Polad Həşimov müstəqil Azərbaycanın əsgəri, zabiti, generalı idi Polad Həşimov müstəqil Azərbaycanın əsgəri, zabiti, generalı idi

Bizim Poladımız!

Polad Həşimov müstəqil Azərbaycanın əsgəri, zabiti, generalı idi

Çox da uzaq olmayan keçmişdə "Qurdlar vadisi" filmi ölkəmizdə də çox populyar idi. Necati Şaşmazın yaratdığı Polat Alemdar obrazına hamımız heyranlıqla baxırdıq. Polatı hər birimizin doğmasına çevirən onun cəsur vətənpərvərliyi idi. Əslində kim idi Alemdar? Dövlət tərəfindən yetişdirilmiş, dövlətə xidmət edən, dövlət və millət uğrunda canını fəda etməyə hər an hazır olan bir əsgər idi. Tovuz döyüşlərində şəhid olan generalımız da məhz bu keyfiyyətlərin daşıyıcısı deyildimi? Və sizə elə gəlmirmi ki, biz Azərbaycan xalqı və dövləti olaraq filmdə deyil, gerçəklikdə bir POLAD yaratdıq?

Azərbaycan cəmiyyətində bu gün general Polad Həşimova yaranan sevgi yerdən göyəcən haqlı, yerdən göyəcən halaldır. Min illər ərzində xalqımızın ən böyük təhdidlər və zərbələr qarşısında dik durmasının bir səbəbi də elə budur. Bəzən bir ucqar kənddə, heç kəsin önəmsəmədiyi bir ailədə bir Polad doğular, millət arzularının ifadəçisi olar, qəhrəmanlıq dastanı yaradar. Bir general üç günə, beş günə yetişmir. Hər adam da general olmur. Hərbi ali məktəblərdə təhsil almış bütov bir məzun korpusundan bəzən heç general çıxmır, minlərlə hərbiçidən yalnız biri, ikisi ali hərbi rütbəyə çatır. Polad Həşimov müstəqil Azərbaycanın əsgəri, zabiti, generalı idi.
Onun ölümünə döyüşməsi bu baxımdan mənim üçün heç də təəccüblü deyil. Bu gün Azərbaycan ordusunda şəxsən Polad qədər cəsur, fədakar, xalq və dövlət uğrunda çalışan bir neçə general tanıyıram. Biri hərbi hissə komandirim olub. Deməm odur ki, müstəqillik öz bəhrəsini verməkdədir. Baxın, 1992-ci ildə "Şuşa getsə, başma güllə çaxacam" deyən küçə qəh(...)rəmanı 2020-ci ildə Tovuzun düşmən əlinə keçməsi üçün provakasiya ilə məşğul olur. Amma geniş ictimaiyyətin heç tanımadığı bir general vətən uğrunda əsgərcəsinə və qəhrəmancasına şəhid olur. Bununla isbat edir ki, Azərbaycan ordusunda prezident İlham Əliyevin etimadı ilə ən ali hərbi rütbəyə yüksələnlər heç də "toy generalları" deyillər, vətəni qorumaq, gərəkirsə, içdikləri hərbi anda sadiq qalaraq vətən uğrunda həlak olmaq üçündürlər.

Zira, Polad Həşimov öz şəhadəti ilə Qafqazda əsrlər boyu davam edən bir tarixi mərhələyə son qoydu. Bu mərhələ İsrail Oridən başlamışdı. İsrail Oridən başlayaraq ermənilər Rusiyaya üz tutmuş, Qafqazda müstəqil bir dövlət yaratmaq üçün biz türklərə qarşı hücum taktikasına başlamışdılar. Biz ötən üç yüz il ərzində heç zaman hucumda olmamışıq ermənilərə qarşı. Hətta 1915-ci ildə Osmanlı sultanı Mehmet Reşadın köçürmə siyasəti də müdafiə məqsədi daşıyıb. Bizim Polad paşamız öz canı bahasına bu döngünü dəyişdi. Hücumda artıq Azərbaycandır! Ali Baş Komandan tərəfindən "vur" əmri bu gün, sabah, birigün verilməyə bilər. Amma mütləq veriləcək. General Həşimovun adı tarixə məhz ona görə qızıl hərflərlə yazılmalıdır və yazılır ki, Azərbaycanın dövlət milliyətçiliyinə möhtəşəm bir simgə olmaqla, erməni tsexakronizmini puç etdi. Bundan sonra ermənilərin Qafqazda istənilən iddiası daşa deyil, POLADa rast gələcək.

Taleh Şahsuvarlı

AzNews.az saytının Baş redaktoru