- Redaktor masası
- 19 İyun 18:21
- 2 069
Səni də, qatillərini də unutmadıq, Xan! - Fətəli xan Xoyskinin qətlə yetirilməsindən 105 il keçir

Tarix Azərbaycanın müstəqilliyi və dövlətçiliyinin təməllərini atan nadir şəxsiyyətlərdən biri kimi Fətəli Xan Xoyskini xüsusi yerə qoyur. O, yalnız Azərbaycanın dövlət strukturunun əsasını qoymamış, eyni zamanda xalqımızın müstəqil dövlət ideyasının gerçəkliyə çevrilməsində sözün birbaşa mənasında ömrünü fəda etmişdi. Bu gün Xanın erməni terrorçuları tərəfindən qətlə yetirilməsindən 105 il keçir. Belə bir gündə Xoyskiyə olan borcumuz onun ideyalarını və əməllərini daha dərindən anlamaq, anlatmaqdır.
Fətəli Xan Xoyski 1875-ci ildə Şəki şəhərində doğulmuşdu. Gənc yaşlarından yüksək intellektual səviyyəsi, prinsipiallığı və vətənə bağlılığı ilə fərqlənirdi. O, Peterburq Universitetində hüquq təhsili alaraq, dövrünün ən müasir dünyagörüşünə malik ziyalılarından biri sayılırdı. Xoyski Azərbaycanın müstəqilliyinin qazanılmasında və onun beynəlxalq səviyyədə tanınmasında müstəsna xidmətlər göstərmişdi.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edilərkən Xoyski ilk hökumətin başçısı seçildi. Dövlət təşkilatının yaradılması, qanunların hazırlanması, iqtisadiyyatın qurulması və diplomatik əlaqələrin inkişaf etdirilməsi, ən əsası Bakının azad edilməsi kimi çətin məsələlər onun rəhbərliyi altında həyata keçirildi.
Xoyskinin rəhbərliyi altında hazırlanan Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiya Aktı- İstiqlal Bəyannaməsi demokratik prinsipləri əsas götürərək müasir dövlətçiliyin təməlini qoydu. O, qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsinin liderlərindən biri və faktiki olaraq dövlət başçısı idi. Xoyski Azərbaycan hökumətinin rəhbəri kimi ölkənin dünyəvi, demokratik prinsiplərə əsaslanan bir dövlət kimi inkişaf etməsi üçün bütün gücünü səfərbər etmişdi.
Xoyski eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün diplomatik yollara böyük önəm verirdi. Bacarıqlı bir diplomat idi.
Fətəli Xan Xoyski 19 iyun 1920-ci ildə Tbilisidə erməni terrorçuları tərəfindən qətlə yetirildi. Onun qətli təkcə bir liderin itkisi deyil, həm də Azərbaycanın müstəqillik yolunda verdiyi ağır qurbanlardan biri idi. Ancaq onun ideyaları və əməli fəaliyyəti xalqımızın yaddaşında əbədi olaraq yaşayır.
Xoyskinin vətən üçün göstərdiyi xidmətlər Azərbaycan xalqının tarixində qızıl hərflərlə yazılıb. Azərbaycanın müstəqilliyi və dövlətçilik ənənələrinin qorunması üçün onun ideyalarını gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.
Ruhun şad olsun, böyük şəxsiyyət!
AzNews.az