Azərbaycançılıq: Tarixi və müasir datalara yeni baxış niyə zəruridir?

“Rəsulzadə yolu” ilə getdiyini bəyan edən siyasi qruplar və fərdlər Azərbaycanın ictimai düşüncə sistemində yeni paradiqmalar yarada bilmirlər. Bu seqment SSRİ-nin dağılması ərəfəsində və müstəqilliyin ilk illərində Azərbaycanda populyar olan ideyaları istismar etməkdən irəli gedə bilmir, son 30 ildə formalaşan intellektualların qarşısına əsaslandırılmış mövqe, ciddi arqumentlərlə çıxmağı bacarmırlar. Meydan hərəkatının şinelindən çıxmış təşkilatlar ölkənin siyasi spektrində xüsusi zolaq yaratsalar da, elmi biliklərin dövriyyəsinin artması fonunda öz klassik mövqelərini təkmilləşdirmək bacarığından çox-çox uzaqdırlar.

Uzun illər Məhəmməd Əmin Rəsulzadəni Azərbaycan Xalq Cümhuriyyətinin həm ideoloji, həm də təşkilati baxımdan qurucusu kimi qələmə verdilər. Lakin Milli Arxiv İdarəsinin ölkəmizdə, AMEA-nın Tarix İnstitutunun Osmanlı dəftərxanalarında saxlanılan sənədləri çap etməsindən sonra tarixi gerçəkliklərin tam fərqli olduğu üzə çıxdı. Açıq mənbələrdən AXC ilə bağlı tutarlı məlumatlarla tanış olan azacıq düşünmək qabiliyyətinə malik hər kəs başa düşür ki, ilk respublikamızın qurulmasının ən çətin mərhələsində- 28 may-15 sentyabr 1918-ci il aralığında- ölkədə cəmi üç gün olmuş, onda da Milli Şuranın buraxılması ilə vəzifəsini itirmiş, 16 may 1918-ci ilədək (Müstəqilliyin elan olunması bu tarixdə rəsmi şəkildə N. b. Yusifbəyli tərəfindən təklif olunub) AXC formatında milli istiqlaliyyətin elan edilməsi barədə bircə cümləsi belə olmayan Rəsulzadəni “bani” statusunda təqdim etmək ideoloji manipulyasiyadan başqa bir şey deyil. Xüsusən də o halda ki, həmin ərəfədə Batumda olan Rəsulzadənin məhz 28 may 1918-ci ildə Azərbaycanın istiqlalının elan olunacağından ümumiyyətlə xəbəri olmamışdı. Bütün bu faktları pərdələmək üçün Azərbaycanın “İstiqlal Bəyannaməsi”nin guya Rəsulzadə tərəfindən yazıldığı barədə heç bir konkret fakta, sübuta əsaslanmayan “fərziyyə” ortaya atdılar. Ancaq “Əqdnamə”nin Gürcüstan Demokratik Respublikasının müstəqillik bəyanatı ilə müqayisəsi göstərir ki, bizimkilər sənədin hazırlanmasında gürcülərin şablonundan istifadə ediblər.

O da məlumdur ki, ilk respublikamız cəmi 23 ay yaşadı və bolşevik işğalı nəticəsində süqut etdi. Bu süqutda Məhəmməd Əmin Rəsulzadənin liderlik probleminin də xüsusi rolu var. Belə ki, bolşevik təhdidi ilə üzləşən AXC-də etimadlı bir hökumət yox idi. Parlamentdə çoxluqda olan fraksiyanın rəhbəri olaraq M.Ə.Rəsulzadə ölkəni daxili böhrandan çıxarmaq üçün məsuliyyəti öz üzərinə götürüb hökumət qurmadı. Bu isə, təkcə Rəsulzadənin liderlik potensialı ilə yox, həm də ideoloji çırpıntıları ilə bağlı idi. Gəncədəki “İyun böhranı”nın nəticələrindən çıxış etsək, o, milli istiqlalçı idi. Lakin dövrün reallıqları kontekstində cəmiyyətə milli istiqlalçı dünyagörüşü genişləndirən sistemli ideologiya təqdim edə bilmirdi. Millətləşmə prosesinin ən ağır mərhələsindən keçən toplumun üzləşdiyi problemlərə görə bilavasitə Rəsulzadəni günahlandırmaq fikrindən, əlbəttə, çox uzağam. O da, dövrün digər aparıcı siyasi xadimləri də nəyi, nə qədər bacarırdılarsa, onları etdilər! Sadəcə yada salmaqda fayda var ki, Mixail Qruşevskinin "Ukrayna-Rus Tarixi" kitabı hələ 1898-ci ildə çap olunmuşdu və orada Ukraynaçılığın elmi-nəzəri əsasları işlənmişdi. Bizdə bu proses publisistik məqalələr səviyyəsində aparılmışdı...

Fəqət abstrakt və ziddiyyətli “Rəsulzadə yolu” birinci cümhuriyyəti ağ günə çıxartmadığı kimi, 1992-ci ildə iqtidara gəlmiş Azərbaycan Xalq Cəbhəsi-Müsavat tandemini də iqtidarda saxlaya bilmədi. Mərhum prezident Əbülfəz Elçibəyin Türkiyə mərkəzli xarici, episentrində re-konstruktiv türkçülük dayanan daxili siyasət yanaşmaları real dövlətçilik mexanizmlərinin yaradılmasına mane olduğundan oxlokratik hakimiyyət bir il çəkdi. Elçibəy hakimiyyəti dövründə dövlət ierarxiyasında ikinci adam sayılan İsa Qəmbərin bərpa etdiyi Müsavat Partiyası isə, daha sonralar sələfinin klassik xalqçı və sol-mərkəzçi cizgisindən tam kənarlaşaraq saga buruldu, liberal platformaya keçdi. Azərbaycan ictimai fikir tarixi baxımından kəskin sayıla biləcək bu dönüşü əsaslandıran və “Liberal Rəsulzadə yolu”nu konseptuallaşdıran heç bir ciddi əsər ortada yoxdur. Üstəlik, məramnaməsində özünü “müsavatçı” kimi təqdim edən AXCP-nin də ideoloji baxımdan müasir Azərbaycana hansı diskurslar təklif etməsi məchuldur.

Məsələyə geniş baxsaq, Azərbaycanda marginallaşan Müsavat-AXCP cinahının təşkilati strukturları deyil, bütövlükdə liberal cərəyandır. Liberalizm fərdi azadlıqlara, insan haqlarına və bazar iqtisadiyyatına üstünlük verən, Avropa dəyərlərini və mədəniyyətini qabardan bir mövqedir. Odur ki, liberalizmin Azərbaycanda marginallaşması modernləşmə kontekstində heç də sevinclə qarşılanmamalı və təəssüf doğurmalıdır. Zira, sosial-demokratiya kimi liberalizmin də müstəqil Azərbaycanda normalda yayılmalı olduğu qədər yayıla bilməməsinin əsas səbəbi ideologiyaların özündə yox, “ötürücü”lərindədir. Nəriman Nərimanovdan üzübəri sosial-demokratların Moskva təmayülü dünyanın ən populyar cərəyanlarından birini ölkəmizdə kütləviləşməsinə mane olduğu kimi, liberalların da Bakını deyil, Brüsseli öz mənəvi-siyasi paytaxtları sayması, mühafizə olunmalı dəyərlərə qarşı radikal çıxışları son nəticədə milli ictimai düşüncə strukturundan dışlanmalarına rəvac verdi.

Qətiyyən danmaq olmaz ki, sosial və liberal demokratiya bütün dövlətlərin və cəmiyyətlərin inkişafında əsas dinamikalardan biridir. Bu dinamikanın zəifləməsi və ya marginallaşması millətçi və dindar qrupların işinə yarayır. Təsadüfi deyil ki, bu gün Azərbaycanda ideoloji baxımdan dini çoxluğa xitab edən şiəlik doktrinasının iki versiyası olduğu kimi, etnik çoxluğa xitab edən türkçülüyün də iki kollizion müstəvisi var. Birinci müstəvidə həm şiəlik, həm də türkçülük Azərbaycanlı kimliyinin tərkib hissəsidir. Azərbaycan vətəndaşlarının cəmi olan xalqın əksər hissəsinin inanc və etnik identifikasiyasını yaradan şiə və türk mənsubiyyət duyğusu milli reflekslərimizi gücləndirən amillərdəndir. Bunun tam əksinə, İrançı və neo-osmanlıçı mərkəzlər tərəfindən yönəldilən dini və etnik propoqanda həmin reflekslərin zəiflədilməsinə hesablanıb. Odur ki, islamçı cərəyanlara yanaşmada Azərbaycandakı ənənəvi inanc sisteminin əsas götürülüb-götürülmədiyi bizim üçün başlıca meyardır. Həmçinin türkçü və türkçü-islamçı ideyalara baxışımızda da Azərbaycan türklərinin millətləşmə prosesində qazandığı unikal kimlik kriteriya rolunu oynayır.

Bu kimlik çərçivəsində “Azərbaycan türkü” və “Azərbaycanlı” eyni milli mənsubiyyəti ifadə edir. “Azərbaycan türkü” və “Azərbaycanlı” terminlərini milli mənsubiyyətin ifadəsi kimi qarşı-qarşıya qoymaq, ikincinin guya İosif Stalin tərəfindən bizlərə sırındığını iddia etmək, yumşaq desək, qərəzlidir. Bu ifadədələr bir-birini təkzib etmədiyi kimi, tarixi dialektikanın qanunauyğunluğu çərçivəsindədir. Türk mənşəli özbəklər, qırğızlar, qazaxlar öz unikal milli kimliklərini coğrafiyaya şamil etdilər. Biz Azərbaycan türkləri isə, İtaliya və Ukrayna nümunələrində olduğu sayaq, coğrafi adı əsas götürərək milli identifikasiya yaratdıq. Bu identifikasiyanı inkar etmək millətləşmə prosesinə, onun bazasına, dinamikasına və nəticələrinə, ilk növbədə, pozitiv elmi, akademik baxımdan göz yummaqdır. Unutmaq lazım deyil ki, hazırda əkiz qardaşımız Türkiyənin Konstitusiyasında “türk” ifadəsi etnik anlamda işlənmir, üst kimliyi ifadə edir. Türkiyənin rəsmi dili olan türkcə ötən əsrin əvvəllərində “Yeni lisançılar” məktəbinin ideyaları əsasında sistemləşdirilmiş süni dildir. Bu kəlimədən həyacanlananların nəzərinə çatdırım ki, dünyada mövcud olan bütün ƏDƏBİ VƏ RƏSMİ DİLLƏR, o cümlədən Azərbaycan, rus, fars, gürcü, ingilis, fransız və digər dillər süni şəkildə yaradılıb, qrammatikanın, dilçiliyin, urbanizasiyasının, modernləşmənin nəticəsidir. Bu məsələ dilçilikdə mübahisəsiz qəbul olunur. Eyni zamanda bir prinsip kimi göstərilir ki, hər hansı ədəbi dilin sayı birdən çox ola bilməz. Ona görə də Azərbaycan dili ilə bağlı istənilən müzakirədə ilk növbədə bir suala cavab almaq lazımdır: bizim dilimiz unikal və müstəqil ədəbi dildirmi? Bəli, məhz unikal və müstəqil ədəbi dil olduğu və eyni adda birdən çox ədəbi dil ola bilməyəcəyi üçün Azərbaycan linqivistlərinin 20-ci əsrdə gəldiyi son nəticəni əks etdirən və Konstitusiyamızla qorunan ad tam doğrudur. Azərbaycan Konstitusiyası bizim millətləşmə prosesinin tarixi-hüquqi nailiyyətidir. Ana Yasamızda Azərbaycan vətəndaşlarının cəmini əks etdirən “xalq” terminindən istifadə olunur. “Azərbaycan dili” dövlət dili olaraq xalqın bütün təbəqələrinin ünsiyyətini yaradır və üst kimliyin ədəbi dili kimi çıxış edir.

Mən öz ideoloji oriyentasiyama görə, xalqçı, proqressiv və konstitusiyaçı demokratam. Magistratura diplom işimdə araşdırdığım Fridrix Hayekin azadlıq fəlsəfəsi düşüncələrimi ciddi şəkildə təsirləndirib. Sistematik dünyagörüşümün əsas məzmununu Azərbaycançılıq, Azərbaycançı viziyaya təsir göstərən tarixi, dini, mədəni və beynəlxalq faktorlara balanslı yanaşma təşkil edir. Bu baxımdan ilk cümhuriyyətimizin qurucularından olan Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli ideoloji baxışlarım üçün öz dövrləri ilə bağlı daha çox data verir. Bölüşdüyüm qənaətə görə, İkinci Qarabağ Savaşında qazandığımız tarixi zəfər millətləşmə prosesində bizi tamamilə yeni mərhələyə adladıb. Bu mərhələdə Azərbaycanla bağlı bütün datalara yenidən baxmalı, Qələbəmizin memarı prezident İlham Əliyevin Yeni Azərbaycan strategiyasını konseptual model kimi əsas götürülməliyik.

Yeni Azərbaycan strategiyasına görə, Azərbaycançılıq anlayışı dil, mədəniyyət və coğrafi mövqeyimizlə sıx bağlıdır. Zənnimcə, bu sahələrdə tarixi həqiqətləri açıq və aydın şəkildə təqdim etmək milli həmrəyliyimiz üçün vacibdir. Tariximizin müxtəlif mərhələlərinə, xüsusi ilə Qafqaz Albaniyası dövrünə xüsusi diqqət göstərmək vacibdir. Qafqaz Albaniyası, sadəcə, 26 müxtəlif dildə danışan tayfaların ittifaqı deyil. Makedoniyalı İskəndər, Əhəmənilər və Pəhləvilər, xüsusi ilə proto türk miqrasiyasından və axınlarından təsirlənmiş daha geniş anlayışdır. Bu dövrdə Azərbaycanda məskunlaşmış ağ hunların bir qolu- Ağaçərilər dilimizin unikallaşmasında bilavasitə iştirak ediblər və əsla nəzərdən qaçırıla bilməzlər. Ağaçəri mənşəli hesab etdiyimiz Babəkin sıradan bir üsyançı deyil, dövlət qurucusu olması tarixi həqiqət kimi çoxəsrlik dövlətçilik ənənələrimizin əsaslarına aiddir. Eyni zamanda, dövlətçilik ənənələrimizin inkişafında Şah İsmayıl və Səfəvilər çox böyük rol oynayıblar. Səfəvilərin təşəkkülü etnogenezimizin formalaşmasında əsas mərhələdir. 20-ci əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasının yaradılması milli azadlıq ideyalarımızın təcəssümüdür. Bu müstəvidə M.Ə.Rəsulzadənin irsindən də faydalanmaq zəruridir. Xalq Cümhuriyyətini quranlar müxtəlif sosial zümrələrə, fərqli qabiliyyətə və səriştəyə sahib olsalar da, onları bir araya gətirən “Azərbaycan” məfhumu idi. Heydər Əliyevin sayəsində "Azərbaycan" cazibəli isimdən, müstəmləkə edilmiş bir respublikanlın adından müstəqil yaşamaq haqqını isbat edən bir dövlətin ideologiyasına çevrildi. Odur ki, tarixi dataların yenidən işlənməsi Azərbaycanın müstəqil inkişaf yolunu dəstəkləyən fəaliyyətdir. Bu yenilənmə prosesi yalnız akademik dairələrdə qalmamalı, eyni zamanda təhsil sistemimizdə və medianın avanqardı olduğu ictimai fikir müəssisəmizdə aparıcı xətti təşkil etməlidir. Mənim bir vətəndaş olaraq məsuliyyətim və missiyam da bu məqamda yaranır.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru