Sörloth: “Atletiko Madriddə qalmaq istəyirəm”

“Atletiko Madrid”in norveçli hücumçusu Aleksandr Sörloth “Qalatasaray”la keçirəcəkləri oyun öncəsi təşkil olunan mətbuat konfransında açıqlamalar verib. Təcrübəli forvard həm cari forması, həm də Türkiyə futbolu ilə bağlı fikirlərini bölüşüb.

Özünə inamının artdığını vurğulayan Sörloth bildirib:

“Futbolçunun həyatında elə anlar olur ki, hər şey qaydasında getmir. Hazırda özümə çox güvənirəm, komanda yoldaşlarım da mənə inanır. Güvən çox vacibdir.”

“Atletiko Madrid”də xoşbəxt olduğunu deyən norveçli hücumçu belə danışıb:

“Burada çox xoşbəxtəm və bunu meydanda göstərdiyimi düşünürəm. Atletikoda davam etmək istəyirəm.”

Komandaya yeni qoşulan futbolçularla uyğunlaşma dövrünün geridə qaldığını qeyd edən Sörloth əlavə edib:

“Hazırda daha yaxşı vəziyyətdəyik, bir-birimizə öyrəşmişik.”

Daha əvvəl Türkiyədə oynadığını xatırladan ulduz futbolçu Super Liqanın atmosferini xüsusi vurğulayıb:

“Bir mövsüm Türkiyədə oynamışam. Stadionlar dolu olur, insanlar futbola böyük sevgi bəsləyir. Mübarizəni sevən futbolçusunuzsa, burada oynamaqdan zövq alarsınız. Atmosfer həqiqətən çox təsirlidir.”

Mövsüm,

AzNews.az