Qazaxıstanda gümüş medal qazanan Azərbaycan atleti: "Nəticəmdən tam razı deyiləm"

Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanan Azərbaycan atleti İsmail Əliyev nəticəsindən tam razı qalmayıb.

Aznews.az xəbər verir ki, İdmançı bu barədə bildirib.

XI Olqa Ripakova mükafatı uğrunda yarışda nüvə itələmə növündə ikinci yeri tutan atlet turnirin çox yaxşı təşkil olunduğunu söyləyib:

"Yarışın təşkilatçılığını, keçirildiyi məkanı çox bəyəndim. Medal qazanmağımın sevinci isə başqadır. Yarış mənim üçün normal alındı. Amma nəticədən çox da razı deyiləm. Daha yaxşı çıxış edə bilərdim. Sadəcə, yüngül zədələrim var idi. Buna görə istədiyim kimi mübarizə apara bilmədim. Növbəti turnirlərdə daha yaxşı nəticəyə nail olmağa çalışacağam. Əsas rəqibim də zəif deyildi. Dəfələrlə turnirlərdə qarşılaşmışıq".

O, bu il başqa yarışlara da qatılacağını sözlərinə əlavə edib:

"Hədəfim yenə Azərbaycan rekordunu qırmaqdır. 2025-ci ildə 64 illik ölkə rekordunu yenilədim. Bu il də bu rekordu təzələməyi planlaşdırıram. Yerli və beynəlxalq yarışlara hazırlaşacağam. Bacardığım qədər bayrağımızı beynəlxalq arenadalarda dalğalandırmaq istəyirəm".

İ.Əliyev Avropa, dünya çempionatlarında və olimpiadada medal qazanmaq istədiyini vurğulayıb:

"Qismət olsa, buna nail olacağam. Yaxşı nəticələr göstərmək üçün çalışıram. Azərbaycan Atletika Federasiyası da mənə dəstək olur. Bunun qarşılığını nailiyyətlərlə göstərmək istəyirəm".

Qeyd edək ki, İsmail Əliyev Qış Dünya Turunun Gümüş səviyyəli turnirində 16,58 metr nəticə ilə ikinci yeri tutub.