- Redaktor masası
- 12 Yanvar 2023 17:02
- 12 388
Faktsız və mənbəsiz tarix ola bilməz!!!
Dünən dostlardan biri mesaj atdı ki, sənin əleyhinə babat qeybət gedir neçə gündür. Baxdım. Aralarında hörmət etdiyim bir neçə imza da var. Qalanı elmi dünyagörüşə malik olmayan və olmayacaq, bütün fəaliyyətləri dedi-qodu üzərində qurulmuş uğursuz tiplərdirlər. Belələrinə fikir verməyə dəyməz. Ancaq dərin qısaca bir arayış vermək istəyirəm.
Tarixin bir elm kimi "açar"ı budur: "Tarixi mövzuda tədqiqat aparan mütəxəssisin ilk işi faktları üzə çıxarmaqdır. Faktlar mənbələrdə əks olunur. Mənbə yoxdursa, fakt, fakt yoxdursa, tarix yoxdur".
Fakt və mənbə olmadan heç bir tarixi mövzuda nəticə hasil etmək mümkün deyil. Bu, əlbəttə, ciddi intellektual adamlara aiddir. Təndir başında qeybət edənlərə yox.
Mənim aydın məsələdir ki, Rəsulzadəyə heç bir önyarğım və qərəzim ola bilməz. Tam əksinə sevdiyim tarixi şəxsiyyətlərdən biridir.
Ancaq deyilirsə ki, Rəsulzadə 1918-ci ilə qədər Azərbaycanın istiqlalı uğrunda mübarizə aparıb, bunun arxasında fakt, faktın əks olunduğu mənbə lazımdır. Varsa, nə yaxşı. Amma yoxdursa, deməli, yoxdur və deyilən fikir yanlışdır. Bu məqamdan sonra ciddi bir araşdırmaçı və gerçək intellektual üçün sual artıq Rəsulzadənin şəxsiyyəti deyil və ola bilməz. Sual o olmalıdır ki, nədən Azərbaycan ictimai fikir müəssisəi istiqlal ideyası ortaya çıxara, bu hədəf uğrunda təşkilatlana bilmədi?
Məsələn, deyirlər:
"1917-ci il inqilabına qədər... Qafqazda... müstəqil cümhuriyyət ideyasını müdafiə edən heç kim ola bilməzdi"
1914-cü ildə Gürcüstan siyasi fəalları xaricdə "Gürcüstanın Müstəqillik Komitəsi"ni yaratmışdılar.
Deyilə bilər ki, bu komitə Qafqazda deyil, xaricdə fəaliyyət göstərirdilər. Ancaq gəlin bu komitənin 5 əsas hədəfinə baxaq:
1) Gürcüstanın içindəki siyasi vəziyyəti diqqətdə saxlamaq və gürcü partiyaları ilə əlaqələr qurmaq;
2) Gürcüstanın müstəqilliyi uğrunda ölkədə və xaricdə təbliğat aparmaq;
3) Gürcüstana silah ötürmək;
5) Türkiyədə (Osmanlıda) gürcü legionu formalaşdırmaq o məqsədlə ki, ondan Gürcüstanın müstəqilliyi uğrunda mübarizədə istifadə olunsun.
Məmməd Əmin Rəsulzadə Bakıya 1913-cü ildə İstanbuldan qayıtmışdı, orada mühacirət həyatı yaşayırdı. Gürcülər Avropada, Türkiyədə və ölkələrinin daxilində öz xalqlarının azadlıq uğrunda mübarizə aparması niyə mümkün idi də, amma azərbaycanlıların bu işi görməsi "tez" və ya "mümkünsüz" idi?
"Qafqazda ola bilməzdi" kimi psevdo "arqument"in nə qədər çürük olduğunu görürsünüzmü?
Bir daha deyirəm, əgər Rəsulzadə bu işi görməyibsə, onu qınamıram. Heç kimə, - xüsusən də tarixdə- "sən bunu nədən etmədin", yaxud "niyə belə etmədin" demək olmaz. Bu, absurddur.
Amma çürük arqumentlər istehsal edib "ola bilməzdi" demək, anologiya metodundan istifadə edən tarix elmi üçün həqarətdir.
Əsas sual isə mənim üçün budur ki, Rəsulzadənin etmədiyini, yəni Azərbaycanın istiqlalı uğrunda mübarizənin təşkil olunmasını bəs başqaları niyə etmədi?
Bu barədə geniş yaza bilərəm. Ancaq ictimai rəyin bu barədə düşünməsi üçün öncə o fakt etiraf və qəbul olunmalıdır ki, Rəsulzadə 16 may 1918-ci ilə qədər Azərbaycanın milli istiqlalından bir cümlə də olsun bəhs etməyib.
Taleh ŞAHSUVARLI