Heydər Əliyev Bakını işğaldan necə xilas etdi?

QURTULUŞ- xaosdan xuntaya keçidin qarşısının alınmasıdır!

20 yanvar 1990-cu il.

Azərbaycanın ən yeni tarixinin kilid günü məhz budur.

Həmin gün imperiya qoşunları Bakıya hücum etdi, Azərbaycanın paytaxtında və bölgələrdə qətliamlar baş verdi. Sovet İttifaqının mərkəzi hakimiyyəti, qırmızı Moskva və Azərbaycan Kommunist Partiyası xalqımız arasında etimadını böyük ölçüdə itirdi, Milli Müdafiə Şurası adlanan qurum sıradan çıxdı, Xalq Cəbhəsi pərən-pərən düşdü, Vəzirov iqtidardan getdi, ölkə rəhbərliyinə Ayaz Mütəllibov gətirildi.

Allah rəhmət eləsin, Mütəllibov SSRİ kimi dəhşətli bir imperiyanın tarix səhnəsindən çıxmaq, ölkəmizin müstəqillik qazanmaq ərəfəsində olduğu bir dönəmdə öz üzərinə tarixi məsuliyyət götürə biləcək çapda lider deyildi.

Ayaz Niyazoviçin üç ciddi sorunu vardı.

Əvvəla, onun siyasi kimyası 1988-ci ildən başlayaraq meydana çıxmış kütlələrlə kommunikasiya qurmağa, dil tapmağa imkan vermirdi. İllər keçdikcə, onun hakimiyyət dövrü ilə bağlı yeni məlumatlar, faktlar üzə çıxdıqca görünür ki, Mütəllibov bu yöndə düşünüb, addımlar atıb, amma son nəticədə xalqın qəlbinə sirayət edə bilməyib. Bunun üçün SSRİ-nin dağılmasına praqmatik baxış və qapıda gözləyən müstəqilliyə münasibətdə xalqın tarixi idealının daşıyıcısı olmaq lazım idi ki, Mütəllibov belə bir missiya və viziyadan tamamilə uzaq dəyərlər sistemimin yetirməsi idi.

İkinci səbəb məhz bu idi ki, Mütəllibov prosesləri deyil, proseslər və proseslərin çoxsaylı tərəfləri onu idarə edirdi. Bunun ən bariz örnəyi cəmi bir neçə ay ərzində Mütəllibovun həm SSRİ-nin saxlanması, həm də Azərbaycanın müstəqilləşməsi üçün referenduma getməsi idi. Moskvada baş verən məşhur QKÇP olayından sonra isə, onun iqtidarda qalması artıq Rusiyanın yeni elitası üçün də anlam daşımırdı.

Üçüncüsü, SSRİ-nin dağılması prosesində Azərbaycan Ermənistanın ərazi iddiaları ilə üzləşmiş, Qarabağda etnik separatizm baş qaldırmışdı. Seperatizmin ideoloji qaynağı daşnakçılıq, maliyyə mənbəyi diaspora, cəbbəxanası "imperiya" adlı dəvənin belindən düşüb, ancaq höt-hötündən əl çəkmək istəməyən Rusiya idi. Mütəllibov nə daşnak ideologiyasına qarşı çıxacaq tarix bilincinə malik idi, nə erməni diasporunun təsirli olduğu Qərb dünyasını tanıyırdı, nə də Rusiyaya qarşı milli bir duruş sərgiləyə bilərdi. Bütün bunların fonunda Mütəllibov hətta 28 aprel 2020-ci ildən sonra da respublikaçılıq formatını qorumuş Azərbaycanda nizami milli ordunun yaradılmasından çəkinirdi. Qarabağda erməni separtizminə qarşı silahlı bölmələrin yaradılmasında müxalif təşkilat və liderlər, o cümlədən qara pula və kriminal əlaqələrə malik şəxslər təşəbbüsü ələ almışdılar.

26 fevral 1992-ci ildə ermənilərin və sovet qoşunlarının qalıqlarının törətdiyi Xocalı qətliamı ilə məlum oldu ki, Mütəllibovun Azərbaycanı və azərbaycanlıları qorumaq üçün heç bir planı, gücü, təpəri yoxdur. O, hakimiyyətdə qala bilmədi. Qayıtmağa uğursuz cəhdlər göstərdi, amma yuxarıda bəhs etdiyimiz səbəb-nəticə əlaqələri artıq öz sözünü demişdi.

Mütəllibovdan sonra hakimiyyəti Xalq Cəbhəsi götürdü, prezident Əbülfəz Elçibəy oldu. Keçmiş iqtidarın nümayəndələri mərhum Elçibəy zamanından “demokratik hakimiyyət” deyə bəhs edirlər, ancaq eks prezidentin davasına və dünyagörüşünə rəğmən, həmin hakimiyyəti demokratiya anlayışları üzərindən şərh etmək bu barədə bir balaca nəzəri biliyi olanlar üçün imkansızdır. Həmin hakimiyyət tipik oxlokratiya idi. Oxlokratiya nə özü davamlı ola, nə də hakimiyyəti altında olan coğrafiyaya davamlı inkişaf modeli təqdim edə bilər. Keçmiş hakimiyyət həm də ona görə demokratik sayıla bilməz ki, iqtidar kommunistlərlə bölüşdürülmüş, baş nazir postu Rəhim Hüseynova həvalə edilmişdi. Hökumətin- prezident Elçibəyin və baş nazir Rəhim Hüseynovun qarşısında hesabat verməli olduğu parlament isə, 1990-cu ildə, müstəqillikdən öncə formalaşdırılmış, daha sonra təmsilçilər öz səlahiyyətlərini daha məhdud sayda təmsilçilərə verərək Milli Şura adlı qəribə bir palata yaratmışdılar.

Bir sözlə, çox keçmədən məlum oldu ki, oxlokratların SSRİ-nin dağılması ilə Azərbaycanı da ağuşuna almış iqtisadi böhrana qarşı, yeni sosial münasibətlərə keçid zərurətinə adekvat aydın plan və proqramları yoxdur. Yeni müstəqillik qazanmış dövlət kimi Azərbaycanın xarici siyasəti dünyanın dəyişən dəngələrindən bəhrələnmək əvəzinə, macəraçı axtarışlara əsaslanır. Çox sayda obyektiv və subyektiv səbəbdən 1990-cı ildə formalaşmış parlamenti buraxmaq və yeni seçki keçirərək hakimiyyətin ən əsas qanadını yeniləmək üçün prezidenti, spikeri, vitse spikeri, baş naziri, baş nazirin müavinləri, dövlət katibi, nazirləri, komitə sədrləri, icra başçıları, hətta Müdafiə nazirliyinin mətbuat katibi fərqli siyasi dünyagörüşə malik olan iqtidar konkret addımlar ata bilmədi.

1993-cü ildə hərbi qiyam qaldıran Surət Hüseynov bütün bu proseslərin “surəti” idi. O, Vəzirovun, Mütəllibovun, Elçibəyin hakimiyyətdə olduğu təxminən beş illik bir dönəmdə Azərbaycanda DÖVLƏT qurulmamasından, təməlləri Xalq Cümhuriyyəti dövründə atılmış və pis-yaxşı dövrümüzə çatmış dövlət təşkilatının modernləşməsi, çağla ayaqlaşması üçün təşkilatçılıq vərdişlərinə malik olmayan yüksək səlahiyyət sahibləri ilə strateji milli təhlüksəzlik maraqlarının köklü ziddiyyətlərdən “doğulmuş” xaos planı idi. Surət Hüseynovu qılıqlamaq, idarəçiliyə cəlb etmək, mənsəbə və şöhrətə qərq etmək son nəticədə faydasız olacaqdı. Çünki onu ərsəyə gətirən şərtlər və himayə edən güclər Surəti Azərbaycanda XUNTA formalaşdırmağa təhrik edirdi.

Bəs, Surət adlı qiyamçı və saxta polkovnik nədən Azərbaycanda xunta formalaşdıra bilmədi?

Bunun tək bir cavabı var: 1993-cü ildə oxlokratik hakimiyyəti devirə bildiyi halda, Heydər Əliyevə qarşı bütün çevriliş cəhdləri uğursuz oldu.

1990-ci ildəki 20 yanvar qırğınından sonra Azərbaycanın Moskvadakı səfirliyinin binasında mətbuat konfransı keçirilir. Qocaman siyasi xadim gənc oğlunu da götürüb elçiliyə gəlir, imperiyanın mərkəzində SSRİ-yə meydan oxuyur, Azərbaycan xalqının haqlı mövqeyini və hiddətini bütün dünyaya car çəkir. SSRİ rəhbərliyindəki yüksək postunu itirdikdən, illərlə sistemli və haqsız təqiblərə, təzyiqlərə məruz qaldıqdan və nəticədə bir müddət siyasi fəaliyyətinə ara verməli olduqdan sonra Heydər Əliyev yenidən səhnədə görünür. Sonrasını da bilirsiniz, Əliyev Bakıya döndü, Naxçıvanda yerləşdi. O, Bakıdakı hakimiyyətin bütün təzyiq və əngəllərinə rəğmən deputat və muxtar respublikada Ali Sovetin sədri seçildi və Azərbaycanın 1993-cü ildə sosial, iqtisadi, siyasi və hərbi böhranla üzləşdiyi ən ağır çağında, xaosdan xuntaya keçid ərəfəsində tarixi məsuliyyəti öz üzərinə götürərək QURTULUŞ dastanı yazdı.

Bu dastanın çox boyu, çox qolu, çox səhifəsi var, ancaq ƏSAS ADAM məhz Heydər Əliyevdir, cəsarətli, qətiyyətli, müdrik, yüksək təşkilatçılıq qabiliyyətinə və diplomatik məharətə, idarəçilikdə böyük təcrübəyə malik, toplumu, post-sovet məkanını, regionu və dünyanı dərindən tanıyan, ömrünü sözün əsl mənasında millətə və dövlətə həsr edən, hətta fəda etməyə hazır olan MİLLİ LİDERdir. Heç də təsadüfi deyil ki, Heydər Əliyevin rəhbərlik etdiyi muxtar respublika mərkəzi hakimiyyətdən daha öncə müstəqillik elan edib və üçrəngli bayraq da yeni dövrdə ilk dəfə onun tərəfindən rəsmiləşdirilib.

1722-ci ildə Gülnəbad döyüşündə Səfəvilər məğlub olmuş, əfqanlar hücum çəkib İsfahanı tutmuşdular. Gəncə qiyamında məğlub olan Elçibəy hakimiyyətinin Bakını 20-ci əsrin xötəkisi Surətə təhvil verməsi gün məsələsi idi. 18-ci əsrin əvvəllərində Azərbaycan xalqının dövlət refleksləri işə düşdü, Əfşar elindən olan Nadiri iqtidara çağırdı və çox keçmədən dövlətin paytaxtı azad edildi, itirdiyi ərazilər bərpa olundu. Bunu xatırlatmaqda məqsədim Nadir şahla Heydər Əliyevi müqayisə etmək deyil, çünki dövr, şərtlər və şəxsiyyətlər tamamilə fərqli olduğundan bu tutuşdurmanın nə qədər uğursuz olduğunu bilirəm. Söhbət xalqdan və dövlət reflekslərindən gedir.

1918-ci ildə Bakıda bir bələdiyyə və bir də kommuna vardı. Bələdiyyə başqanı gənc Fətəli xan Xoyski idi, bolşeviklərə isə Stepan Şaumyan rəhbərlik edirdi. Aranın möhkəm qarışdığı, məzhəbin itdiyi dönəmlərdən biri idi. Ancaq Şaumyan bələdiyyəyə qalib gəldi, mart qırğını baş verdi. Xan Xoyski Bakıya bir də sentyabrda AXC-nin baş naziri kimi, Nuru paşanın komandanlıq etdiyi Azərbaycan və Osmanlı birliklərinin şəhəri azad etməsindən sonra döndü. Bu faktı niyə yada salıram? Çünki 1918-ci ildə Bakını itirməmək imkanı vardı, bunun üçün bələdiyyə təşkilatı daşnak-bolşevik çətəsindən güclü olmalıydı. Əgər 1918-ci ilin mayında, Azərbaycan müstəqilliyini elan edərkən Bakı bizim nəzarətimizdə olsaydı, əminəm ki, Xalq Cümhuriyyəti heç bir halda və formada İrəvanı güzəştə getməzdi.

20-ci əsrin sonlarında erməni separatizminin yenidən baş qaldırması mənfur düşmənlərimizə Qarabağda müvəqqəti qələbə qazandırdı, torpaqlarımız işğal olundu, Ermənistana birləşə bilməyib qondarma bir respublika qurdular. Ancaq bu hadisələr nəticəsində Bakını itirdilər. Əgər Surət Hüseynovun xuntası paytaxtımızı ələ keçirsəydi- hərbi və siyasi anlamda-, bunun hötəkilərin İsfahanı tutması, Şaumyanın Bakıda hakimiyyəti ələ keçirməsi arasında heç bir fərq olmayacağı anlamına gələcəyini başa düşmək o qədər də çətin deyil.

Heydər Əliyevin müstəqillik tariximizdə ilk və dövlətçiliyimizin 30 il ərzində qazandığı bütün nailiyyətlərin, o cümlədən Qarabağın azad edilməsinin əsasında dayanan misilsiz xidməti Bakının işğal edilməsinə imkan verməməsidir.

Bu prizmadan baxanda Heydər Əliyevin siyasət səhnəsinə yenidən Bakının sovet qoşunları tərəfindən zəbt edilməsinə etirazla çıxması da təsadüfi deyil.

Taleh ŞAHSUVARLI