- Redaktor masası
- 9 İyun 22:15
- 2 047
Bu esseni əziz dostum Fəxri Uğurluya ithaf edirəm

Türkiyə dostumuz, qardaşımızdır. Əkiz qardaşımız.
Azərbaycan "kiçik Türkiyə" deyil.
Azərbaycan "Stalin adına respublika" da deyil.
Azərbaycan İranın bir əyaləti də deyil.
Bizim coğrafi, etnik, milli kimliyimiz bu yurdun, bu düzəngahların, bu dağların xamırı ilə yoğrulub.
Salamımız Heydər babayadır.
Zənguləmiz Zəngəzurdadır.
Ocağımız Ərdəbildə, tacımız Təbrizdə, ruhumuz Şuşada, xiffətimiz İrəvanda, zəkamız Bakıdadır.
Biz Azərbaycanıq.
Biz Azərbaycanlıyıq.
Biz Azərbaycançıyıq.
Alp Ər Tunqanın atlarının ayaq izlərini Əlinin adına bağladıq.
Babəkin Xorasanda gəzdirilən başına Hüseynin adına yas saxladıq.
Yəzidin hiyləsinə deyil, Hüseynin haqqaniyyətinə iman gətirdik.
Tarix səhnəsinə Şah İsmayılı çıxardıb dedik:
"Həq təala dörd kitabi gögdən endirdi yerə,
Mən anı istəməzəm çün külli-fürqan məndədir."
Cəmi 7 nəfərlə yola çıxmışdı Pirimiz, Mürşüdümüz.
Şirazda qasırğa, Bağdadda tufan, Qəndəharda fırtına qopardı.
Şahi-Mərdanın 4 qapısından, 40 məqamından keçdik.
Şeyx Nizami kimi fikrə daldıq, Füzuli kimi aşiq olduq, Qurbani kimi saz çaldıq, Koroğlu kimi nərə çəkdik.
Nəsiminin soyulan dərisini geyinib "ənəlhəq" dedik.
“Biz bu cahana sığmarıq” deyə yerə, göyə meydan oxuduq.
İki cahana sığmayanları kimlərinsə qoltuğunun altına dürtmək istəyənlər açsın qulaqlarını eşitsin.
Biz Gəncədə Şah Abbas məscidinin içində can, çölündə Azərbaycan olduq!
Nəsib bəy Yusifbəylinin dilinə qurban kəsib “Yaşasın Azərbaycan Cümhuriyyəti” hayqırdıq.
“Yaşa, yaşa, ey Şanlı Azərbaycan” deyə Əmin Abid Gültəkinlərin əminliyi ilə Sibirin buzundan qorxmadıq.
Eynilə Mirzə Fətəli kimi, Mirzə Cəlil kimi, Mirzə Ələkbər kimi Xomeyniçilərin, Fətullahçıların, erkən orta çağın post-quldar islamını təbliğ edən “müsəlmanlar”ın milli yürüşümüzün önünə əngəl kimi çıxmasını izhar etdik.
Əli Kərimin təbirincə desək, “Şərq adlı bir xarabaya” gətirdiyimiz mədəni və siyasi yeniliklərlə öyündük.
Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq fəlsəfəsindən aldığımız İLHAMla Xankəndiyə yenidən bayraq sancdıq.
Azərbaycançılıq- bir milli reflekslər sistemidir.
Azərbaycanlı olmaq- bir əqidə sistemidir.
Azərbaycan- tarixdə, fəlsəfədə, elmdə və tərəqqidə ayrıca bir sistemdir.
Bu sistemə qarşı çıxanlara DE Kİ: O kəslər cəhalət içində qalmış qafillərdir!
Çünki sistemləri olmadığı kimi təfəkkürləri də yoxdur!
Taleh ŞAHSUVARLI