Ümid edirəm ki, ciddi bir problemi yoxdur Ümid edirəm ki, ciddi bir problemi yoxdur

Əli Həsənovu bildik, bəs bu yalan maşınlarına nə oldu? - Azər Həsrət yazır

Ümid edirəm ki, ciddi bir problemi yoxdur

Səhərdən baxıram ki, bir neçə xəbər ölkə gündəmini işğal edib. Heç birinə reaksiya verməməyə çalışıram. Çünki belə baxanda adi xəbərlərdir. Yaxud da mənim sahəmə dəxli yoxdur. Lakin bir xəbər də var ki, ona mütləq reaksiya verməli oluram.

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində problem yaranıb. Təcili Türkiyəyə aparmalı olublar. Xəbəri də ona yaxın mənbələr yayıb. Bu isə o deməkdir ki, adam Türkiyəyə müayinə və müalicə üçün getməsinin ictimailəşməsindən rahatsız deyil. Düzgün davranışdır. Hər necə olsa da bu şəxs uzun illər ölkənin çox önəmli bir vəzifəsini tutub, öncə Prezident Heydər Əliyevlə, sonra da Prezident İlham Əliyevlə çiyin-çiyinə çalışıb. Azərbaycanın yaxşı günündə də, pis günündə də sinəsini qabağa verib, məhz dövlət rəhbərinin kursunu icra edib. Lakin vaxt-vədə yetişib, Prezident İlham Əliyev onu istirahətə göndərmək qərarına gəlib. Yadımdadır, bu haqda xəbəri də Əli Həsənovun özü yaymış, Prezidentə təşəkkür etmiş və bundan sonra da onun əsgəri olaraq xidmətinə davam edəcəyini demişdi.

Əli Həsənovun vəzifədən getməsindən bu günə qədər olan bütün davranışlarında dediklərini müşahidə edirik. Həqiqətən də ölkə üçün ciddi önəm kəsb edən məsələlərdə meydana çıxır, Prezidentə birmənalı dəstəyini ifadə edir, heç nəyə baxmadan hər zamankı prinsipiallığında qalır.

İndi Əli Həsənov səhhətilə bağlı təcili ölkədən getməli olub. Belə bir hal təkcə onun başınamı gəlir? Təbii ki, yox. Hər bir insanın belə təcili yardıma ehtiyacı yarana bilər. Ona görə də bizim milli adət-ənənələrimizə dayanan insanlarımız adətən belə hallarda xəstəyə şəfa diləyər. Bunu edəcək qədər ürəkli olmayanlar susar, əgər xəstələnmiş adamla haqq-hesabları varsa onu sağalmasından sonraya saxlarlar. Yəni bu Türk millətinin və elə bütövlükdə Azərbaycan xalqının min illərdir yazmadan yaşatdığı mənəvi-əxlaqi dəyərdir.

Amma biz nə görürük? Görürük ki, işi-gücü Əli Həsənovu, əslində də dolayısıyla Prezident İlham Əliyevin 17 illik hakimiyyətini tənqid etmək olanlar yenə də boy verirlər. Yalanın biri bir qəpik! Səhərdən yazırlar ki, Əli Həsənov ölkədən qaçdı! Ay nə bilim evini-eşiyini belə satıbmış! Və belə cəfəng, əsassız dedi-qodular!

Bütün bunları yayanların da kimliyi maraqlıdır. Adlarını çəkib şərəfləndirmək istəmirəm. Lakin qeyd edirəm ki, bu adamlar Əli Həsənovun vəzifə kürsüsü laxlayandan onun haqqında olmazın yalanlar uydurmaqla baş saxlayanlardır. Onlar durub-oturub iddia edirlər ki, Əli Həsənov Azərbaycan mətbuatını yalan-böhtan yazmağa məcbur edirmiş!

İndi sual edirəm: dövlətin mətbuat siyasətini Əli Həsənov idarə etmir. Bu öz yerində. Üstəlik siz də iddia edirsiniz ki, müstəqilsiniz, heç bir kəs sizi idarə etmir. Elə isə bu qədər “müstəqilkən” niyə Əli Həsənova aid sandığınız yalan-böhtan yayma yolunu tutmusunuz? Buna da sizi məcbur edən Əli Həsənovdur? Dedik axı, adam ümumiyyətlə proseslərdən kənardır, öz sağlamlığının qayğısına qalır…

Bu yalan maşınının vintciklərinin içində nə qədər kin-xılt varmış, ilahi?! Siz əgər doğrudan da Azərbaycanlısınızsa, adamın belə bir günündə ona şəfa diləyərək böyüklük göstərməliydiniz. Bunu etmirsiniz, edə bilmirsinizsə, heç olmasa susaraq ədəbinizi qoruyun!

Yeri gəlmişkən, iddia edirsiniz ki, Əli Həsənov ölkədən qaçıb. Hansı yolla, necə? Şəxsən mən əminəm ki, onun ölkədən çıxışından ən azı Prezident İlham Əliyevin nəinki xəbəri, hətta izni belə var. Karantin dövrüdür, ölkənin sərhədləri hər tərəfdə bağlıdır və qəfildən kiminsə ölkədən çıxması mümkün belə deyil. Hələ Əli Həsənov kimi birinin gizlicə getməsi heç mümkün deyil. Üstəlik, onun çıxışına hər hansı yasaq yoxdursa belə ölkədən çıxarkən mütləq Prezidentə məruz edilmişdir, xəbəriniz olsun. Hə, siz belə şeyləri anlamazsınız axı. Dövlət işidir bu. Bunu da anlamaq üçün ən azı elementar bilgi və təcrübə lazımdır. O da ki, içini xılt bağlamış kin dağarcıqlarında hardan olsun?..

Əlavə edim ki, Əli Həsənovla bağlı xəbər çıxınca votsap nömrəsinə yazdım, keçmiş olsun dedim. Bu yazını yazdığım ana qədər cavab gəlməyib. Ümid edirəm ki, ciddi bir problemi yoxdur. Səhhətindəki problemlər haqqında əvvəlcədən xəbərim vardı və bilirəm ki, özü də belə mərhələləri adlamaqda naşı deyil.

Bununla belə mediada çıxan sonrakı xəbərlərdən anlaşılır ki, Əli Həsənov rahatsız olub, Türkiyəyə aparılıb və orada müayinə, lazım olsa müalicə ediləcək. Bu xəbəri onun özünün adından yayıblar. Əminəm ki, elə belə də var.

Sözardı: İndi yenə səs-səsə verəcəklər ki, Azər Həsrət Əli Həsənovu müdafiə etdi. Hələ bir az irəli gedib bu yazını onun sifarişi ilə yazdığımı deyənlər də olacaq. Qınamıram. Çünki belə iddiaları tirajlayanların özləri media balansını deyil, kimlərisə müdafiə etməyə, sifarişlə yazmağa öyrəncəlidirlər. Ona görə də elə bilirlər ki, hamı onlar kimidir…

Azər Həsrət