Orxan Səfərov Avropa çempionu oldu

Bütün görüşlərdə qələbə qazanan cüdoçumuz ilk dəfə Avropa çempionu tituluna yiyələnib

Çexiyanın paytaxtı Praqada cüdo Avropa çempionatı start götürüb.

AzNews.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin 6 üzvü tatami üzərinə çıxıb.

Təmsilçilərimizdən yalnız Orxan Səfərovun çıxışı uğurlu alınıb. Bütün görüşlərdə qələbə qazanan cüdoçumuz ilk dəfə Avropa çempionu tituluna yiyələnib.

Nicat Şıxəlizadə 1 qarşılaşmada qalib gəlibsə, qadın cüdoçularımız ilk görüşdə mübarizəni dayandırıb.

Qeyd edək ki, Orxan Səfərov 1/16 finalda Manuel Lombardo (İtaliya), 1/8 finalda Matej Polyak (Slovakiya) üzərində qələbə qazanıb. Yarımfinala vəsiqə uğrunda qarşılaşmada cüdoçumuz almaniyalı Sebastyan Seydli məğlub edib. Finalın bir addımlığında serbiyalı Strahinya Bunçiçə qalib gələn idmançımız həlledici qarşılaşmaya vəsiqə qazanıb. O, finalda İsrail cüdoçusu Tal Flikeri yenərək Praqada qızıl medal əldə edib. Bu, Orxanın Avropa çempionatlarında 4-cü medalı olub. 2015 və 2016-cı illərdə finalda uduzaraq gümüşlə kifayətlənən cüdoçumuz 2017-ci ildə 3-cü yeri tutub.

Nicat Şıxəlizadənin çıxışı uğursuz alınıb. 1/16 finalda moldovalı Vadim Buneskuya qalib gələn təmsilçimiz fransalı Killian Le Bluxa uduzaraq 1/4 finalın astanasında dayanıb.