Paytaxt niyə məhz Ağdama köçürülməlidir? - ŞƏRH

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin bu təklifini dəstəkləyirəm

Xeyli vaxtdır ki, bir sual zehnimə rahatlıq vermirdi: Azərbaycanın paytaxtını hara köçürmək olar?

Zənnimcə, hər kəs çox aydın başa düşür ki, Bakıya təşəkkür etməyin və paytaxtı başqa bir bölgəmizə köçürməyin tam vaxtıdır.

Bakı, əlbəttə, sıradan bir yaşayış məntəqəsi, meqapolis deyil, paytaxt olana qədər bir şəhər kimi tarixi yol keçib, əsrlərcə böyüyüb, biz azərbaycanlıların gözünü açıb və şəhər mədəniyyətinə qovuşmağımızda, çağdaş dünyaya inteqrasiya etməyimizdə misilsiz rol oynayıb.

Bakının bir şəhər kimi formalaşmasına Şamaxıda baş verən zəlzələlərdən sonra Şirvan hakimlərinin yeni paytaxta ehtiyac duyması təkan verib.

19 əsrin sonları, 20-ci əsrin əvvəllərində isə, Bakı artıq Qafqazın ən dinamik şəhərlərindən biri, zəngin tarixlə yanaşı neft qaynaqlarına, işçi qüvvəsinə, siyasi və mədəni həyata, multikultural mühitə, kəsəsi, azərbaycanlılar üçün sənaye inqilabını gerçəkləşdirəcək böyük potensiala sahib idi. 20-ci əsrin ilk rübündə dünyada gedən proseslər azərbaycanlıları da tarixi suallar qarşısında qoymuşdu. Birinci Dünya Müharibəsinin nəticələri, çar Rusiyasının yıxılması, Osmanlının tarix səhnəsində son çabalamaları, bolşevik inqilabları və bu sayaq olaylar Qafqazın siyasi xəritəsini də dəyişdi. 1918-ci ilin may ayının son günlərində Zaqafqaziya Seyminin dağılması ilə Gürcüstan, bu ehtimala hazır olan Seymin “müsəlman fraksiyası” isə Azərbaycanın dövlət müstəqilliyini elan etdi. Milli Şuranın rəhbəri Məmməd Əmin Rəsulzadənin özünün də etiraf etdiyi və vurğuladığı kimi, “Azərbaycan formulu” Nəsib bəy Yusifbəyliyə məxsus idi.

Əslində, Azərbaycan Xalq Cümhuriyyyətinin paytaxtı İrəvan olmalı idi. O dövrə baxdığımızda bu zərurət və bu zərurəti yaradan səbəblər silsiləsi çox bariz görsənir. Ancaq Çar Rusiyasının əlindən çıxmış Qafqazın müqəddaratını müəyyən edəcək “Batum konfransı”nda danışıqlar,- müzakirə Osmanlı tərəfindən təşkil edilməsinə baxmayaraq,- heç də Azərbaycan nümayəndə heyəti üçün rəvan getmirdi. Zaqafqaziya Seyminin iflası göz qabağında olsa da, bizim danışıqlardakı nümayəndə heyəti konfederasiya ideyasına inamını itirməmişdi və bu ümid bir az da beynəlxalq konyukturadan irəli gəlirdi. Odur ki, Osmanlı hökumətindən gələn “çibanı dibindən təmizləmək”, yəni Qafqazda erməni dövlətinin meydana çıxmasına imkan verməmək təklifi qarşısında riskə getməməyi üstün tutdular. Bizimkilər Osmanlını inandırmağa çalışırdılar ki, əgər Qafqazda “konton” formatlı bir erməni dövləti yaranarsa, bu, bölgədə sülh və istiqrarın formalaşmasına təkan verəcək. Son nəticədə bu fikir Osmanlı sarayı və diplomatları tərəfindən təqdir qazandı.

Amma ortaya başqa bir sual çıxdı. Yaranacaq erməni dövlətinin paytaxtı hara olacaq? Həmin vaxt erməni Milli Şurasının nəzarətində heç bir şəhər yox idi və “hokumət səlahiyyətləri”ni üzərlərinə götürdükləri halda, müstəqilliklərini elan edə bilmirdilər. Müstəqqillik elan edə bilmələri üçün paytaxt qismində onlara bir şəhər verilməli idi. Azərbaycan nümayəndələri bu şəhərin Gümrü olmasını istəyirdi, amma bu məntəqə Osmanlının “savaş haqqı” olduğundan gündəmə İrəvan gəldi. Beləliklə bizim şanlı və qurucu babalarımız Batum konfransında Qafqazda erməni dövlətinin yaranmasına tərəfdar olmaqla və AXC-nin 29 may 1918-ci ildə çıxarılan qərarı ilə müstəqillik elan edə bilməsi üçün İrəvanı ermənilərə paytaxt kimi güzəştə getməklə, tarixi bir yanlışlığa imza atdılar. Bir daha təkrar edirəm: Qafqazda erməni dövləti qurulmamalı, qurulsa da tanınmamalı, İrəvan Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olmalı idi. Bakı uğrunda olduğu kimi, İrəvan uğrunda da silahlı mücadilə aparılmalı idi.

Azərbaycan Xalq Cümhuriyyəti, bundan sonra “Ermənistan” elan olunduqdan sonra gürcülər hər iki hökumətə Tiflisdən çıxmağı tapşırdılar. AXC hökuməti o günlərdə artıq Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun nəzarətində olan Gəncəyə köçdü. Gənc, amma gerçəkdən böyük siyasi dühaya malik olan Fətəli xan Xoyskinin praqmatizmi sayəsində AXC ilk tarixi sınağından- “iyun böhranı”ndan çıxdı. ADR-in səfərbər etdiyi soydaşlarımız silahlandırılaraq Qafqaz İslam Ordusu ilə birlikdə Bakının azad edilməsi və paytaxta çevrilməsi üçün hərbi yürüş başladı. Bakının AXC-nin nəzarətə keçməsi Fətəli xan Xoyskinin siyasi, Nuru paşanın hərbi uğuru olmaqla Azərbaycan tarixinin ən möhtəşəm günlərindən biridir. Fətəli xan Bakının sosial, iqtisadi, mədəni, siyasi və hərbi-strateji əhəmiyyətini çox sərrast qiymətləndirmiş, Bakısız Azərbaycan ola bilməyəcəyi gerçəyinin hərbi zəfərə çevrilməsi üçün var gücü ilə çalışmışdı. AXC bolşevik Rusiyası tərəfindən işğal olunduqdan sonra da Bakı paytaxt funksiyasını saxladı və Azərbaycanın müstəqil bir dövlət kimi yenidən təşəkkülü üçün müstəsna rol oynadı.

Ancaq bu gün Bakı həddən artıq yüklənib. Şəhər kimi də, paytaxt kimi də yüklənib. Lap başda dediyimiz kimi, Azərbaycanın paytaxt dəyişdirməsinin labüdlüyünü hər kəs başa düşür və illərdir bu barədə müzakirələr gedir. Mənim fikrimcə, mövcud dövlət sərhədlərimiz içərisində paytaxt funksiyası daşımağa iki ən yaxşı şəhər Şamaxı və Şuşadır. Ancaq Şamaxının seysimik zonada yerləşməsi, Şuşanın isə ərazi darlığı bizi yeni şəhər axtarışına sövq edir. Bu baxımdan BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin paytaxtın Ağdama köçürülməsi barədə təklifi diqqətə və təqdirə olduqca layiqdir.

Hörmətli Qüdrət Həsənquliyev deyir:

Bununla bağlı çox təkliflər olub və müzakirələr aparılıb. Lakin hər kəs bilir ki, paytaxtın köçürülməsi böyük xərc tələb edən bir məsələdir. Bunun üçün mən belə bir təklif irəli sürürəm ki, paytaxt Ağdama köçürülsün. Ağdam şəhəri müasir üslübda yenidən salınır. "Yaşıl şəhər" kimi Ağdam bütün müasir tələblərə cavab verəcək. Hesab edirəm ki, Ağdamda 150-200 min nəfərlik paytaxt şəhəri salmaq olar. Ağdam şəhəri işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılıb. Demək olar ki, bu şəhəri biz yenidən tikəcəyik. Düşünürəm ki, az xərclə bu işi həyata keçirmək olar”

Mən də bu fikirlərlə tamamilə razıyam. Əsaslandırım:

Əvvəla, Ağdamın coğrafi, iqlim və kommunikasiya şərtləri paytaxt funksiyası daşımağa uyğundur.

İkincisi, Ağdam- Şahbulaq qalası qısa müddətdə olsa da, paytaxt funksiyası daşımış, bu funksiyanı xarici faktorlara görə deyil, Azərbaycan xanları arasında gedən daxili mübarizəyə görə itirmiş bir şəhərdir. Həmin şərt aradan qalxdığı üçün hərbi-strateji baxımdan əlverişli zonada yerləşir.

Üçüncüsü, Ağdamın paytaxta çevrilməsi strateji baxımdan Azərbaycanın lehinədir. Bu barədə geniş yazmağa ehtiyac yoxdur, paytaxtın Qarabağ iqtisadi rayonunda yerləşməsinin hansı nəticələr verəcəyini hər kəs hesablaya bilər.

Dördüncüsü, hər bir paytaxt istər ərazi, istərsə də demoqrafik baxımdan genişlənmə imkanına sahib olmalıdır. Ağdam bu baxımdan geniş ehtiyyatlara sahibdir.

Beşincisi, biz Ağdamı faktiki olaraq sıfırdan inşa edəcəyik və onun sırf paytaxt kimi inşa edilməsi elə də böyük əlavə xərclər tələb etməyəcək.

Altıncısı, hər paytaxt beynəlxalq tədbirlər üçün məkan rolunu oynayır. Ağdam işğaldan azad edilmiş ərazi olaraq, bu baxımdan da əlverişlidir.

Yeddincisi, Azərbaycanın siyasi, intellektual və mədəni potensialının önəmli ölçüdə Ağdama daşınması ölkəmizdə insan kapitalının inkişafına böyük töhfə verəcək.

Taleh ŞAHSUVARLI