Qapağın batsın, Mehman Əliyev!

Bəs, Soros fondunun Gəncədə vətəndaş cəmiyyətinin inkişafına ayırdığı on milyonlar kimin cibinə gedib?

Ötən ilin iyulun ayında Gəncədə icra başçısı Elmar Vəliyev güllələndi.

Bu barədə ilk məlumatlar yayılar-yayılmaz sosial şəbəkələr vasitəsi ilə belə bir şayiə dövriyyəyə buraxıldı ki, guya Elmar Vəliyev ona atəş açan şəxsin hamilə bacısını təhqir edib və bunu eşidəndə alnından üzünə qeyrət təri axmış Yunis Səfərov adlı “heç kimin toyuğuna “kiş” deməyən bir mağmın”gedib icra başçısını qanına qəltan edib.

Ancaq qısa zamanda bəlli oldu ki, tətikçinin hamilə bacısı ümumiyyətlə yoxmuş və onun ümumiyyətlə hamilə olmayan bacısı heç Gəncədə yaşamırmış.

Heç şübhəsiz, bu şayiələr sıradan bir sosial media fəalının özünü məlumatlı göstərmək həvəsindən doğulmamışdı, Elmar Vəliyevə atəş açmaq əmrini verənlərin öz tətikçilərini “qəhrəman”a çevirmək üçün əvvəldən düşündükləri texnologiyalardan biri idi.

Gəncədəki terrorun dərhal ardınca Azərbaycan dövlətinə qarşı başladılmış informativ-psixoloji savaşda Yunis Səfərovu “məzlum, məsum və mərfiətli bir adam” kimi təqdim etmək üçün qanlı aktın gerçək müəlliflərinə dəstək verənlər də vardı və onlardan biri də məhz “o... turan” agentliyinin direktoru Mehman Əliyev idi.

Məhz Mehman Əliyev, onun iflasa uğramış agentliyi, orbitindəki QHT-lər Yunis Səfərova haqq qazandırır, arvadı video yayaraq tətikçinin radikal dindar olduğunu açıqladığı halda, həmin məlumatı yalanlamağa çalışır, olayı başqa səmtə çəkir və Elmar Vəliyevin idarəçiliyinə qarşı baş qaldırmış kor-təbii etiraz kimi qələmə verməyə çalışırdılar.

Ancaq heç kim kor deyil, ağlı başında olan hər kəs yaxşı görür ki, o gündən bəri bircə nəfər də olsun ortaya çıxıb, ayağa qalxaraq normal yaşamına dönməmiş, vəzifəsindən azad edilmiş Elmar Vəliyevin ona qarşı kobudluq etməsi, malını-mülkünü yağmalaması barədə açıqlama verməyib, məhkəmədə iddia qaldırmayıb.

Bəli, istisna deyil, hətta tam həqiqətdir ki, Elmar Vəliyev bir icra başçısı kimi sərt xarakterə malik olub, bəlkə öz tabeliyində olan hansısa məmuru bir qədər əndazəni aşaraq danlayıb, yaxud ondan kömək uman hansısa vətəndaşın şikayətinə lazımınca diqqət göstərməyib. Ancaq bütün bunlar heç bir halda onun həyatına qəsd edilməsi üçün əsas deyil, ola da bilməz.

Əgər gəncəlilər öz icra başçısından narazı idilərsə, bu barədə dövlət rəhbərliyininin Elmar Vəliyev haqqında tədbir görməsinə nail olmaq üçün vətəndaş cəmiyyətinin əlində çox sayda resurslar, alətlər var. Bu yöndə sivil mexanizmlər işə salınmayıbsa, Elmar Vəliyevə qarşı ictimai təzyiq metodlarından istifadə edilməyibsə, hər kəsin vətəndaş cəmiyyətinin “qara kassiri” kimi tanıdığı Mehman Əliyevin də bu passivlikdə birbaşa məsuliyyəti var. Axı müxtəlif xarici səfirliklərin və beynəlxalq fondların Azərbaycanın regionlarında vətəndaş cəmiyyətinin inkişafına ayırdığı qrantların bölüşdürülməsində Mehman Əliyev “jüri üzvü” kimi şəxsən iştirak edir. Odur ki, soruşmaq tam yerinə düşər: Gəncədə yerli QHT-lərin, medianın və gənc liderlərin formalaşması üçün Azərbaycan filialına rəhbərlik etdiyin Soros fondunun ayırdığı on milyonlarca dolları kim dədəsinin malı kimi yemişdi ki, gəncəlilərin “ürəyindəki tikanı” Yunis Səfərov tapança lüləsi ilə çıxarsın?

Bu, olduqca vacib sualdır, ömründə bir sanballı məqalənin, dərin təhlilin altına imzasını atmamış Mehman Əliyev kimilərinin yox, dövlətinə, millətinə, ideallarına bağlı kişilərin papağını qarşısına qoyub üzərində düşünməsi zəruri olan sorudur.

Mehman Əliyev kimilərinsə papağı yox, qapağı olur. Çünki o, Azərbaycanın müstəqilliyinin, sosial-iqtisadi tərəqqisinin, vətəndaş cəmiyyəti modeli ilə inkişafının üstünə atılmaq üçün içi “Molotof kokteyli” ilə doldurulmuş bir butulkadır, sadəcə.

“Butulka” deyəndə Mehman Əliyevin hansı xatirələri oyanır, deyə bilmərəm, ancaq jurnalist kimi jurnalist, siyasətçi kimi siyasətçi olmayan, intellektdən və ziyadan məhrum bu kiflənmiş kokteyl şüşəsi həmişə vitrində parlamağa, kiminsə qoltuğuna sığınmağa, kiminsə masasının üstündə yer almağa çalışıb. Onun yeganə təyinatı satılmaqdır!

Ondan nə İlham Əliyevə alternativ çıxar, nə nazirlərinə, köməkçilərinə rəqib, nə də Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova opponent. Görünür, prezidentin köməkçisi Əli Həsənovun Gəncə terrorunun ildönümü ilə bağlı verdiyi açıqlama onun maliyyə qaynaqlarına da tərs sillə kimi dəydiyindən əsrimizin Əliheydər Qarayevini bu dəfə “yaşıl inqilabçı” libasında qabağa veriblər. O da tənbəllik eləməyib “Elmar Vəliyev Allahın rizası ilə Yunisin əliylə cəzalandırılıb” deyə ötən il atdığı başlıqlara əlavə olaraq, bu il tipik bir terrorçudan “xalq fədaisi” düzəltmək istəyənlərə bilavasitə qahmar çıxıb.

Yazdıqlarına bir-bir toxunmayacam, hamısı cəfəngiyyatdır, Türkiyədə PKK-nın uzun illərdir apardığı propoqandanın tezisləridir. Ümumiyyətlə, terroru iqtisadi, sosial, milli, dini, ideoloji və administrativ amillərlə əlaqələndirmək ona bəraət qazandırmaq cəhdidir və şiddət propoqandasıdır.Kimin sözümə şübhəsi varsa, Tohid İbrahimbəylinin Qumdan paylaşdığı, Yunis Səfərovun Suriya poliqonlarında çəkilmiş şəkillərinə, videolarına baxsın. Sadəcə, sonda bir məqama cavab verməyə xüsusi lüzum hiss edirəm.
Taraz və ölçülü bir cəmiyyətdə insanlar güvənlik anlayışlarına və hisslərinə toxunan bir hadisə baş verməyincə, bu barədə xüsusi düşünmürlər. Ancaq belə hadisələr baş verəndə, qeyri-ixtiyari özlərinə iki sual verirlər:

1) Təhlükə nədən ibarətdir?
2) Güvənliyimiz necə təmin oluna bilər?

Bax, bu iki sual qısa müddətdə fərdləri bəlkə də bütün ömürləri boyunca şəxsən ünsiyyətdə olmayacaqları, lakin ümumi təhlükəsizlik qayğıları olan digər şəxslərlə bir araya gətirir, qrup (cəmiyyət) təmərküzləşir, ortaq qərarla təhdidkarlar kənara itələnir. Bu, fərdlərin pozitiv mənliyə malik olmaq arzusundan doğmaqla, sosial kimliyinin əsas xüsusiyyətlərindən biridir, doğrusu heç şəxsi fikrim də deyil, oxumuşam.

Yunis Səfərovun mərdliyindən dəm vurmaq üçün bir azərbaycanlı ya son dərəcə namərd olmalı, ya ölkənin xaosa, vətəndaş qarşıdurmasına yönəlməsindən mənfəət gözləməli, ya da özünü ümumun (xalqın) bir üzvü kimi hiss etməməlidir.

Bunların hər üçü Mehman Əliyev üçün keçərlidir və keçərli olması səbəbindən toplum tarixin sınağından çıxmış qızıl qayda ilə Yunis Səfərov kimi onun da adının üstündən “delete” düyməsini basıb!..

Taleh ŞAHSUVARLI,
AzNews.az