- Redaktor masası
- 15 Dekabr 2021 09:00
- 14 195
Media qanunu: konseptual məsələlər və israrla etdiyim təkliflər
Layihənin müzakirəsinə qoşuluram
Latınlar deyirdi: “Harada toplum varsa, orada hüquq var”. Yaşadığı ölkədə və dünyada baş verən hadisələrdən xəbərdar olmaq insanın ən önəmli ehtiyaclarından biridir. Bu ehtiyacın qarşılanması üçün bəşəriyyət neçə-neçə mərhələdən keçib. Azərbaycan o ölkələrdəndir ki, bizdə hələ neçə on illiklər bundan sonra da velosipedi yenidən icad eləmək istəyənlər olacaq, zira, velosipedi vaxtında sürmüş toplumların o çağda başqa planetlərlə bağlı layihələr üzərində işləyəcəyi daha ağlabatandır. Deyəsən, bir az qəliz oldu. Ona görə də lap sadə deyim. Azərbaycanda tərəqqi ilə bağlı heç bir məsələni sıfırdan başlamağa ehtiyac yoxdur. Biz bu qəbildən olan məsələləri müzakirə edənə qədər dünyada onun istər nəzəri, istərsə də praktiki bazası çoxdan hazır olur. Bu baxımdan bir toplum olaraq bizim üzərimizə elə də çox iş düşmür. Yetər ki, dünya təcrübəsini öyrənək, mənimsəyək, onu öz həyatımızda hərfən olmasa da, fundamental və prinspial şəkildə tətbiq edək.
Azərbaycan parlamentində müzakirəyə çıxarılan “Media haqqında” yeni qanun layihəsi də istisna deyil.
Bəribaşdan deyim ki, bu qanun layihəsini mən son günlərdə gözdən keçirmişəm. Bildiyim, eşitdiyim qədər, qanun layihəsi hazırlanarkən müəyyən müzakirələr aparılıb. Amma fakt budur ki, həmin müzakirələrə içi mən qarışıq media cameəsinin bir çox nümayəndəsi cəlb olunmayıb. Qanun elə bir normativ hüqiqi aktdır ki, onu nə gizlətmək mümkündür, nə də xəlvəti qəbul etmək. Doğrusu, Azərbaycan hakimiyyətinin belə bir niyyətinin olmasını da zənn etmirəm. Sadəcə, yenə kimlərinsə səhlənkarlığı, yaxud qanuna olan ictimai marağı doğru hesablamaması ucbatından nəinki ictimaiyyət, elə media cameəsinin özü də hazırlanan layihənin məzmunundan gec xəbər tutdu. Bu, heç də yaxşı hal deyil, amma nəticəyə təsir göstərəcək amil də sayıla bilməz.
Qanun layihəsi ilə bağlı daha bir tənqidim sənədin dili və sistemləşdirilməsi ilə bağlıdır. Əlbəttə, qanunlar rəsmi üslubla və hüquqi terminologiya ilə yazılır. Elə bu səbəbdən də iradım heç də mətnin axıcılığı ilə bağlı deyil. Sadəcə, layihədə elə cümlələr var ki, mənaca anlaşılan və sərrast olsalar da, dövlət dilimizin tələbləri baxımından heç də səlis görsənmir. Odur ki, rəsmi üslubu və hüquqi terminologiyanı mükəmməl bilən dilçilərimiz tərəfindən qanun layihəsinin yaxşıca redaktə olunmasına ehtiyac var.
Azərbaycanın müstəqilliyinin ilk illərində qəbul olunmuş və sonralar dönə-dönə dəyişdirilmiş “Kütləvi informasiya vasitələri haqqında” qanun günün tələblərinə adekvat deyil. Həyatını fədakarlıq tələb edən peşələrdən olan jurnalistikaya bağlamış hər bir insan fərqindədir ki, Azərbaycanda “Media haqqında” yeni qanuna hədsiz ehtiyac var. Bu baxımdan qanun layihəsini hazırlayanların zəhmətinin heçə endirilməsini də haqsızlıq sayıram. Layihədə media sektorunun fəaliyyəti üçün əsas anlayışlar, prosedurlar, mexanizmlər və alətlər yetərincə şaxəli və dolğun şəkildə işlənilib. Yuxarıda dediyim kimi, layihəni sırf qanun mətni kimi qismən yenidən çeşidlənməsinə ehtiyac var, amma əsas budur ki, ümumi sistemin özü düz müəyyənləşdirilib.
Ümumiyyətlə, bu qanun nəyə lazımdır?
Mövzuya bu cür sadə sualla başlayanda təqdim olunan layihəni kökündən baltayanların, bəzi halllarda onu oxumadan “mürtəce” adlandıranların, hətta qanun qəbul edilərsə, Azərbaycanı bir dövlət olaraq Avropa İnsan Haqları Məhkəməsi ilə hədələyənlərin qarnının əsas dərdinin yenə də “media məsələsi” olmadığı görünür.
Qanun bizə ona görə vacibdir ki, bilək:
- Davamlı bir kütləvi informasiya vasitəsi qurmaq üçün nələr lazımdır?
- Kütləvi informasiya vasitələri fəaliyyət göstərərkən hansı hüquqi şərtlərə əməl etməlidir?
- Media quruluşu və çalışanları informasiya axtararkən, işləyərkən, publikaya çatdırarkən hansı hüquq və azadlıqlara, o cümlədən sosial güvənliyə malikdirlər?
- Jurnalistin fəaliyyət sərbəstliyinin sərhədi olan “dövlətə, ictimai təhlükəsizliyə, fərdi haqlara zərər vermədən” cizgisi (bu, söz azadlığının vətəni sayılan Böyük Britaniyanın təsbitidir) və digər qurallar aşılacağı halda, kütləvi informasiya vasitələrinin və onun əməkdaşlarının hüquqi məsuliyyəti nədir?
Sualları, əlbəttə, uzatmaq da olar, amma bir qanunun aydınlaşdırmalı olduğu əsas məsələlər bunlardır. Bu əsas suallara, bir daha təkrar edirəm, əhatəli və dolğun şəkildə aydınlıq gətirdiyi üçün mən yeni normativ aktın layihəsini təqdir edir, qəbul olunmasını gözləyirəm.
Xüsusi olaraq, üzərində dayanmaq istədiyim bir neçə məsələ var.
Əvvəla, Azərbaycanın Ana Yasasına və beynəlxalq öhdəliklərinə görə, ölkəmizdə qəbul olunmuş heç bir qanun konstitusiyaya və Avropa İnsan Haqları Konvensiyasına zidd ola bilməz. Birinci halda, Konstitusiya Məhkəməsi qanunun qüvvəyə minməsinə imkan verməməli, ikinci halda, Konvensiyanın tələbləri üstün tutulmalıdır. “Turan” agentliyinin yaydığı xəbərə görə, bir qrup media mənsubu və eksperti sözügedən qanun layihəsinin öz aralarında müzakirə edib. Bir çox isimlər göstərilib, amma məsələ şəxsiləşməsin deyə, adlar üzərində dayanmıram. “Media haqqında” qanun layihəsinin Azərbaycanın Ana Yasasına və Avropa İnsan Haqları Konvensiyasına zidd sayan iştirakçılar axırda hakimiyyətə səsləniblər ki, parlament sənədi geri qaytarsın. Arqumentlərindən biri budur ki, qanun layihəsi ona görə qəbuledilməzdir ki, jurnalistin statusunu müəyyənləşdirir. Çox təəssüf ki, bu kimi absurd və heç bir mübahisəyə layiq olmayan “ittihamlar” sosial şəbəkələrdə də sağa-sola səpilir.
İstər beynəlxalq hüquqa, istərsə də Azərbaycan Respublikasının qanunlarına görə, hər bir vətəndaşın dövlətdən məlumat almaq və yaymaq, onu sərbəst şəkildə şərh etmək, öz qənaətlərini bölüşmək hüququ var. Kütləvi informasiya vasitələri bu işi, yəni vətəndaşların məlumat almaq imkanlarını asanlaşdıran sosial mexanizmdir. Jurnalistin hüquqi statusunun müəyyən olunması vətəndaşı bu haqdan məhrum etməməklə birgə, onun dövlətdən bilvasitə kimin əli ilə informasiya ala biləcəyini dəqiqləşdirir. Eyni zamanda, jurnalist professional məlumatlandırma xidməti göstərən, öz fəaliyyəti qarşılığında məvacib alan, cəmiyyətin qalan bütün üzvləri kimi, hüquqi normalara tabe olan, vergi verən, sosial məsuliyyət daşıyan şəxsdir. Onun hüquqi statusunun və iş öhdəlikləri üzrə prinsiplərin müəyyən olunması Ana Yasamıza, Avropa İnsan Hüquqları Konvensiyasına niyə zidd olmalıdır ki?
O zaman Belçikadakı müvafiq qanunadamı tərs baxaq?
Yeni “Media qanunu”nun layihəsi ilə bağlı bəlli çevrənin ən çox “etiraz”ına səbəb olan məsələlərdən biri də reyestrlə bağlıdır. Çox təəssüf ki, medianın tənzimlənməsinə xidmət edən bu yaxşı və effektiv təşəbbüs qərəzlə “dövlətin medianı nəzarətə götürmək cəhdi” kimi yozulur.
Gəlin, birgə baxaq.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da kütləvi informasiya vasitəsi ən azı vergi xidmətində qeydə alınmalı, möhürə, bank rekvizitlərinə sahib olmaq üçün hüquqi prosedurdan keçməlidir. Kim bu dünyada elə bir KİV göstərə bilər ki, onun ünvanı, bank hesabı, möhürü, loqosu və s. olmasın? Hətta KİV haqqında xüsusi qanunu olmayan Norveçdə belə dövlətin media quruluşlarını hüquqi şəxs kimi tanıması üçün zəruri şərtlər var. Çox pakizə! Belədə, Azərbaycanda dövlətin bir qurumunda istər hüquqi, istərsə də fiziki şəxs qismində xəbərçilik fəaliyyəti göstərmək üçün qeydə alınan subyektlərlə bağlı məlumatların, məsələn, Medianın İnkişaf Agentliyi tərəfindən reyestrləşdirilməsi hansı təhlükə yarada bilər? Azərbaycanda neçə qəzetin, TV-nin, radionun, xəbər portalının, informasiya agentliyinin fəaliyyət göstərməsi, rekvizitləri, işçi qüvvəsi və s. barədə məlumatların əsas vəzifəsi medianın inkişafına töhfə vermək olan bir qurum tərəfindən cəmləşdirilməsində qəbahət nədir axı?
Doğrudanmı kimlərsə hesab edir ki, iddia etdikləri sayaq, dövlətin məqsədi mediaya nəzarət etmək olsaydı, başqa vasitələrdən, həm də bu qədər səs-küy yaratmadan istifadə edə bilməzdi, gümanı ancaq reyestrləşməyə qaldı?
Ayrıca, indi hansı əsrdir, hansı zəmanədir ki, dövlət informasiyanı nəzarətdə saxlamaq kimi uğursuz bir işə girişsin? Yaxşı, dövlət tutaq ki, onlayn medianı nəzarətə götürmək istəyir. Bəs, bu necə “nəzarətə götürmək”dir ki, onlayn media təsis etmək üçün dövlətdən icazə alınmasına ehtiyac olmadığı yazılır qanunda?
Mənim lap çoxdan gəldiyim qənaətlərdən biri budur ki, Azərbaycanda medianı arzuladığımız funksional instituta çevirmək üçün atılması zəruri olan ilk addım vahid vəsiqə sisteminə keçməkdir. Bu barədə dəfələrlə yazmış, mübahisə aparmışam, təkrar etməyəcəm. Jurnalistlərin vahid vəsiqə ilə təmin olunması çağdaş dünyada media sahəsində əsas və ən çox yayılmış təcrübələrdən biridir. Bəzi ölkələrdə bu vəsiqələri- jurnalist təşkilatları, bəzi ölkələrdə isə, dövlətə məxsus qurumlar verir. Bizim ən köklü təşkilatımız- Azərbaycan Jurnalistlır Birliyi çoxdan vəfat etmiş bir şəxsi öz saytında hələ də “sədr müavini” kimi təqdim edir. Bu iş onların ümidinə qalsa, nə baş verər, artıq özünüz düşünün. Bizdə qardaş Türkiyənin təcrübəsinə istinad edilməsinin faydalı olacağına inanıram. Bu baxımdan hesab edirəm ki, jurnalist vəsiqəsini mərkəzləşmiş qaydada, şəffaf şəkildə və ictimai nəzarət altında Medianın İnkişaf Agentliyi tərəfindən verilməsi məqbuldur. Elə bu səbəbdən də qanun layihəsində jurnalist vəsiqəsinin mərkəzləşmiş qaydada verilməsi məsələsinin əks olunmasını İNQİLABİ ADDIM sayır və birmənalı şəkildə dəstəkləyirəm.
Ancaq fikrimcə, vəsiqənin 3 illik verilməsi ilə bağlı tələb dəyişməli, eyni zamanda, fərqləndirici xüsuslar da nəzərdən qaçmamalıdır. Jurnalistika sahəsində 15 ildən çox davamlı fəaliyyət göstərənlər ömürlük karta sahib olmalıdırlar. Bu yöndə daha bir təklifim jurnalistin əmək müqaviləsinə xitam verildikdən sonrakı vəziyyətlə bağlıdır. Fərz edək ki, bir jurnalist hər hansı səbəbdən işlədiyi KİV-dən ayrılır. Bu zaman onun vəsiqəsi geri alınmalıdır. Bu, doğrudur. Çünki vəsiqə sonsuz sayda verilə bilməz və hər redaksiya müəyyən kvotaya sahib olur. Yeri gəlmişkən, Qanunda bu kvota ilə bağlı şərtlər də əks olunmalıdır. Kvotadan səmərəli istifadə etmək üçün redaksiya öz əməkdaşı ilə yollarını ayırdığı təqdirdə vəsiqənin alınması ilə bağlı müvafiq qurum qarşısında məsələ qaldıracaq. Həmçinin jurnalist özü də ünvanı, iş yeri və s. dəyişdiyi halda, vəsiqə verən qurumu məlumatlandırmağa borclu olmalıdır. Ən əsası isə budur ki, əmək stajından asılı olaraq, işsiz qalan jurnalist müddətli keçici vəsiqə ilə təmin olunmalıdır. Məsələn, Türkiyədə 5 ilə qədər iş təcrübəsi olanlara 9 aylıq, 10 ildən çox mediada “külüng vuranlar”a isə, 18 aylıq keçici kart verilir.
Nəhayət, ən vacib məsələ. Qanun layihəsində vətəndaşın şərəf və ləyaqətinin qorunması ilə bağlı müddəalar var. Bu, normaldır. Mənim israrla etdiyim təklif budur ki, təhqir və böhtan anlayışına yeni qanunda konkret izahat verilsin və bu izah əlaqəli məcəllələrə də salınsın. İlk növbədə o qeyd olunmalıdır ki, ictimaiyyət tərəfindən tanınan şəxslərin tənqidi məqalələrə dözümü sadə vətəndaşdan çox olmalıdır. İkincisi, KİV-də yayımlanmış materialda o söz və ya söz birləşməsi Cinayət Prosessual Məcəlləsində kriminallaşdırılan formaya uyğun desək, “nalayiq formada təhqir” sayıla bilər ki, Azərbaycan ədəbi dilinin leksik normalarına zidd, yəni açıq- aşkar söyüş səciyyəsi daşısın, vulqarizm nümunəsi, yaxud jarqon olsun. Azərbaycan ədəbi dilinin lüğət fonduna daxil olan heç bir söz və söz birləşməsi təhqir sayıla bilməz. Bu, qanun layihəsində aydın və birbaşa yazılmalıdır.
Təsəvvür edin, haqqında məhkəmələr tərəfindən dəfələrlə qərar çıxarılmış və üzərində bu gün də məhkumluq olan bir keçmiş vəkilin ictimaiyyət önündə dəfələrlə ağ yalanlar danışdığını, özü haqqında bioqrafik məlumatları saxtalaşdırdığını, ictimai-siyasi fəaliyyətini macəraçılıq- avantürizm üzərində qurduğunu konkret faktlarla sübut etdiyim halda, xüsusi ittiham qaydasında məhkəməyə verilmişəm. Oğlunun ABŞ-dakı erməni diasporunun nümayəndələri ilə əlaqələrini ifşa etdiyim üçün məndən qisas almağa çalışan iddiaçı həbsimə nail olmaqdan ötrü bütün siyasi hakimiyyəti, hüquq-mühafizə orqanlarını və məhkəmə sistemini şantaj edir. Hakimləri, hüquqşünasları heç demirəm, ümumiyyətlə ağlı başında olan kimsə məhkəmə tərəfindən ictimai təhlükəli əməllərinə görə məhkum edilmiş bir şəxs barədə “salamat adam deyil” yazılmasında təhqirin nədən ibarət olduğunu izah edə bilərmi? Əlbəttə, edə bilməz! Bəs, niyə mən bir ildən çoxdur ki, məhkəməyə çəkilir, məhkəmələr vasitəsi ilə şantaj olunur, təzyiqə, təhdidə məruz qalıram?
Bəli, bu qanun bizi qorumalıdır!
Bu qanun bizi həm də jurnalist fəaliyyətimizə görə mənəvi-psixoloji terrordan qorumalıdır.
Son təklifim elə budur ki, peşə fəaliyyətinə görə, jurnalistlərin şəxsiyyətini hədəfə alınmasının mülki və cinayət məsuliyyəti yaratması qanunda əks olunsun, müvafiq məcəllələrə də bu barədə maddə salınsın. Çünki jurnalistin şəxsiyyətinin hədəfə alınması onun peşə fəaliyyətinə mane olmaq deməkdir.
Taleh ŞAHSUVARLI