Əsrə bərabər yarım gün Əsrə bərabər yarım gün

"Qisas əməliyyatı"nın hərbi və siyasi təhlili

Əsrə bərabər yarım gün

Qarabağda müvəqqəti yerləşmiş və yerləşər-yerləşməz korrupsiyaya uğramış Rusiya "sülhməramlılar"ının məsuliyyət zonasında erməni çətələrinin təxribat törədəcəyi gözlənilən idi. Artıq bir neçə gün idi ki, Ermənistan Kəlbəcər istiqamətindəki sərhəd məntəqələrində atəşkəsi pozurdu və bununla həm cəmiyyətimizdə psixoloji gərginlik yaradır, həm də Azərbaycan Silahlı Qüvvələrinin komandanlığının nəbzini yoxlayırdı. Eyni zamanda, diqqəti təxribat törədiləcək zonadan yayındırırdı.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tiflisdə keçirilən görüşündə rəsmi İrəvan destruktiv mövqe nümayiş etdirmiş, ancaq prezident Əliyevin konkret və qəti mesajları qarşısında ortamı yumşaltmaq üçün bir-iki gün sonra Qarabağa çağırışçılar göndərməyəcəyini, Xankəndi və çevrəsindəki əsgərlərini isə demobilizasiya edəcəyini açıqlamışdı. Ancaq bu, məsələyə səthi yanaşma idi və heç şübhəsiz, II Qarabağ savaşının qalibi kimi Azərbaycanı qane edə bilməzdi. Azərbaycan Ermənistanın "kapitulyasiya aktı" olan Üçtərəfli Bəyanata əsasən, hazırda Rusiya sülhməramlılarının məsuliyət zonasında olan torpaqlarımızla bağlı İrəvan qarşısında iki əsas məsələ qaldırır və qaldırdığı məsələlərin konkret həllini istəyir:

1) Qarabağda erməni silahlı qruplarının tam ləğvi;

2) Laçın-Xankəndi yolu üzrə marşrutun dəyişdirilməsi.

Ermənistan bu tələblərin heç birini yerinə yetirmək istəmir, məsələni uzatmağa, mübahisələndirməyə, yeni status-kvo yaratmağa çalışır. Odur ki, 10 noyabr 2020-ci ildən sonra tez-tez Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqla "münaqişə bitməyib" mesajı verməyə cəhd edir. Bu mesajın Qırxqız dağlarındakı Azərbaycan postlarını ələ keçirməklə "təzələnməsi" Ermənistana ona görə lazım idi ki, danışıqlarda Qarabağdakı erməni silahlı qruplarının nəzarətində olmadığından dəm vursun və Laçın-Xankəndi yolu üzrə marşrutun dəyişdirilməsi üçün Azərbaycanın yaratdığı real şəraiti pozsun. Ermənistan məhz bu məqsədlə hərbi təxribat törətdi, mövqelərimizə cinah hücumları gerçəkləşdirdi, ordumuzun bir əsgəri şəhid oldu. Silahlı Qüvvələrimizin sərt cavabı gecikmədi və mediada "Qisas" adlandırılan anti-terror əməliyyatına dərhal start verildi.

Dünən axşam saatlarında Azərbaycan Müdafiə Nazirliyi brifinq keçirdi, polkovnik-leytenant Anar Eyvazov anti-terror əmilyyatı ilə bağlı rəsmi bilgi verdi və görüntülər yaydı.

Həmin görüntülərə əsasən deyə bilərik ki, şanlı ordumuz ilkin həmlələrin qarşısını almaqla yanaşı, arxadan gələn əsas hücum qruplarına və hücumdan sonra "ələ keçiriləcək məntəqələrə" dislokasiya olunacaq düşmən birliklərinə havadan və qurudan sarsıdıcı zərbələr endirib. Ancaq Müdafiə Nazirliyimizin açıqlamasında və yaydığı görüntülərdə bir mühüm nüans var ki, onun üzərində xüsusi dayanmaq gərəkdir.

Belə ki, MN uğurla keçirilən anti-terror əməliyyatı nəticəsində düşmənin Yuxarı Oratağ məntəqəsində yerləşən hərbi hissəsinə havadan zərbə endirilməsindən söz açıb. Bu kənd Sərsəng su anbarından bir qədər aralıda, Umudlu, Qozlu, Heyvalı, Həsənriz kimi məntəqələrə yaxın yerləşir. Google-yə məlum olan yollara görə, Yuxarı Oratağ Kəlbəcər, Ağdərə, Xankəndi şəhər mərkəzlərinə 1 saatlıq məsafədədir. Hər üç istiqamətdə təxminən 1 saatlıq yola malik olması və dağətəyi ərazidə yerləşməsi hərbi hissənin düşmənin əsas qüvvələrindən biri olduğunu təsdiqləyir.

Deməli, "Qisas" əməliyyatı zamanı ordumuz təkcə yeni döyüş mövqeləri qazanmaq istəyən düşmənin dozor bölmələrini məhv etməyib, eyni zamanda DƏRİNLİKDƏKİ HƏDƏFLƏRİ yerlə-yeksan edib. Bu isə o anlama gəlir ki, 44 günlük savaşda gücünün yarıdan xeyli çoxunu itirmiş işğalçı ordunun qalıqları Rusiya "sülhməramlıları"na fahişə xidməti təşkil etməklə özlərini toxunulmaz saymamalıdır. Azərbaycan SQ- nin texnikası və şəxsi heyətinin hazırlığı imkan verir ki, işğalçı ordu qalıqları cəmi bir neçə gün ərzində tamamilə məhv edilsin.

Beləliklə, "Qisas" əməliyyatı bir daha sübut etdi ki, Azərbaycanın danışıqlar masasında irəli sürdüyü tələblər ya yerinə yetirilməlidir, ya da Ali Baş Komandan İlham Əliyevin təbirincə desək, "biz öz işimizi bilirik".

Bəs, Nikol Paşinyan necə, öz işini bilirmi?

Qırxqız və Sarıbaba yüksəkliklərində burnu yarım gün içində yenidən ovulandan sonra verdiyi açıqlamalar göstərir ki, Ermənistanın baş naziri sülhə doğru qəti addımlar atmağa cəsarət etmir və 44 günlük savaşdan sonra yaranmış yeni reallığın qarşısına dikilərək özünü Azərbaycana şərt irəli sürmək səviyyəsində olan ciddi fiqur zənn edir.

Əvvəla, Nikol Paşinyan hər gün bir neçə dəfə bir vacib reallığı özünə xatlrlatmalıdır ki, onun hakimiyyətdə qalması Ermənistandakı nüfuzundan çox, Azərbaycanın dolayı siyasi dəstəyinin nəticəsidir.

İkincisi, əgər Nikol Paşinyanı Azərbaycan bu gün "muhattap" kimi qarşısına alırsa, bu, inersiyadır. Dərinə gedəndə, Azərbaycanın süni və vassal dövlət olan Ermənistanla danışacağı heç bir mövzu qalmayıb, İrəvanın da Bakı ilə şərtlə danışmağa heç bir hərbi, siyasi, iqtisadi gücü yoxdur.

Budur, Nikol Paşinyan deyir ki, Azərbaycan Dağlıq Qarabağın və təmas xəttinin mövcudluğuna, Laçın dəhlizinə "vacib reallıq" kimi hörmətlə yanaşmalıdır.

Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati vahid, iqtisadi zona yoxdur. Olmayan bir vahidin Azərbaycanla nə iç, nə də dış sərhədi, təmas xətti ola bilməz. Söhbət Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi zonadan gedirsə, orada erməni silahlı çətələri olmamalıdır. Qarabağdakı erməni əhalisinin təhlükəsizliyinə Azərbaycanın Ana Yasası, qoşulduğumuz beynəlxalq konvensiyalar, o cümlədən 5 illik müddət üçün Üçtərəfli Bəyanata əsasən bölgədəki Rusiya kontingenti verir.

Nəhayət, Azərbaycan Laçın-Xankəndi arasındakı köhnə yolu bağlamağa tam haqlıdır və Rusiya kontingentinin də borcudur ki, yeni yol ətrafında dislokasiya olunsun.

Bu halda Ermənistan nə edəcək: Laçın şəhərindən çıxmayacaq, yoxsa "köhnə yolu" hərbi nəzarətə götürəcək?

Sual ritorikdir və cavabı bəllidir: Paşinyan yenə telefonlardan asılı qalar!

Taleh ŞAHSUVARLI