Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən gəmidə yanğın baş verib. Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən gəmidə yanğın baş verib.

Xəzərdə Rusiya gəmisi yanır - Yenilənib 4

Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən gəmidə yanğın baş verib.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ilkin məlumata əsasən Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın baş verib.

Fövqəladə Hallah Nazirliyinin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.

Əlavə məlumat veriləcək.

11:31
***
Xəzər dənizində yanan Rusiya gəmisində ölən var.

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" tankerində baş verən yanğın nəticəsində bir ekipaj üzvü ölüb.

İlkin məlumata əsasən, ölən Qazaxıstan vətəndaşıdır. Göyərtədə olan18 nəfərin təxliyə edildiyi bildirilir.

12:37
***

Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" tankerində baş verən yanğının söndürülməsinə Azərbaycana məxsus üç gəmi və üç helikopter cəlb olunub.

APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

13:23
***

Xəzərdə yanan Rusiya tankeri ilə bağlı dəqiqləşdirilmiş məlumatlara əsasən, yanğın nəticəsində ölən şəxs mexanik olub.

AzNews.az RİA Novosti-yə istinadən xəbər verir ki, bütün heyət üzvünün Rusiya vətəndaşı olduğu bildirilir.

Mənbənin məlumatına əsasən, 10 nəfər xilas edilib: "Onlar "Optimaflot" gəmisinin göyərtəsindədirlər. Onların vəziyyəti qənaətbəxşdir".

Mənbə qeyd edib ki, gəminin üst qismi yanır. Tankerdə neft məhsullarının olmadığı, su ilə dolu olduğu bildirilir.

13:55
***

Aprelin 23-də saat 09:35-də Rusiya Federasiyası bayrağı altında üzən və Azərbaycanın Dübəndi limanından Türkmənistanın Alaca limanı istiqamətində yüksüz hərəkətdə olan "PALFLOT-2" tankerində sahildən təqribən 110 km məsafədə yanğın hadisəsinin baş verməsi barədə Dövlət Dəniz Adminstrasiyasının Milli Mərkəzinə "SOS" siqnalı daxil olub.

AzNews.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, təlimata uyğun olaraq, dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin müvafiq qüvvələri qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub. Hazırda Fövqəladə Hallar Nazirliyinin "Mİ-17-1V" və "KA-32" helikopterləri və "Vixr-5" gəmisi,Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Caspian Voyager", "Caspian Protechtor", "İslay" və "Jura" gəmiləri yanğının söndürülməsi əməliyyatını həyata keçirir.

Tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas edilib, 1 nəfər - baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.