CƏMİL VƏ MƏMMƏD HƏSƏNÇİLİK- I MƏQALƏ

Özünü qısaca “Milli Şura” adlandıran marginal qurumun sədri Cəmil Həsənlinin çıxış və müsahibələrini izləməkdən şüurlu surətdə yayınıram. Hələ Respublika Tarix Liseyində təhsil aldığım zamanlarda onun “Ağ ləkələrin qara kölgəsi” adlı kitabı çapdan çıxmışdı və son dərəcə məhdud maddi imkanlarıma rəğmən birinci aldığım nüsxə çap baxımından keyfiyyətsiz olduğundan o kitaba iki dəfə pul saymışdım. Mənim təşviqimlə liseyin az qala bütün şagirdləri o kitabı aldı, oxudu, günlərlə müzakirəsi getdi. Orta məktəb proqramından çıxarılıb BDU-nun tarix fakültəsinin dərsləri verilən lisey şagirdlərinin nəzərində müəllif sözün əsl mənasında böyümüşdü. Haçansa uşaq gözümdə bir alim kimi çox böyütdüyüm Cəmil Həsənli 2013-cü ildən bəri özünü xırdalamağa, yıpratmağa, biabır etməyə israr göstərir və hər dəfə danışdıqca o samballı tarixçidən, öz tədqiqat dövrünü yetərincə araşdırmış professordan əsər-əlamət qalmır. İllər öncə Rusiyanın təlimatı ilə yaradılan “Milli Şura”nın sədrliyinə ehtiyat oyunçular skameykasından gətirilmiş, prezidentliyə namizədliyi çarəsizlikdən göstərilmiş və bütün bunlara könüldən razı olmaqla urvatsızlaşmağı fatal aqibətə çevirmiş Cəmil Həsənli əsrimizin Məmməd Həsən Hacınskisi təəssüratını yaratmaqdadır. Hacınski öz siyasi fəaliyyətinə solçu kimi başlamış, az sonra radikal sağçı “Difai”nin qurucuları sırasında yer almış, panislamist Müsavat firqəsinin yaradıcılarından biri olmuş, “Qırmızı Rusiya ilə dil tapacağına” vəd verərək Nəsib Bəy Yusifbəyli hökumətinin yıxılmasında fəal iştirak etmiş və nəhayət, hökumət qura bilməmiş və ya bunu heç istəməmiş, AXC-nin süqutundan bir neçə gün öncə rəsmən bolşeviklərə qoşulmuşdu.

Cəmil Həsənli heç zaman Azərbaycanda dövlət başına gələcək, lider kimi uğur qazanacaq siyasətçi olmayıb. Eynilə Hacınski kimi ondan Azərbaycanda hakimiyyət böhranı yaratmaq üçün istifadə ediblər və bu gün də edirlər. Hər halda adının önündə “tarix professoru” daşıyan marginal qrup rəhbəri çox yaxşı bilir ki, müharibə vəziyətində olan bir dövlətdə mərkəzi hakimiyyətin zəifləməsi, ideoloji bazasının sarsılması ilk növbədə düşmən dövlətin və düşmən dövlətin himayəçilərinin arzusu, prioriteti olur. 20-ci əsrin əvvəllərində Rusiya-Yaponiya müharibəsində çara qarşı təbliğat aparmaq, qiyam, iğtişaş yaratmaq üçün general Motodziro Akasi kisəsinin ağzını açmışdı, amma o dövrdə bircə sağ müxalifət lideri öz xalqının və dövlətinin əleyhinə bəyanat verməmişdi. Cəmil Həsənli və onun qurama şurası isə Xankəndinin Azərbaycanın nəzarətinə keçməsi, Qərbi Zəngəzurun dəhlizləşdirilərək nüfuz dairəmizə çevrilməsi, İrəvanın tam suqsvanq vəziyyətinə gətirilməsi üçün prezident Əliyevin atdığı ardıcıl və sistemli addımları, yürütdüyü siyasi, hərbi və ideoloji kursu demontaj etmək istəyənlərin sözçülüyünü edir.

Bütün bunlara rəğmən onun yutuber Qubad İbadoğlunun proqramında Əliyevlərin ünvanına səpələdiyi suçlamalara cavab verməyəcəm. Ona görə yox ki, istəmirəm və ya bacarmıram. Ona görə ki, dünyaya İlham Əliyevdən 9 il öncə gəldiyi halda, namizədlik dissertasiyasını onunla cəmi bir il fərqi ilə müdafiə edə bilmiş Cəmil Həsənlinin nəinki Azərbaycan prezidentinə, ümumiyyətlə heç bir şəxsə hər hansı bir tarixi dövr barədə rəy bildirməyə öz aləmində yasaq qoyması, 20-ci əsrin tədqiqat mövzularının problemlərini 21-ci əsrin siyasi məsələləri ilə sığortalamağa çalışması elmin hətta “psevdo” şəkli də deyil.

Məsələn, C.Həsənli mərhum prezident Heydər Əliyevi 16 iyun 1981-ci ildə Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanunun 3-cü maddəsinə görə ittiham edir. Həmin maddədə göstərilir: “Muxtar vilayətin ərazisi Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin razılığı olmadan dəyişdirilə bilməz”. Həsənlinin iddiasına görə, məhz bu maddənin Heydər Əliyevin birinci hakimiyyət dönəmində sözügedən qanuna salınmasından sonra ermənilər özlərini Dağlıq Qarabağın əsl sahibi hesab etməyə başlayıblar və 1980-ci illərin sonunda Qarabağ münaqişəsinin alovlanmasının arxasında bu amil dayanır. Cəmil Həsənli 1992-ci ildə Elçibəy hakimiyyətində humanitar məsələlər üzrə dövlət müşaviri postunu tutanda onun düşmən ölkədəki həmkarı, tarix elmləri doktoru, professor V. Mikaelyanın redaktorluğu ilə erməni tarixçilərinin “Dağlıq Qarabağ: 1918-1923-cü illərdə. Sənədlər toplusu” adlı kitabı nəşr olunub. Nəşrdə həmin dövrdə erməni təşkilatlarının, siyasətçilərinin və silahlı çətələrinin təkcə Qarabağın dağlıq hissəsi yox, bütövlükdə Zəngəzur, Naxçıvan, Gəncə uğrunda hansı iddialar ortaya qoymasının, mənfur məqsədləri uğrunda necə “entuzazm”la fəaliyyət göstərdiklərinin rəsmi sənədləri yer alıb. O sənədlərdən heç olmazsa birinin üzünü görənlər Azərbaycan SSR-nin 1978-ci il konsitutusiyasında DQMV ilə bağlı müddəaların cəmi iki bəndə endirilməsinin arxasındakı siyasi iradəni və uzaqgörənliyi fərq etməyə bilməzlər. Məxsusi olaraq xatırladım ki, Azərbaycan SSR-nin 1937-ci ildə qəbul olunmuş Əsas Qanununda DQMV ilə bağlı nə az, nə çox, düz 10 bənd vardı- 75-85-ci maddələr. Üstəlik, istər 1927-ci il (maddə: 56), istərsə də 1937-ci ildə (maddə:85) qəbul olunmuş konstitusiyalara və SSRİ-nin müvafiq konstitusiyalarının tələblərinə əsasən, DQMV ilə bağlı ayrıca hüquqi-normativ akt qəbul edilməli idi.

1937-ci il konstitutusiyasına görə (maddə: 19.C), Azərbaycan SSR “öz ali hakimiyət orqanları və dövlət idarə orqanları sifətində” yalnızca “Dağlıq Qarabağ Avtonom Oblastının sərhədlərini və rayon bölgülərini “təsdiq etmək” səlahiyyətinə malik idi. Müqayisə üçün deyim ki, Azərbaycanın muxtar olmayan hissələrində bu səlahiyyət rayon bölgülərini “qərarlaşdırmaq”dan ibarət idi. Fərqə diqqət etdinizmi? 1981-ci ildə qəbul olunmuş qanundakı formula əsasən Azərbaycan SSR tərkibindəki DQMV-nin ərazilərini dəyişdirmək hüququnu əlində tuturdu. DQMV-də inzibati-ərazi dəyişikliklərinə qanuni zəmin yaradan formuldakı incəliyi, həmçinin vilayətin erməni deputatlarından birinə Ali Sovetdə müavin statusu verməklə qarşıya qoyulan məqsədi həyata keçirməyə görülən siyasi tədarükü geniş izah etməyə lüzum görmürəm. Əlavə olaraq xatırladıram ki, DQMV-nin ümumrespublika orqanlarında proporsinal şəkildə iştirakı 24 noyabr 1923-cü ildə qəbul olunan əsasnamədə əks olunmuşdu. Bu sənədin surəti tarix elmləri doktoru D. Quliyevanın redaktorluğu ilə 1989-cu ildə çap olunan “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına dair sənədlər və materiallar: “1918-1925-ci illər” adlı topluda mövcuddur. 1981-ci ildə qəbul olunan qanunla tanış olan hər kəs onu da görür və bilir ki, 3-cü maddədə daha sonra yazılır: “Muxtar vilayətin sərhədlərinin dəyişdirilməsi, rayonlarının, şəhərlərinin, qəsəbələrinin və digər yaşayış məntəqələrinin təşkil və ləğv edilməsi, adlandırılması və adlarının dəyişdirilməsi, habelə muxtar vilayətin rayonlarının inzibati mərkəzlərinin müəyyən olunması və başqa yerə keçirilməsi SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən edilən qaydada təmin olunur”. Yəni, sözügedən qanunla DQMV-nin yerli hakimiyyət orqanlarının milli maraqlarımıza zidd şəkildə inzibati ərazilər sahəsində özfəaliyyət imkanları tamamilə qapadılmışdı. Eyni zamanda, Azərbaycan SSR-nin Heydər Əliyevin birinci hakimiyyət dövründə qəbul olunan konstitusiyasında 1937-ci ildəki Əsas Qanunun 66-cı maddəsində erməni dlinə Naxcıvanda verilən hüquqlar da “yoxa çıxmışdı”. Sözügedən maddəyə əsasən “Naxcıvan ASSR Baş Sovetinin qəbul etdiyi qanunlar, Naxcıvan ASSR Xalq Qomissarları Sovetinin qərar və binagüzarlıxları Azərbaycan və erməni dillərində” (!!!-T.Ş) elan edilməli idi.

İndi isə sayğılı oxucuların diqqətinə Azərbaycanın müstəqilliyinin necə elan edilməsi ilə bağlı bir “tədqiqat nümunəsi” təqdim edirəm:

“İclasın sədri Həsən bəy Ağayev sakitliyi bərpa etmək məqsədi ilə karandaşın əks ucunu masaya döyəcləyərək ayağa qalxır və bildirir ki, Azərbaycanın müstəqilliyinin lehinə və əleyhinə iki təklif var. Birinci təklif Xəlil Bəy Xasməmmədova, ikinci təklif Fətəli Xan Xoyskiyə aiddir. Hər iki təkliflə əlaqədar fərqli mövqelər səsləndi. Mən birinci Xəlil bəy Xasməmmədovun təklifinə- Azərbaycanın müstəqilliyinə səs verməyə Sizi dəvət edirəm. Bu səsvermədə bitərəf qalmaq istəyənlər lütfən məclisi tərk etsinlər”.

Bu, müəllifi Cəmil Həsənli olmasa da, Azərbaycanda AXC ilə bağlı yazılmış minlərlə “elmi”məqalənin birindən ilk baxışdan təəccüb doğurmayan abzasdır. Ancaq məsələ ondadır ki, bu xırdaca abzasda tarix bir neçə böyük təhrifə yol verilib.

Əvvəla, müəllif iddia edir ki, Həsən bəy karandaşın əks ucunu masaya döyəcləyib ayağa qalxdı. Milli Şuranın Tiflisdəki 28 may 1918-ci ildə keçirilmiş iclasının hazırda Milli Arxiv İdarəsində saxlanılan protokolunda belə bir haldan bəhs olunmur. Sadəcə o yazılır ki, müstəqilliyin elanı zaman hər kəs tarixi bəyannaməyə sayğı duruşuna qalxmışdı. Ehtimal oluna bilər ki, yəqin tədqiqatçı bu cümlələri yazanda hansısa başqa qaynağa istinad edib. Bardağa dolu tərəfindən baxaraq “olsun” deyək, hərçənd bu halda qaynaq göstərilməli idi. Tutalım, başqa bir mənbədə yazılıb ki, məsələnin müzakirəsində həqiqətən də Həsən bəy Ağayev “karandaşın əks ucunu masaya döyəcləyərək” ayağa qalxıb. Ancaq Həsən bəy “ayağa qalxanda” müəllifin dediyi sayaq Fətəli xanı “Azərbaycanın müstəqilliyinin əleyhinə” olan şəxs kimi təqdim edə bilərdimi? Edə bilməzdi! Çünki iclasın rəsmi protokolundan da görünür ki, Fətəli xan Xoyski Azərbaycanın müstəqilliyini yox, onun 28 mayda elan olunmasını məqsədə uyğun saymır, yerli və geopolitik şərtlər, o cümlədən “Batum danışıqları”ndakı ziddiyyətlər durulana qədər gözləməyi məsləhət bilirdi:

“Şuranın üzvü F.X.Xoyski təklif edir ki, yerlərdə bir çox məsələlər aydınlaşa qədər Azərbaycan müstəqilliyinin elan ediməsindən çəkinmək, lakin böyük güclərlə (sənəddə “derjava” kimi qeyd olunur- T.Ş) sülh danışıqları aparmaq üçün Azərbaycanın tam hüquqlu hökumətini formalaşdırmaq lazımdır”.

Nəhayət, rəsmi protokoldan da göründüyü qədər, Xoyski özü də müstəqilliyin elan olunmasının lehinə səs vermiş və cəmi iki nəfər-Sultan Məcid Qənizadə və Cəfər Axundov- bitərəf qalmışdı. Halbuki, məqaləyə inansaq, sədr Ağayev öz spiker səlahiyyətindən istifadə edərək bitərəf qalmaq istəyənlərə psixoloji basqı etmiş, hətta onları bəribaşdan iclasdan qovmuşdu.

(Məqalənin ardı bu gün saat 15:00-da yayımlanacaq)

Taleh ŞAHSUVARLI,

AzNews.az xəbər portalının Baş redaktoru