İmişlidə törədilmiş dəhşətli cinayətin üstü açıldı İmişlidə törədilmiş dəhşətli cinayətin üstü açıldı

Taksi sürücüsünü əvvəl öldürdü, sonra yandırdı

İmişlidə törədilmiş dəhşətli cinayətin üstü açıldı



Bir neçə gün əvvəl İmişli rayonunda törədilmiş dəhşətli qətl hadisəsinin üstü açılıb.

Lent.az-ın verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Ağayev xuliqanlıq zəminində həmyerlisi Rauf Bayramova bıçaqla xəsarət yetirdiyinə görə tutulub. N.Ağayevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun fevralın 16-da Mənsudi Orucovu qətlə yetirməsi müəyyən edilib.

Məlumata görə, N.Ağayev fevralın 16-da sərxoş vəziyyətdə 1966-cı il təvəllüdlü Mənsudi Orucovun taksi kimi istifadə etdiyi 66 BB 616 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı şəxsi avtomobilinə minib. Mənzil başına çatmamış sərxoş müştəri sürücünü bıçaqlayaraq qətlə yetirib. Daha sonra isə o izi itirmək məqsədi ilə Mənsudi Orucovun meyitini avtomobilin içinə qoyaraq maşına od vurub. Qətli törətmiş 27 yaşlı Niyaməddin Ağayev hadisə yerindən qaçıb. Polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilən N.Ağayev ilkin dindirmələr zamanı qətli hansı səbəbdən törətdiyini xatırlamayıb. O, 3 uşaq atası olan M.Orucovu "elə-belə" öldürdüyünü deyib.

Verilən digər məlumata görə, N.Ağayev təhlükəli şəxsdir. Bildirilir ki, spirtli içki qəbul edəndən sonra N.Ağayev ən qəddar və ağlasığmaz hərəkətləri də edə bilər.

AzNews.az