“Azərbaycanda havanın soyuması arktik hava kütlələri ilə bağlıdır” – Sadiq Həsənov

"Son dövrlərdə Azərbaycanda havaların soyumasının əsas səbəblərindən biri arktik istiqamətdən, yəni Şimal Buzlu okeanı və Şərqi Avropa üzərindən ölkəyə daxil olan hava kütlələridir. Bu kütlələr Böyük Qafqaz sıra dağlarını keçərək Azərbaycana daxil olur və havanın kəskin soyumasında mühüm rol oynayır. İkinci istiqamət arktik hava kütlələrinin Qrenlandiya, Şpitsbergen və Norveç sahilləri üzərindən hərəkətidir. Bu hava axınları da şimal-şərq istiqamətindən ölkəyə daxil olaraq temperaturun aşağı düşməsinə səbəb olur. Üçüncü əsas istiqamət isə Rusiya–Sibir–Qazaxıstan xətti hesab olunur. Bu istiqamətdən gələn soyuq hava kütlələri Xəzər dənizi vasitəsilə, xüsusilə Xəzri küləkləri ilə birlikdə Azərbaycana daxil olaraq hava mühitini soyudur".

Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Qeyd edək ki, son günlər ölkədə şaxtalı və soyuq hava şəraiti müşahidə olunur. Vətəndaşlar qeyd edirlər ki, builki soyuqlar əvvəlki illərə nisbətən daha sərt və dözülməzdir. Rəsmi temperatur göstəriciləri normaya yaxın olsa da, insanlar hiss etdikləri soyuğu daha kəskin hesab edirlər.

Ekoloq bildirib ki, qış aylarında bu üç istiqamət hər biri ölkəyə soyuq hava kütlələrinin daha intensiv daxil olmasına əlverişli şərait yaradır.

"Düzdür, Böyük Qafqaz sıra dağları bu prosesin qarşısını müəyyən qədər alsa da, xüsusilə Rusiyadan, Xəzər dənizinin şimalından və Qazaxıstan istiqamətindən daxil olan hava axınları havanın soyumasında əsas amillərdən biridir. Son dövrlərdə müşahidə olunur ki, həm Avropa ölkələrində, həm də Rusiyanın şimal hissəsində temperatur kəskin şəkildə aşağı düşüb. Məhz bu hava kütlələri Azərbaycanda da soyuq hava şəraitinin yaranmasına səbəb olur. Lakin bu proses qısa müddətlidir. Son bir-iki gündə havanın mülayimləşməsi müşahidə olunur ki, bu da cənub istiqamətindən, xüsusilə Aralıq dənizi üzərindən daxil olan isti hava kütlələri ilə əlaqədardır. Tarixi müşahidələr göstərir ki, Azərbaycanda əvvəllər də sərt qışlar olub. Məsələn, 2002-ci ildə temperatur -9 dərəcəyədək, 2012-ci ildə -8–9 dərəcəyədək enib. 1969-cu ildə və daha əvvəlki illərdə də ölkədə güclü soyuq hava kütlələri qeydə alınıb. Bu hava kütlələrinin qəfil daxil olması və qısa müddətdən sonra havanın yenidən mülayimləşməsi iqlimə müəyyən təsir göstərir. Mövcud hava şəraiti və əvvəlki illərin təhlili göstərir ki, Azərbaycanda soyuq hava daha çox dağlıq ərazilərdə intensivləşir. Xüsusilə Naxçıvanın dağlıq hissələri, Kəlbəcər və Laçın istiqamətləri, ümumilikdə Qarabağ bölgəsi, həmçinin Böyük Qafqaz sıra dağları boyunca – Qəbələ, Şamaxı ərazilərində soyuq hava kütlələri daha qabarıq şəkildə müşahidə olunur. Aran zonasında isə hava nisbətən mülayim keçir. Temperaturun mənfi göstəricilərə düşməsi halları olsa da, bu, adətən uzunmüddətli xarakter daşımır".

Rəfiqə Namazəliyeva,

AzNews.az