Ramilə Qurbanlının müəllif hüquqlarına qəsd: mediamızı plagiatçılıqdan necə qoruyaq?

Ölkənin aparıcı media resurslarından sayılan Moderator.az saytında xalq artisti Hacı İsmayılovun 80 illik münasibəti ilə “Kim ki 100 il yaşamasa...” başlıqlı məqalə dərc olunub.

Link: https://moderator.az/az/cemiyyet/728308/kim-ki-yuz-il-yasamasa/

Məqalə “Elman Eldaroğlu” imzası ilə təqdim edilib, lakin müəllifin kimliyi haqqında məlumat verilməyib. Azərbaycan mədəniyyətinin inkişafında kifayət qədər zəhməti, xidmətləri olan tanınmış bir aktyorun 80 illik ömür yoluna qiymət verən kimdir: tamaşaçımı, tənqidçimi, sənətçimi, ictimai-siyasi xadimmi? Bunu bilmək oxucunun müstəsna hüququ olsa da, təqdim olunan məqalənin müəllifin öz sosial statusunu gizlətməsi kütləvi informasiyanın keyfiyyətinə şübhə doğurur.

Wikipediadan öyrənirik ki, Elman Eldaroğlu jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Yenə həmin qaynaqdan məlumat əldə edirik ki, o, "Sosialist Sumqayıtı" qəzetində fəaliyyət göstərmiş iki illik jurnalistika kursunda bu peşənin sirlərinə yiyələnərək, həmin qəzetin ştatdankənar müxbiri işləyib”.

Açıq ensiklopediya bizi ondan da agah edir ki, Eldaroğlu həm də “Yardımlının səsi” adlı müstəqil qəzetinin təsisçisi və baş redaktorudur.

Göründüyü kimi, xeyli təmtəraqlı titulları olan Elman Eldaroğlunun təbrik məqaləsində yazılır:

“Deyir ki, - “Müharibə vaxtı dünyaya gəlmişəm, 1944-cü ilin yanvarın 22-də. Çətin uşaqlığım olub. Bütün günü o daş küçələr, qala divarlarının üstü, Xan sarayı bizim oyun meydançamızdı. Top tapılmırdı, köhnə corabları bir birinin içində yumrulayıb top düzəldərdik. Çox xoş xatirələrdir. Hərdən imkan düşəndə gedib o küçələrdən keçirəm, xatırlayıram o günləri. Bizim İçəri Şəhərdə evimiz yox idi, şəxsi mülkdə kirayədə yaşayırdıq. Atam əslən Dərbənddən olub, Masallıdan anamla evlənib, Bakını ortaq məxrəc seçib burda yaşayıblar. Anam Masallıda tanınmış tayfanın qızı idi. Mən Mircavad Talışxanovun bacısı nəvəsiyəm. O vaxt həmin bölgənin qubernatoru olub. Anam tərəfin əksəriyyəti oxumuş, ziyalı adamlardır. Anam özü evdar qadın idi. Atam isə uzun müddət “Xəzər Gəmiçiliyi”ndə çalışıb. İmkanlı olmamışıq, kasıb yaşayırdıq. Yaddaşımın küncündə səhərlər divardan asılan “Rodina” adlı radiodan Sovet Azərbaycanının himni ilə oyanmağım ilişib qalıb, indiyə qədər də o himn qulaqlarımdadır. Məktəbə getdiyim vaxtları da unutmamışam. Bir əlimdə çanta, birində “çernel” şüşəsi. Uşaqlarla itələşəndə o şüşə tez-tez sınırdı, üst-başımız çernel olurdu. Çörəyin arasına yumurtanı yağda bişirib qoyurdular çantama. Məktəbdə fikrim qalırdı o çörəkarasında ki, nə vaxt tənəffüs olacaq onu yeyəcəm. Kasıb yaşadığımız üçün uşaqlardan pal-paltar sarıdan geri qalmağım məndə kompleks yardırdı. İçimdə həmişə düşünürdüm ki, necə edim ki, nəyləsə diqqəti özümə çəkim. Bəlkə ona görə teatra meylləndim. Məktəbdə bir idman dərsi, bir də teatra gedəndə mənim üçün bayram olurdu. Cəfər Cabbarlının Aydını deyir e, elə yaşayım ki, küçədə məni barmaqla göstərsinlər. Mənim də istəyim elə idi...”

8 sentyabr 2019-cu ildə nüfuzlu Modern.az saytında tanınmış jurnalist Ramilə Qurbanlının “ Xanın kasıb nəvəsi - Hacı İsmayılov: “Nə veriblər oynamışam” başlıqlı məqaləsi yayımlanıb.

Link: https://modern.az/news/210925/

Mədəniyyət üzrə ölkənin mötəbər imzalarından olan Ramilə Qurbanlı öz Facebook səhifəsində status yazıb və Elman Eldaroğlunu plagiatlıqda suçlayıb. Ramilə Qurbanlı öz müəllif hüquqlarının pozulmasına etiraz edərək “hərdən müəllifə də istinad edin” deyə jurnalist peşəsinin sirlərini "Sosialist Sumqayıtı"ndakı iki illik jurnalistika kursunda öyrənmuş Eldaroğlunu qanunlara və media etikasına riayət etməyə çağırıb.

Göründüyü kimi, Ramilə Qurbanlı öz etirazında “33 pərdəli dram” kitabını qaynaq olaraq göstərir. Bu kitab 2015-ci ildə Azərbaycan Yaradıcılıq Fondu tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “İstedadlı insanlara dəstək olmaqla onların ictimaiyyətə tanıdılması üçün yeni imkanların qrant layihəsi çərçivəsində “Mütərcim” nəşriyyatında çap olunub. 240 səhifədir. Annotasiyada yazılır:

“Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafı üçün onun hərtərəfli araşdırılmasına və təbliğatına ehtiyac var. Mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin sənət və həyat yolları oxucu kütləsi üçün həmişə maraq kəsb edib. Kitabdakı materiallar bu baxımdan oxunaqlıdır və bu sahənin adamlarına gərəklidir. Kitabda müəllifin tanınmış mədəniyyət adamları haqda yazıları dərc olunub. Materiallarda onların yalnız sənət yolundan deyil, həm də həyat yollarından, keşməkeşli talelərindən danışılır”.

Elman Eldaroğlu bildirir ki, o, Ramilə Qurbanlının hazırladığı, müxtəlif saytlarda və kitabda yer almış portret müsahibə ilə tanış deyil, cavabları aktyorun özündən alıb:

“Əvvəla mən bu cavabları aktyorun özündən götürmüşəm. Sadəcə bu xanım elə bilir ki, ondan götürülüb. Mənə başqa təcümeyi hal danışmalı deyildi ki? Sabah siz də keçmişindən danışmağı xahiş etsəniz yəqin ki, aktyor yenə də həmin kəlmələri təkrar edəcək.”

2015-ci ildə kitaba salınmış cümlələrin üstündən 8 il keçəndən sonra eyni şəkildə qurulması, hətta korrektura səhvləri də eyni olmaqla qələmə alınması mümkündürmü?

Zənnimizcə, bu suala cavab vermək üçün xüsusi ekspertiza aparmağa gərək yoxdur. Görünür, paxırının üstünü bu arqumentlə örtə biləcəyini anlayan Elman Eldaroğlu daha sonra iddia edir ki, kitabda və saytlarda yer alan materialı müsahibə olduğu üçün müəlliflik hüququ Ramilə Qurbanlıya məxsus deyil.

“Müsahibələrdə müəlliflik hüququ kimə aiddir” jurnalistika nəzəriyyəsində və media hüququnda geniş müzakirə olunan mövzudur. Aşağıdakı linkdən bu barədə qısa da olsa faydalı məlumatlar almaq mümkündür.

http://www.mediascope.ru/ авторское-право-на-интервью

Bütün hallarda, müsahibə verən və müsahibə aparan öz aralarında müəlliflik hüququnun kimə məxsus olması barədə razılaşıblarsa, yaxud heç razılaşmayıblarsa, o zaman həmin müsahibədən plagiat olaraq istifadə edilməsinə “sənin müəlliflik hüququnu tanımıram” deyə haqq qazandıra bilməz. Əvvəla, razılaşma olmadığı təqdirdə, müsahibəni aparan əsərə yaradıcı şəxs kimi öz müəlliflik hüququnu saxlayır. İkincisi, konkret halda Ramilə Qurbanlının müəllif hüquqları eyniləşdirmə kodu ilə qorunur.

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanununda deyilir:

Maddə 12. Eyniləşdirmə nömrələri

12.1. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin hüquqi qorunmasını təmin etmək məqsədi ilə belə obyektlərdə unikal rəqəmli kodlardan istifadə olunur. Həmin kodlar müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin hazırlanmasının mənşəyi haqqında informasiyanı eyniləşdirməyə imkan verir.

12.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum İSBN, İSMN, İSSN, İSAN və İSRC beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi ilə bağlı müvafiq işləri təşkil edir və həyata keçirir.

“33 pərdəli dram” kitabı 978-9952-28242-9 saylı İSNB ilə çap olunub. Deməli, kitabın müstəsna müəlliflik hüququ Ramilə Qurbanlıya məxsusdur. Bu, kitabın annotasiyasında da qeyd olunur. Odur ki, E.Eldaroğlunun Ramilə Qurbanlının kitabında yer alan (modern.az saytında da məhz həmin kitabdan götürülərək yayılıb) materialın müəllifi olmasını şübhə altına almaq üçün heç bir hüquqi əsası yoxdur. Belə bir əsası ancaq və ancaq Ramilə Qurbanlının başqasının əməyini mənimsəməsi və müəlliflik hüququnu pozması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yarada bilərdi. Ortalıqda nəinki belə bir qərar, hətta iddia da olmayıb.

Deyilə bilər ki, həmin sitatlar kitabdan yox, media resurslarında yayılmış linklərdən götürülüb. Bu halda da Ramilə Qurbanlının müəllif hüquqları pozulmuş kimi görünür. Ölkəmizdə jurnalistlərin müəllif hüquqları əlahiddə formada qorunmur. “Media haqqında qanun”un 20.1 maddəsində deyilir: “Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən mediada istifadəyə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə yol verilir”.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında qanunun 19 maddəsinə görə, müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədi ilə qanuni dərc edilmiş əsərdən, həmçinin qəzet və jurnallardan o halda sitat verilə bilər ki, istifadə olunan əsərin müəllifinin adı və götürülmə mənbəyi MÜTLƏQ göstərilsin.

Bəli, tanınmış jurnalist Ramilə Qurbanlının əməyinə və müəllif hüquqlarına Elman Eldaroğlu tərəfindən kobud şəkildə qəsd edildiyi, onun yaradıcılıq məhsulunun oğurlanması barədə dedikləri kifayət qədər əsaslı görünür. Odur ki, Mətbuat Şurası, eləcə də Elman Eldaroğlunun üzvü olduğunu söylədiyi Jurnalistlər Birliyi hərəkətə keçməli, Ramilə Qurbanlının müəllif hüquqlarına edilən qəsdlə bağlı plagiatçılara qarşı tədbirlər görməlidir. Bu, həmin təşkilatların “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”ndan irəli gələn vəzifəsidir:

“Plagiat yolverilməz hərəkətdir. Bütün hallarda ədəbi oğurluğun hər hansı forması qəbuledilməzdir. Jurnalist müəlliflik hüquqlarına və müəlliflik hüquqlarına dair müqavilələrin şərtlərinə hörmətlə yanaşmalıdır. Jurnalist media vasitələrindən götürməklə istifadə etdiyi bütöv materiallar və ya qısa çıxarışların mənbələrini hər bir halda göstərməlidir. Jurnalist digər media vasitələrində dərc olunmuş bütöv materiallardan və ya geniş həcmli çıxarışlardan təkrarən istifadə etdikdə, mütləq müvafiq müəllif və media vasitələrini xəbərdar etməli və həmin mənbələri göstərməlidir”.

Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının baş redaktoru