- Redaktor masası
- 14 Fevral 2023 20:37
- 13 563
Əli Kərimlini məcburmu edirlər?

2020-ci ildə Azərbaycan gündən-günə güclənən ordusu ilə tarixi zəfərə imza atdı.
44 günlük müharibənin başlanmasından cəmi 1 həftə, 10 gün öncə kimə desən ki, vətəndaş cəmiyyətinin nümayəndələri Şuşaya səfər etmək üçün qırğına çıxacaqlar, adama gülərdilər.
Ancaq bütün bunlar "Dəmir yumruq" əməliyyatı ilə gerçək oldu.
Qələbəmizə inanmayanlar vardı.
Azərbaycan Ordusunun gücünə xalqımızın inamını sarsıtmaq üçün səhər-axşam youtub kanallarında dil boğaza qoymayanlar vardı.
Hərbiçi kimi hərbiçi, siyasətşünas kimi siyasətşünas, ekspert kimi ekspert olmayanlar dövlətə, Şuşanı azad edəcək müzəffər Ali Baş Komandana yol göstərirdilər.
Müharibə başa çatdıqdan sonra Azərbaycanın tarixi qələbəsinə qarşı çıxışlar etdilər.
Boşboğazları bir qırağa qoysaq, anti-Azərbaycan kampaniyasının çeşidli subyektləri vardı.
Rusiya, İran, Qərb və erməni diasporunun təsirində olan qrant şəbəkəsi qələbənin Azərbaycan xalqında yaratdığı inamı qırmaq üçün fasiləsiz çalışırdılar.
Əsas ideoloqları AXCP sədri Əli Kərimli idi.
Sadəcə, AXCP sədri Əli Kərimli deyil, Qarabağ konflikti dalğasında siyasətə gələn nəslin nümayəndələrinin 44 günlük savaşdan sonra ata biləcəkləri ən etik və təqdirəlayiq addım siyasəti tərk etmələri ola bilərdi.
Nəinki özlərində buna cəsarət tapdılar, hətta heç bir mənəvi əndazə gözləmədən yaranan yeni reallıqda Azərbaycanın milli maraqlarına qarşı açılan cəbhədən boy göstərdilər.
Mən bir jurnalist, siyasi şərhçi olaraq bütün varlığımla plüralizimin zəruriliyinə inanan adamam.
Azərbaycanda siyasət institutunun güclü olmasını, çeşidli partiyalar arasında sağlam diskussiyalar getməsini könüldən arzulayan biriyəm.
Ancaq plüralizm, müxalifətçilik, rəqabət belə olmur.
AXCP sədri şüurlu, yaxud fərqində olmadan- Əli Kərimlinin fərqində olmadan söz danışacağına əsla inanmıram- illərdir Azərbaycanın qapısına qol atmaq üçün çalışır.
Bunun ən son örnəyini təqdim edirəm.
Əli Kərimli deyir: “Avropa İttifaqının missiyasının Azərbaycana buraxılmaması səhv addımdır”.
Avropa İttifaqının missiyasının Azərbaycanla sərhəd zonasına gəlişi Ermənistan üçün strateji hədəflərdən biridir. Ermənistan öz gücü və resursları ilə belə bir niyyətini reallaşdıra bilməzdi. Missiya Fransanın sayəsində və təkidi ilə formalaşdı. Lakin bu məsələnin müzakirəsində prezident Əliyev bildirdi ki, missiya hələ müəyyənləşməmiş və çəkilməmiş sərhədin Ermənistan hissəsində fəaliyyət göstərə, biz tərəfə keçə bilməz. Dövlət başçısının bu qətiyyətli mövqeyi həm takriki, həm də strateji baxımdan olduqca sərrast idi. Bu barədə zamanında ayrıca təhlil yazdığımdan səbəblərini təkrarlamağa lüzum görmürəm. Sadəcə, 90-cı illərin əvvəllərində mərhum prezident
Heydər Əliyevin sabiq xarici işlər naziri Tofiq Qasımova ünvanladığı sualı AXCP sədrinə yönəltmək istəyirəm: axı, sən nə istəyirsən, Əli Kərimli?
Doğrudan da Əli Kərimlinin nə istədiyini, öz publik çıxışlarını hansı marağa hesabladığını anlamağa çalışıram və etiraf edim ki, hakimiyyət iddasında olan bir siyasətçiyə lazım olan məntiqi, maraqları belə görə bilmirəm. Bir müddət əvvəl Fransa prezidentinin ermənipərəst açıqlamasından sonra Əli Kərimlinin Emmanuel Makrona "vəkillik" etməsi kimi, AXCP sədrinin Parisin təkidi ilə formalaşan missiyanın Azərbaycana gəlməsi üçün nədən qol çırmaladığı da mübhəmdir.
Bəli, müxalifətin işi hakimiyyəti tənqid etməkdir. Ancaq mövzu dövlət maraqları olunca, müxalifətdə dayanan hər kəs, ilk növbədə partiya sədrləri "rozet"ini çıxarmalıdır. AXCP sədrinin timsalında buna nə mane olur? Belə görünür ki, bir çox xarici ölkələrin, o sıradan Fransanın Əli Kərimliyə nəinki Azərbaycanın dövlət mənafelərinə, hətta öz praqmatik maraqlarına da uyğun olmayan açıqlamalar verdirməsi üçün əlində təzyiq rıçaqları var.
Taleh ŞAHSUVARLI