Polisin, prokurorluğun, məhkəmənin üstünə narkotik atan "hüquq müdafiəçiləri"

Latınca kəlamdır:

"Ei incumbit probatio qui dicit, non qui negat"

Yəni, təqsirin sübut olunması təqsirləndirilən şəxsin yox, təqsirləndirən tərəfin borcudur.

Təqsirsizlik prezumpsiyasının əsası məhz bu kəlama dayanır.

Azərbaycan Konstitusiyasının 63-cü maddəsində bu barədə yazılır:

I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.

IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.

V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

Ancaq bir şəxs barəsində cinayət təqibinin başlanması HƏLƏ həmin vətəndaşın təqsirkar olduğuna dəlalət etmədiyi kimi, şərləndiyi və hüquq-mühafizə orqanları, məhkəmələr tərəfindən qanunsuz olaraq konstitutsion hüquqlarının pozulması anlamına da gəlmir.

Çünki qanunlarımıza görə, ölkəmizdə yalnız o şəxs saxlanıla və təqsirləndirilə bilər ki, onun əməlində cinayət əlaməti olsun.

Müvafiq məcəlləyə görə, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlib ki:

1.2.1. qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun;

1.2.2. cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın;

1.2.3. heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın.

1.3. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır.

Sözümün canına keçməzdən öncə Azərbaycanda cinayət-prosessual qanunvericiliyin bəzi əsas anlayışlarına diqqət yetirməkdə fayda var:

- Cinayət hadisəsi- cinayətin əlamətlərini özündə əks etdirən hadisədir;

- Cinayət prosesi- cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusudur;

- Cinayət təqibi- cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir;

- Cinayət prosesini həyata keçirən orqanlar- icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrdir;

- Cinayət işi - törədilən və ya törədilməsi ehtimal edilən cinayətlə əlaqədar cinayət təqibinin həyata keçirilməsi zamanı toplanmış materialların məcmusudur.

Azərbaycan Respublikasının "Polis haqqında qanunu"nun 21 maddəsi polis tərəfindən azadlıq hüququnun məhdudlaşdırılmasına həsr olunub. Həmin maddəyə görə, polis əməkdaşı şəxsin azadlıq hüququnu HAKİMİN QƏRARINA ƏSASƏN tutulma və həbsəalma yolu ilə yalnız aşağıdakı hallarda məhdudlaşdıra bilər:

1) cinayət və ya inzibati hüquqpozma törədilməsində şübhəli olduqda, yaxud cinayət və ya inzibati hüquqpozma törətməsinə görə həbs olunduqda;

2) yetkinlik yaşına çatmamış şəxs üzərində tərbiyəvi nəzarət həyata keçirildikdə və ya səlahiyyətli orqana gətirildikdə;

3) yoluxucu xəstəliklərin yayılmasının qarşısı alındıqda, habelə ruhi xəstələr, alkoqoliklər, narkomanlar və avaralıqla məşğul olanlar zərərsizləşdirildikdə;

4) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısı alındıqda və ya şəxs ölkədən çıxarıldıqda, yaxud başqa dövlətə verildikdə;

5) təqsirləndirilən şəxsin, cavabdehin, şahidin məhkəmə iclasına gəlməsini təmin etdikdə, atalığın müəyyənləşdirilməsi üçün test keçirildikdə, psixi müayinə aparıldıqda və ya hər hansı öhdəliyin yerinə yetirilməsi (müqavilə öhdəlikləri istisna olmaqla) təmin edildikdə.

II. Polis əməkdaşı hər hansı şəxsi o vaxt tuta və ya həbsə ala bilər ki, məhkəmənin (hakimin) qərarında məhz həmin şəxsin azadlıq hüququnun məhdudlaşdırılması nəzərdə tutulsun.

III. Polis əməkdaşı tərəfindən MƏHKƏMƏNİN (hakimin) QƏRARI OLMADAN hər hansı şəxsin təxirəsalınmadan tutulmasına yalnız aşağıdakı hallarda yol verilə bilər:

1) şəxs cinayət və ya inzibati xəta törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda;

2) hadisəni bilavasitə görənlər, o cümlədən zərər çəkmiş şəxslər məhz həmin şəxsin cinayət və ya inzibati xəta törətdiyini göstərdikdə;

3) şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin izləri tapıldıqda.

HƏMİN MADDƏDƏ BELƏ BİR BƏND (V) DƏ VAR:

"Şəxsin qanunsuz tutulmasına və ya həbsə alınmasına yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.

AR Cinayət Məcəlləsinin 292-ci maddəsi "Qanunsuz olaraq tutma, həbsə alma və ya həbs yerində saxlama" barədədir:

292.1. Bilə-bilə qanunsuz tutma-

üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

292.2. Bilə-bilə qanunsuz həbsə alma və ya həbsdə saxlama-

- iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

- Bilə-bilə qanunsuz həbs yerində saxlama-

- dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Məcəllənin 292.1-ci, 292.2-ci və ya 292.2-1-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda-

dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan başqa, CM-nin 290-cu maddəsinə əsasən vətəndaşın təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb edilməsi hüquqi məsuliyyət doğurur:

290.1. Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə-

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

290.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı törədildikdə-

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göründüyü kimi, cinayət təqibi və cinayət prosesi həm mürəkkəb, həm də geniş və çoxşaxəli fəaliyyət məcmusudur. Son qərar məhkəmədə verilir. Elə bu səbəbdən də rütbəsindən və vəzifəsindən asılı olmayaraq hər hansı polis əməkdaşının əməlində cinayət əlaməti olmayan şəxsi qanunsuz saxlaması, yaxud onun əməlinə süni şəkildə cinayət əlaməti əlavə etməsi sıradan bir məsələ olmamaqla yanaşı, özü bir cinayətdir və hüquqi məsuliyyət doğurur. Əgər hər hansı polis əməkdaşı belə bir işə qol qoyarsa, o zaman heç şübhəsiz prokurorluq və məhkəmə tərəfindən ifşa ediləcəyini göz önündə saxlayır.

Fərz edək ki, vətəndaş "H.M.K" polis əməkdaşlarının qeyri peşəkarlığı, şəxsi qərəzi, maddi marağı nəticəsində və ya siyasi motivlərlə qanunsuz saxlanılıb və qanunsuz saxlanılarkən polis orqanlarına qarşı yaradılan "ön yarğı"ya uyğun şəkildə desək, cibinə narkotik maddə atılıb.

Azərbaycan Respublikasının "Prokurorluq haqqında qanunu"na görə, prokurorluq- cinayət təqibinin həyata keçirilməsini təmin etmək məqsədilə cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir, habelə qanunlara riayət edilməsini təmin edir. O cümlədən təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir.

Əgər vətəndaş haqsız yerə və "cibinə nəşə atılmaqla" tutulubsa və onun etirazlarına polis şöbəsində məhəl qoyulmayıbsa, bu zaman ilk növbədə prokurorluqda şikayət edəcək, müdafiə tərəfinə qanunların verdiyi hüquqlardan yararlanmaqla tibbi ekspertizadan keçirilməsini tələb edəcək. Narkotik satıcıları adətən həm də narkotik istifadəçiləri olurlar. Ancaq şəxsin aludəçi olmaması hələ satış məqsədi ilə və ya satış məqsədi olmadan narkotik maddələrin qanunsuz dövriyyəsindən iştirakçı olmaması anlamına gəlmir. Məsələn, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin məlumatlarından görünür ki, cəzaçəkmə müəssisələrinə narkotik maddə keçirmək istəyənlərin heç də hamısı istifadəçi deyil, onların bir qismini qohumluq, tanışlıq, dostluq bağları cinayətə sövq edib. Eyni motiv bütövlükdə narkotik maddələrin qanunsuz dövriyyəsi üçün də səciyyəvidir. İnsanlar bəzən aldadılaraq və qorxudularaq da narkotil maddələrin dövriyyəsinə cəlb olunurlar.

Odur ki, istər ibtidai istintaq dövründə, istərsə də cinayət işinin məhkəmə baxışında bir sıra sualların cavablandırılması labüddür:
1)
Saxlanılan şəxsin üzərində tapılan maddə hansı mənşəlidir və miqdarı nə qədərdir?
2) Saxlanılan şəxs narkotik istifadəçisidirmi?
3) Saxlanılan şəxs narkotik istifadəçisidirsə, çevrəsində daha kimlər var?
4) Saxlanılan şəxs və çevrəsindəki digər istifadəçilər narkotik maddələri haradan və hansı vəsaitlə əldə edirlər?
5) Saxlanılan şəxs və çevrəsindəki digər istifadəçilər narkotik maddələrin qanunsuz dövriyyəsində qazanc güdərək iştirak edirlərmi?
6) Əgər qazanc güdərək iştirak edirlərsə, narkotik maddələri haradan, hansı şərtlərlə alırlar?
7) Satış hansı formalarda və kimlərə edilir?
8) Şəxsi istehlakçı olmayan və satış məqsədi güdməyən vətəndaşın narkotik maddələrin qanunsuz dövriyyəsində iştirakının motivi nədən ibarətdir?
9) Əgər vətəndaş narkotik maddələrin istehlakçısı deyilsə və qazanc güdmədən narkotik vasitələrin dövriyyəsində iştirak etmirsə, cinayətdə iştirakçılıq üçün onun hər hansı başqa bir motivi də yoxdursa, o zaman cinayət təqibini həyata keçirən orqanların onun əməlində gördüyü cinayət əlaməti nədən ibarətdir?
10) Təqdim edilən cinayət əlamətləri hansı sübutlarla təsdiq edilir və bu sübutlar qanuni yollarla toplanıbmı?

Bütün bu suallara cavab tapmaq üçün isə, əlbəttə, istintaqa vaxt lazımdır. istintaqın bu suallara nə qədər obyektiv və dolğun cavab verməsi isə məhkəmədə bəlli olur.

Belədə, sual yaranır: əgər polis müəyyən əlamətlərə əsaslanaraq bir şəxs cinayət törətməkdə şübhəli bilərək saxlayıbsa, daha sonra onun barəsində həbs qəti imkan tədbiri seçilibsə, məhkəmə prosesini, ittiham tərəfinin sübutlarını, müdafiə tərəfinin arqumentlərini və hakimin qərarını gözləmədən həmin vətəndaşın şərləndiyini, qanunsuz tutulduğunu və ya barəsində qanunsuz həbs qətiimkan tədbiri seçilməsini iddia etmək nə dərəcədə doğrudur?

Hüquqi baxımdan nəinki doğru deyil, hətta polisin, prokurorluğun və məhkəmənin işinə müdaxilə etməkdir.

"Polis haqqında qanun"un 8-ci maddəsində polisin fəaliyyətinə müdaxilənin yolverilməzliyi barədə danışılır:

"Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur".

Eyni müddəa "Prokurorluq haqqında" qanunda da əks olunub. Qanunun 7-ci maddəsinə görə, prokurorluğun fəaliyyətinə müdaxilə və prokurorluğa hörmətsizlik göstərilməsin yolverilməzdir:

"Hər hansı şəxs tərəfindən, hər hansı səbəbdən bilavasitə, yaxud dolayı yolla prokurorluğun qanuni fəaliyyətinə məhdudiyyət qoyulması, təsir, hədə, qanunsuz müdaxilə edilməsi, habelə prokurorluğa hörmətsizlik göstərilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur".

CM-nin 286.1 maddəsinə əsasən, ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq məqsədilə məhkəmə fəaliyyətinə hər hansı formada müdaxilə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Növbəti bənddə isə göstərilir ki, işin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə prokurorun, müstəntiqin və ya təhqiqatçının fəaliyyətinə hər hansı formada müdaxilə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan başqa, qanuna əsasən, prkuorluğun həm də cinayətdən çəkindirmək məqsədi ilə vətəndaşlara xəbərdarlıq etməyə ixtiyarı var.

Zənnimizcə, "hüquq müdafiəçisi" adı altında polis və prokurorluq orqanlarına etimadsızlıq formalaşdıran, obyektiv istintaq aparılmasına mane olan və ədalət məhkəməsinin işinə qarışan jurnalistləri, QHT fəallarını və siyasi partiya təmsilçilərini qanunların tələbi ilə tanış etməyin vaxtı çoxdan çatıb.

Bu zərurət heç də hüquq müdafiəçiliyi hərəkatına təzyiq kimi qarşılanmamalıdır.

İnsan haqlarının müdafiəçisi - fərdi qaydada, yaxud başqaları ilə birlikdə insan haqlarının qorunmasını və insan hüquqlarına hörmətin genişlənməsini həyata keçirən ictimai fiqurdur. Bu fiqurlar ixtisasca hüquqşünas olmaya bilər, ancaq insan haqlarının müdafiəçisi kimi beynəlxalq standartlardan və etik qaydalardan mütləq agah olmalı, onlara uyğun davranmalıdırlar. Saxlanılan, barəsində həbs qətiimkan tədbiri seçilən, azadlıqdan məhrum edilən şəxslər heç də bütün haqq və hüquqlarını itirmirlər. Onların ləyaqətinə və hüquqlarına saxlanma yerlərində, təcridxanalarda və cəzaçəkmə müəssisələrində hörmət göstərilməsinə, işgəncə və təzyiqlərə məruz qalmamasına nail olmaq insan hüquqlarının müdafiəçilərinin əsas missiyasına daxildir. Gerçək bir hüquq müdafiəçisinin əsas məqsədi cinayət törətməkdə şübhəli bilinən və təqsirləndirilən şəxsin ədalətli mühakiməsinə dəstək olmaqdır. Bunun üçün insan hüquq müdafiəçisi bir çox vasitələrdən istifadə edə bilər, ancaq özünü nə özünü hakimin yerinə qoyub heç kimi "günahsız" elan edə bilər, nə də özünü prokuror zənn edib vərəndaşlararası maraqlar konfliktində hər hansı tərəfi ittiham edə. Bəli, bir hüquq müdafiəçisi heç bir halda cinayət təqibini həyata keçirən orqanların əməkdaşlarını bəribaşdan istər birbaşa, istərsə də dolayısı ilə "cinayətkar" adlandıra bilməz.

Odur ki, "polis filankəsi şərləyərək həbs edib", "prokurorluq bəhmənkəs barədə qurama istintaq aparır", "məhkəmənin hökmü sifarişlidir" kimi manipulyasiyalardan istifadə etmək yerinə, insan hüquqlarının müdafiəsi ilə məşğul olan hər kəs öz fəaliyyətini BMT tərəfindən qəbul olunmuş bəyanatda da deyildiyi kimi, qanunlar çərçivəsində qurmağı bacarmalıdır.

Taleh ŞAHSUVARLI,

DİN yanında İctimai Şuranın üzvü