- Redaktor masası
- 19 İyun 21:00
- 2 249
Azərbaycan-Türkiyə qardaşlığı: Qəhrəman şəhərdə alqışlanan fateh - BİZİM ŞƏRH

İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı, Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz nümunəsi oldu. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən şəxsən hava limanında qarşılanması, bu səfərin yüksək əhəmiyyətini və iki liderin əlaqələrinin dərinliyini nümayiş etdirdi. Bu jest iki ölkə arasındakı dostluq və əməkdaşlığın sıradan deyil, xüsusi bir səviyyədə olduğunu bir daha sübut etdi.
Kahramanmaraşda keçirilən bu mərasim yalnız bir açılışdan ibarət deyil, həm də Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlığın gücünü simvolizə edir. Azərbaycanın zəlzələdən sonra Türkiyəyə göstərdiyi dəstək dostluğun yalnız bəyanatlarda deyil, əməli tədbirlərdə də özünü göstərdiyini təsdiqlədi. Bu məhəllənin adı da, məhz bu tarixi qardaşlığın əbədi simvolu kimi yadda qalacaq.
Prezident İlham Əliyevin “Qarabağ Fatehi” şüarları ilə qarşılanması, Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsinin regionda yaratdığı yeni reallıqların göstəricisidir. Bu mesaj, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi ilə yalnız bölgədə deyil, dünya səviyyəsində də artan nüfuzunun təzahürüdür. Bu şüar həm də iki qardaş ölkənin ortaq gücünü və əməkdaşlığını önə çıxarır.
İlham Əliyevdən dərhal sonra Ermənistanın Baş naziri Nikol Paşinyan da Türkiyəyə gedəcək. Bu həm də o deməkdir ki, Azərbaycanın Qarabağda əldə etdiyi zəfər və Türkiyə ilə möhkəmlənən strateji müttəfiqlik, Ermənistanı yeni reallıqları qəbul etməyə və münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Paşinyanın səfəri Ermənistanın dəyişən şərtlər qarşısında öz mövqeyini müəyyən etmə cəhdidir.
Dünyada isə tarazlıq şiddətlə pozulur. Belə bir ortamda siyasi və iqtisadi qarşıdurmalar artıb, sabitlik zəifləyib, Yaxın Şərq qan çanağına dönüb. Zira, Azərbaycan və Türkiyə öz qardaşlığına söykənərək sabitlik və birlik modeli kimi çıxış edir. Bu əməkdaşlıq yalnız iki ölkə üçün deyil, həm də region və dünya üçün yeni bir nizam və tərəqqi nümunəsi təklif edir.
2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə çatdırdı. Bu sənəd, xüsusilə hərbi və təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutaraq, Azərbaycan və Türkiyənin bölgədəki liderliyini daha da möhkəmləndirdi. Azərbaycan və Türkiyə, yalnız regionda deyil, beynəlxalq miqyasda da artan nüfuza malikdir:
Enerji təhlükəsizliyi: Azərbaycanın enerji resursları, Avropa və Asiyanın enerji təminatında strateji rol oynayır.
Regional inkişaf: Zəngəzur dəhlizi kimi layihələr regionun iqtisadi inteqrasiyasını təmin edir.
Türk dünyası: Türkiyə və Azərbaycan Türk Dövlətləri Təşkilatı vasitəsilə Türk dünyasında birliyin mərkəzi aktorları kimi çıxış edir.
Bəli, Prezident İlham Əliyevin Kahramanmaraşa səfəri, ardınca Nikol Paşinyanın da Türkiyəyə getməsi regionda Azərbaycan-Türkiyə ittifaqının yaratdığı yeni əməkdaşlıq müstəvisinin nəticəsidir. Azərbaycan-Türkiyə qardaşlığı regionun gələcəyini müəyyən edən strateji bir güc mərkəzinə çevrilir. Ermənistan bu güclə mütləq hesablaşmalıdır.
Mövsüm NOVRUZOĞLU,
AzNews.az