Bakının mərkəzində gənclərin aksiyası – SON DƏQİQƏ

saat: 16:27

Əməkdaşımız xəbər verir ki, Xədicə İsmayılova artıq sərbəst buraxılıb. Bulvardakı aksiya başa çatıb, gənclər yenidən Fəvvarələr Meydanına daxil olmaq istəsələr də polis buna imkan vermir. Əraziyə su şırnağı verən xüsusi maşınlar yerləşdirilib


saat: 15:55

Əməkdaşımız xəbər verir ki, artıq aksiya iştirakçıları "Azadlıq", "İstefa" şüarları səsləndirərək "Sahil" metrostansiyasından bulvara doğru yürüşə başlayıblar.

saat: 15:44

Əməkdaşımız xəbər verir ki, Atabəy Ağalarbəyli, Turqut Qəmbər, Əbülfəz Qurbanlı, Nadir Alma, Şahvələd Çobanoğlu, Emin Milli, Nərgiz Yaqublu, Tural Həsənzadə və onlarla digər gənc fəal saxlanılıb.


saat:15:33

Əməkdaşımızın hadisə yerindən verdiyi xəbərə görə, polisin dağıtdığı aksiya iştirakçıları bulvarda bir araya gələrək burada şüarlar səsləndirməyə başlayıb. Bu zaman daha bir neçə fəal polis tərəfindən həbs olunub


saat: 15:18

Aksiyaçıların həbsi davam edir. Artıq tanınmış jurnalist Şahvələd Çobanoğlu da polis tərəfindən saxlanılıb. Gənclər isə hələ də müqaviməti davam etdirirlər.

*****
saat: 15:09

Artıq aksiya başlayıb və gənclər Sahil bağına yön alıblar. Polis burada da gənclərdən 30 nəfərini həbs edib. Həbs olunanlar arasında Müsavat başqanı İsa Qəmbərin oğlunun olduğu da bildirilir.

***

Saat: 15:04

Artıq Facebook sosial şəbəkəsində gənclər saat 3-də Fəvvarələr Meydanında planlaşdırılan aksiyanı Sahil bağında keçirəcəklərini bildirirlər və iştirakçıları oraya dəvət edirlər.

Bu arada əməkdaşımız bildirir ki, polis Fəvvarələr Meydanının yaxınlığındakı "Araz" kafe"sndə 15 nəfər çay içərkən saxlanılıb.


saat: 14:46

Hazırda Fəvvarələr Meydanında olan əməkdaşımızın məlumatına görə "Silahlarınızı üzərimizdən çəkin" şüarıyla bu gün saat 15-00-a nəzərdə tutulan aksiyaya hər iki tərəf son hazırlıqlarını görür.

Hazırda şəhərin mərkəzində şənbə günlərində müşahidə olunan ənənəvi izdihamdan əsər-əlamət yoxdur. Fəvvarələr Meydanı və ətraf ərazilərdə həddindən artıq sakitlikdir.

Ərazidə yalnız çoxsaylı polis əməkdaşları və aksiyanı işıqlandırmaq üçün buraya toplanmış mətbuat işçilərini görmək olur. Polis maşınları isə aksiyanın keçirildməsi nəzərdə tutulan əraziyə girişində və çıxışında maşınlarla baryerlər yaradıb.


İlkin
AzNews.az