hazırda AB-nin Azərbaycanın xarici ticarətində payı təxminən 42 faiz təşkil edir. "Avropa İttifaqının işgüzar mühiti haqqında hesabat: Azərbaycan 2018". Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı şirkətlərinin rəyləri" adlı sənəddə siyasi sabitliyin Azərbaycanda işgüzar mühitin 5 ən yaxşı göstəricisindən biri olduğu qeyd edilir. Bundan başqa, "Doing Business 2019" hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib.

Şərqin hazırkı məsələsində Rusiyanın Azərbaycana güvənməsinin də real və obyektiv səbəbləri var.Bu səbəblərdən ən vacibi Azərbaycanın Gürcüstandan fərqli olaraq, Qərbin Rusiyaya qarşı açıq həmlələrinə dəstək verməməsi, öz təhlükəsizlik maraqlarını birqütblü dünya ssenarisindən daha üstün tutaraq Mixail Saakaşvili sayaq Putin hakimiyyətinə qarşı provakativ mövqedən çıxış etməməsidir.. Azərbaycan xarici siyasəti baxımından ən uğurlu modellərdən biri üçtərəfli formatda bölgə ölkələri ilə əməkdaşlığın genişləndirilməsidir. Həmin formatda Azərbaycan Rusiya ilə üçüncü ölkə arasındakı işbirliyinin dayanıqlılığı və davamlılığı baxımından əhəmiyyətli partnyor rolunu oynayır.

Məşhur Prussiya generalı və hərb nəzəriyyəçisi, “Müharibələr haqqında” traktatın müəllifi Karl fon Klauzevitsin sözüdür: “Hər çağın özünə məxsus savaşı, öz çərçivələyici şərtləri, özünəməxsus streotipləri vardır”.

Bəli, 21-ci əsrin savaşları hibriddir, müharibələrin xarakteri kəskin şəkildə dəyişib və 1988-ci ildən başlayaraq ermənilərin xarici maliyyə və hərbi yardımlarla beş il ərzində həm tarixi (İrəvan, Göyçə, Zəngəzur mahallarında), həm də hüquqi (Dağlıq Qarabağ və ətraf rayonlarda) Azərbaycan torpaqlarında etnik təmizləmə əməliyyatı apardığı, ərazi işğal etdikləri dövr də arxada qalıb. Əlbəttə, əgər bir dövlətin ərazisi başqa bir dövlətin silahlı qüvvələri tərəfindən işğal olunubsa, bu, konvensional müharibə şəraiti deməkdir. Belə bir şəraitdə torpaqlarımızı azad etmək üçün “Global Firepower” təşkilatının reytinq cədvəlində 52-ci yerdə qərar tutan Azərbaycan ordusunun lazımi maddi-texniki təchizata, peşəkarlıq və psixoloji hazırlıq baxımından yüksək döyüş qabiliyyətinə malik olması olduqca mühüm amildir.

Lakin ordumuzun Qarabağdakı işğalçılar üzərinə qəti hücumunu əngəlləyən şərtləri, cəmiyyətimizin və beynəlxalq ictimaiyyətin streotiplərini dəyişmək üçün, sadəcə, silahlı qüvvələr kafi deyil. Ermənistanın Azərbaycana qarşı disraptiv hərbi müdaxiləsinin zərərsizləşdirilməsi üçün milli gücü təşkil edən komponentlərdən- iqtisadi, informativ, diplomatik, hərbi- sıx inteqrasiya olunmuş və tam işlək mexanizm halında çeşidli metodlarla istifadə edilməsi labüddür. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” adlı məqaləsindən çıxan ən böyük nəticə də, fikrimcə, elə budur: MİLLİ GÜCÜMÜZ TORPAQLARIMIZI İŞĞALDAN AZAD ETMƏK ÜÇÜN TAMAMİLƏ SƏFƏRBƏR OLUNUB!

Taleh ŞAHSUVARLI

AzNews.az xəbər portalının Baş redaktoru