"Dedi, burada telefon yalnız dağ başında tutur" - Heydər Oğuz yazır

Bəlkə də bir ildən çox idi ki, Zülfüqara zəng etmirdim. Dünən birdən-birə yadıma düşmüşdü. Zəng edib hal-əhval tutmaq istədim. Zəngimə cavab vermədi. Üzərindən bir neçə saat keçdikdən sonra mənə səsli mesaj atdı. Mesajında Kəlbəcərdə olduğunu, ata-baba yurdunu ziyarət etdiyini və oralarda telefonun tutmadığı üçün zəngimə cavab verə bilmədiyini bildirmişdi. Demişdi ki, buralarda telefon yalnız dağ başında tutur. İndi vacib işi var, dağdan enməlidir. Bir də dağa çıxanda mənə zəng edər, doyunca danışarıq.

Açığı, bu gün ondan zəng gözləyirdim, ölüm xəbərini aldım. Çox üzüldüm. Əslində dünən öz dilindən Kəlbəcərdə olduğunu eşidəndə dalağım sancmışdı. Çünki onun Kəlbəcərə nə qədər bağlı olduğunu bilirdim. Hər il yay aylarında Naxçıvana gedib Salvartı dağından Kəlbəcər dağlarına baxdığını və hətta açıq havada doğma kəndlərinin aydın gördüyünü özü mənə demişdi. Kəlbəcəri bu qədər sevən, doğma yurdunu görmək ümidiylə Bakıdan Naxçıvana gedən və Salvartı dağına çıxan adamın onu yaxından görərkən, üzərində gəzib havasını udarkən hansı hisslər keçirəcəyini dünən öz üzərimdə hiss etmişdim. Düşünmüşdüm ki, Zülfüqarın riqqətə gələn ürəyi bu vüslətə dayana bilməz. Birdən bu bədbin fikirlərimin nəsh gətirəcəyini düşünüb onu beynimdən qovmuşdum.

Bu gün isə Zülfüqarın ölüm xəbərini oxuyanda yanılmadığımı gördüm. Oysa həyatımda bəlkə ilk dəfədir ki, hədsiz dərəcədə yanılmağımı istəmişdim.

Sonuncü dəfə 1 ildən uzun müddət öncə ona zəng etməyimə baxmayaraq, Zülfüqarla çox yaxın münasibətlərimiz vardı. Dərdimiz kimi bəzən son tikəmizi də bölüşmüşük. Çox mərd adam idi rəhmətlik. Mənim ikinci dəfə mətbuata qayıtmağımda onun da xidməti az olmamışdı. 2013-cü ildə rəhbərlik etdiyi Moderator.az-ın təsisçisi Pərviz Həşimli həbs olunanda mənə zəng etmiş və yazılarımla saytın çıxmasına köməklik göstərməyimi istəmişdi. Təbii ki, belə çətin anında Zülfüqarı tək buraxa bilməzdim. Mən isə o zaman diş texnikliyi ilə məşğul idim. Gücüm çatdığı qədər sayta yazılar yazıb ayaqda qalmasına çalışdım. Beləcə, bizim dostluğumuzda gücləndi və tədricən özümü yazı-pozuya verincə, diş işi də əlimdən çıxdı. Dönüb yenidən jurnalist oldum.
Bir sözlə, Zülfüqarla bağlı çox gözəl xatirələrim var və o xatirələr Zülfüqarın özündən daha çox yaşayacaq. Bu, əslində yaxşı haldırmı, pis halmı, bunu deyə bilmirəm. Çünki hər kəs sonunda özü boyda xatirə buraxıb dünyanı tərk edəcək. Özündən sonra yaxşı xatirələr buraxmaq bəlkə də həyatın ən böyük mükafatıdır.

Zülfüqar məndən 2 yaş balaca olsa da bu “yarışda” məni xeyli qabaqladı. Yaxşı xatirələrimizi heç vaxt unutmamaq və bir gün haqq dünyasında görüşmək ümidiylə,

Allah sənə rəhmət eləsin, Zülfüqar.

Heydər OĞUZ