• Fanat
  • 23 Mart 2023 11:55
  •  5 857

Aynur Rzayeva Azərbaycanın boks tarixinə düşüb

Azərbaycanın qadın boksçusu Aynur Rzayeva ölkənin boks tarixinə düşüb.

Federasiyadan verilən məlumata görə, o, Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında yarımfinala yüksəlməklə buna nail olub.

+81 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionatının finalçısı 1/4 finalda Selin Li-Loya (Yeni Zelandiya) 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək, ən azı bürünc medalı təmin edib.

Rzayeva mundiallarda yarımfinala qədər irəliləyən ilk azərbaycanlı qadın boksçu olub. Yığma dünya çempionatlarında sonuncu dəfə 2014-cü ildə medal qazandığından, boksçu 9 illik uğursuz seriyaya da son qoyub.

Aynur Rzayeva yarımfinalda qazaxıstanlı Lazzat Kunqeybayeva ilə döyüşəcək.

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.