- Fanat
- 13 Yanvar 17:35
- 3 837
Güləş hakimi: "Azərbaycan çempionatında ən yaxşı seçilmək mənə böyük motivasiya oldu"
Güləş üzrə Azərbaycan çempionatında "ən yaxşı hakim" seçilmək Kamran Əliyev üçün böyük motivasiya olub.
Aznews.az xəbər verir ki, Bu barədə referi özü açıqlama verib.
O, bunun gələcəkdə gələcəkdə daha yüksək səviyyədə performans göstərməsi üçün onda əlavə stimul yaratdığını deyib:
"Bu çempionatda "ən yaxşı hakim" seçilməyim mənim üçün böyük motivasiya oldu və gələcəkdə daha yüksək səviyyədə performans göstərməyim üçün əlavə stimul yaratdı. Məlumat üçün bildirmək istərdim ki, 2012-ci ildə Dünya Güləş Birliyi (UWW) tərəfindən dünyada ən gənc beynəlxalq kateqoriyalı hakim adına layiq görülməyimlə bağlı rəsmi məktub almışam. Bu gün isə ölkə çempionatında ən yaxşı hakim seçilmək mənim üçün böyük qürur mənbəyidir. Buna görə də Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə, Hakimlər Komitəsinə dərin minnətdarlığımı bildirirəm. Əlavə olaraq qeyd etmək istərdim ki, hakimlərin bu cür diqqət mərkəzində saxlanılması digər referilər üçün də güclü motivasiya mənbəyidir və bu, növbəti çempionatlarda daha obyektiv, ədalətli və yüksək səviyyəli hakimliyin ortaya qoyulmasına töhfə verəcək".
Ədalət təmsilçisi yarışın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkür edib:
"Bu çempionat indiyədək təşkil olunmuş ölkə birincilikləri arasında təşkilatçılıq baxımından ən mükəmməli idi. Bu cür peşəkar yanaşma hakimlərin işini xeyli asanlaşdırmaqla yanaşı, onların daha yüksək səviyyədə idarəçiliyinə də şərait yaradır. Mən 2008-ci ildən etibarən ölkə çempionatlarında hakimlik fəaliyyəti ilə məşğulam və açıq şəkildə bildirə bilərəm ki, bu səviyyədə təşkilatçılıq ilk dəfə idi. Yarışın həm iştirakçılar, həm azarkeşlər, həm də hakimlər üçün paralel olaraq müxtəlif maraqlı oyunlar və tədbirlərlə müşayiət olunması çempionata marağı daha da artırdı. Bir daha bu yarışın beynəlxalq səviyyədə təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Həmçinin 5 gün ərzində arenaya gələrək çempionatı daha maraqlı və rəngarəng edən azarkeşlərə də minnətdaram".
Qeyd edək ki, sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı yanvarın 7-11-i aralığında Bakı İdman Sarayında təşkil olunub.