Bu şəkillər 1961-71-ci illərdə Azərbaycanın Laçın rayonundakı Qaragöldə çəkilib Bu şəkillər 1961-71-ci illərdə Azərbaycanın Laçın rayonundakı Qaragöldə çəkilib

Qaragöl Azərbaycandır, Sergey Bablumyan! - TARİXİ FOTOLAR

Bu şəkillər 1961-71-ci illərdə Azərbaycanın Laçın rayonundakı Qaragöldə çəkilib

Yox, Sergey Bablumyan, yox, hər şey ondan başlamadı ki, Laçın rayonunun Qarıqışlaq kənd məktəbinin müəllimi “Çelkaş Mehrəliyev” SSRİ-nin məşhur nəşri “İzvesitiya”ya məktub yazdı.

Bütün reallığı və həqiqətləri bir kənara qoysaq belə, hər şey yenə də orta məktəb müəllimi “Çelkaş Mehrəliyev”in SSRİ-nin məşhur nəşri “İzvesitiya”ya yazdığı məktubdan başlaya bilməzdi.

O sadə səbəbə görə ki, “Çelkaş” adında nəinki Qarıqışlaqda, Laçında, bütün Azərbaycanda bir insan olmayıb, hətta olsaydı belə, o adam 1986-cı ildə “İzvestiya” qəzetində “Dağlar gözəlinin taleyi” adlı məqalə ilə çıxış edən şəxs deyil.

Mənim şəxsən və yaxından tanıdığım, bir neçə ildir ki, vəfat etmiş o fədakar və Qaragöl uğrunda mübariz insanın ismi Çingiz Mehrəliyevdir.

Bax, hər şeyi belə təhrif edirsiniz.

Bax, hər şeyi belə saxtalaşdırırsınız.

Bax, bu gün həyatda olmasa da, şəkli, pasportu, imzası məlum olan “Çingiz” adlı bir insanı “Çelkaş” kimi təqdim etdiyiniz kimi, Qaragölün də adını “Sevliç”ə çevirmisiniz.

Bir erməni Sedrak varıymış, SSRİ-nin son dövrlərində yaradılmış respublikalararası Qaragöl qoruğunda qaravulçuluq edərmiş. Şahidlər and içir ki, bax, o erməni Sedrak belə öz dilində, öz soydaşları ilə danışanda “Sevliç” yox, “Qaragöl” deyərmiş.

Hə, indi deyilə bilər ki, Sedrak savadsız imiş, coğrafiyanı yaxşı bilmirmiş, azərbaycanlılardan təsirlənibmiş, ona görə “Sevliç” deməzmiş.

Amma bütün hallarda o erməni Sedrak Rusiyanın Çelyabinsk şəhərində anadan olmuş “Sputnik Armeniya”nın siyasi şərhçisi Sergey Bablumyandan daha yaxşı bilməlidir axı qırağında qaravolçuluq elədiyi hövzənin adı Qaragöldür, yoxsa Sevliç?

Razıyam, ali təhsilin olması siyasi şərhçilər üçün vacib şərtdir. Ali təhsil insana üç əsas keyfiyyət qazandırır:

a) müəyyən ixtisas verir;

b) elmi dünyagörüş formalaşdırır;

c) elmi metodlarla işləmək vərdişi yaradır.

“Qocaman siyasi şərhçi” Sergey Bablumyanın Azərbaycanın Qaragöl su hövzəsi ilə bağlı Ermənistanla yaranmış demarkasiya insidentinə verdiyi retrospektiv rəydə ən böyük çatışmazlıq məhz budur- elmi dünyagörüş və metodologiya!

Gəlin, birlikdə düşünək, başqa sivilizasiyadan 10 min il öncə yola çıxmış, uçuş boyu bütün Yer kürəsini izləmiş və qeydə almış ölümsüz və üstün zəkalı canlılar Uçan Naməlum Obyektlə bizim planetimizə, planetimizdə isə, İrəvanın tam ortasına ensəydilər, ermənilər xalq olaraq özlərini necə təqdim edərlər, görəsən?

Məsələn, necə deyərdilər ki, bizim paytaxtımız- bizim qədim şəhərimizdir?

Yalanları keçməz!

O ölümsüz və üstün zəkalı insanlar İrəvanın necə və kimlər tərəfindən tikildiyini, Ermənistanın paytaxtına necə çevrildiyini anbaan görüntülü şəkildə ortaya qoya bilərlər axı...

Bəli, bu şəhəri Rəvənqulu xanın salması haqqında biz fanilərin əlində o xəyali varlıqlardan fərqli olaraq, kamera qeydləri yoxdur, amma istənilən mübahisəyə elmi metodlarla yanaşanda həqiqəti üzə çıxrmaq olur.

Həqiqət odur ki, Ermənistanın paytaxtı belə bizim babalarımız tərəfindən salınmış şəhəridir.

Həqiqət odur ki, sonralar- sovet dövründə “Stepanekert” adlandırılan şəhər Qarabağın azərbaycanlı xanlarının istirahət məkanı kimi inşa edilib.

Həqiqət odur ki, Şuşa şəhərinin təməli Qarabağ xanı Pənahəli xan tərəfindən atılıb və uzun müddət onun şərəfinə “Pənahabad” adlanıb.

Həqiqət odur ki, çar Rusiyasının qoşunları Qafqaza gələndə hazırkı Ermənistanın ərazisi Qarabağ, Naxçıvan, İrəvan xanlarının torpaqları idi.

Bəs, bu ermənilər Qafqazda necə ən "qədim" xalqdır ki, İsus Xristosun miladından ta 1918-ci ilə qədər bircə dəfə də olsun dövlət qura bilməyiblər?

1918-ci ilin mayında Qafqazda erməni dövlətinin meydana çıxmasına imkan verən, belə bir dövlətin yaranması ilə liderləri vaxtilə Osmanlı təbəəsi olmuş erməni çətələrinin qarşısının alınacağına sadəlövhcəsinə inanan Azərbaycan Xalq Cümhuriyyətinin təcrübəsiz rəhbərləri idi. Məhz bizim ADR-in qurucusu olan babalarımız 1918-ci ilin yaz və yay aylarında Osmanlı nümayəndə heyətindən xahiş edirdilər ki, tarixdə ilk dəfə “Ermənistan” dövlətinin yaranmasına mane olmayın, biz də İrəvan şəhərini onlara paytaxt olaraq verək, təki regionda sülh bərqərarar olsun.

Amma çifayda!

Hər şey olmasa da, çox şey elə buradan başladı ki, erməni daşnakları AXC-dən İrəvanı, erməni bolşevikləri isə Zəngəzurun çox hissəsini “Azərbaycan kommunistlərindən inqilab hədiyyəsi olaraq” qopardılar.

Zira, Zəngəzurun incisi Qaragöl istər AXC dövründə, istərsə də Sovet Azərbaycanı zamanında Ermənistandan xeyli uzaqda idi.

Gölün ətrafındakı tarixi məscid, qəbiristanlıqlar və toponimlərin hamısının Azərbaycan xalqına məxsus olması, Qaragölü müqəddəsləşdirən, mənim də bir nümayəndəsi olduğum Gəloxçu tayfasının gölün sahilində həyata keçirdikləri rituallar, yaddaşlardakı əfsanə və rəvayətlər torpağın əsl sahibinin kim olmasını aydın ortaya qoyur.

O rəvayətlərdən biri belədir:

“Qaragölün dibində qoç yaşayarmış. O qoç ildə bir dəfə, dumanlı, çiskinli havada göldən çıxar, köçdəki qoyunlardan biri ilə cütləşərmiş. O qoçdan eynilə özünə bənzəyən bir erkək quzu doğularmış. O quzu böyüyəndə köçlə kəndə- Qarıqışlağa qayıtmazmış, atasının çıxdığı yerdən gölün dibinə enərmiş. Erməni-müsəlman davası gedən vaxtlar ermənilər gəlib Qaragölü murdarlayıb və ondan sonra o qoç bir daha göldən çıxmayıb”.

Qaragölü sərhəd gölünə çevirmək üçün isə, ermənilər tarixdə bənzəri olmayan bir kələk işlədiblər.

Laçın camaatı, xüsusən də yüzillər boyu yaylaq yerləri olmuş Qaragölün hər daşına, çınqılına yaxşı bələd olan Laçın rayonunun Qarıqışlaq kəndinin sakinləri- tər-təmiz türk olan “Gəloxçu” tayfasının nümayəndələri anında o kələyin üstünü açmış, ayağa qalxmışdılar.

Qaragölün sahilində bir dağ var, bütün Zəngəzur əhli o dağı “Dəmirdaş” kimi tanıyırdı.

Budur, X.C Zamanovun 1969-cu ildə Bakıda nəşr olunan "Kiçik Qafqazın gölləri və anbarlarının su balansı” adlı kitabında deyilir:

“Qaragöl Azərbaycan SSR-in dövlət sərhədindəki Böyük İşıqlı dağının (3552 m) şimal ətəyindədir. Qaragöl şimaldan Boz dağ və Göy dağla, şimal-qərbdən DƏMİRDAŞ və Kiçik İşıqlı dağı (3455 m) ilə, cənubdan Keçəl dağ, şərqdən isə alçaq Moren tirəsi ilə əhatə olunmuşdur”.

Diqqətinizi çəkdi yəqin, Azərbaycan və Ermənistan arasında sərhəd Böyük İşıqlı dağındadır, Qaragöl isə onun şimal ətəyində yerləşir. Şimal- qərbdə isə, daha iki dağ- DƏMİRDAŞ və Kiçik İşıqlı var.

Ermənilər hər nə yolla isə SSRİ-nin topoqrafiya müəssisələrinə yol tapır və DƏMİRDAŞ DAĞINI XƏRİTƏDƏN SİLMƏYƏ, onu “İşıqlı” kimi göstərməyə nail olurlar. Bu, Qaragölə ərazi iddiası edə bilmək üçün lazım idi. Dəmirdaş dağının adı mülki xəritələrdən yoxa çıxandan sonra Ermənistanın Gorus rayonunun kolxoz və sovxozları mal-qaranı Qaragöl istiqamətində örüşə çıxarır. Əvvəlcə, mal qara üçün Azərbaycandan su istəyirlər, daha sonra gətirib ora nasos quraşdırır, nəhayət, balıq kürüsü tökürlər.

Ermənilərin Qaragölü bu şəkildə ələ keçirmək cəhdləri, əlbəttə, müqavimətlə qarşılanır. İldən-ilə dərinləşən mübahisələri çözmək, azərbaycanlıların "göl bizimdir" deməyə gələn erməniləri çomaqla döyüb qovmasının qarşısını almaq üçün 1977-ci ildə Moskvadan gələn komissiya ilə də yerli camaat arasında qarşıdurma yaranır. Bu zaman emosiyaları sakitləşməsi üçün Laçın rayonu Qarıqışlaq kənd məktəbinin müəllimləri- Çingiz Mehrəliyev və İbiş Əsgərova təklif olunur ki, ermənilərin Qaragöldə illər öncə müsəlman qəbiristanlıqlarını dağıtdıqlarını sübut etmək üçün həmin əraziyə birgə baxış keçirilsin. Gedirlər. Bulduzerə verilmiş torpağın altından xeyli sayda müsəlman qəbrinin başdaşlarının qalıqları çıxarılaraq fotolaşdırılır. İndi bizim əlimizdə o fotolar olmasa da, başqa şəkillər var.

Təqdim etdiyimiz bu şəkillər 1961-71-ci illərdə Azərbaycan SSR-nin Laçın rayonundakı Qaragöldə çəkilib.

Belə şəkillərdən Sergey Bablumyan da paylaşa bilərmi, əcəba?

Amma saxta, kompüterdə montaj edilmiş deyil, gerçək fotolar?!.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru

image description image description image description image description image description image description image description