Gülər Əhmədovanın oğlu əməliyyat olunacaq

"Toğrulun qolu ola bilər ki, əməliyyat edilsin. Hər halda buna həkimlər qərar verəcək. Əgər lazımdırsa əməliyyat edəcəklər. Əməliyyatı ona görə etmək istəyirlər ki, qolu gec birləşə və əyri ola bilər. Sağ olsunlar, Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının tibbi personalı, travmatoloq Azər Qafarov. Oğluma lazımi tibbi xidməti göstərirlər, tez-tez müayinə edirlər. Allahın köməkliyi ilə bu kiçik əməliyyat da Hərbi Hospitalın peşəkar həkimləri tərəfindən uğurla başa çatdırılar".

Bu sözləri Movqe.az-a Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov oğlu Toğrul Əhmədovun səhhəti ilə bağlı açıqlamasında söyləyib.

Toğrul Əhmədovun həkimi travmatoloq Azər Qafarov da açıqlamasında bildirib ki, bu adi, normal qəbul olunmuş kiçik bir əməliyyatdır: "Toğrulun gibsi söklülərək osteosintez əməliyyatı aparılacaq (el arasında mil qoyulma). Travmalı xəstələrin müalicəsində osteosintez əməliyytları geniş tətbiq olununr. Osteosintez sümük uclarının hər hansı bir üsulla birləşdirilməsi və bitişməyə lazımi şəraitin yaradılması deməkdir. Atasına bu barədə məlumat vermişik. Yəqin ki, sabah Toğrulu əməliyyat edəcəyik. Heç bir narahatçılığa əsas yoxdur. Qolu sınan xəstələrin əksəriyyətində bu əməliyyatın aparılması vacibdir".

Qeyd edək ki, yumşaq toxumaları, damar-sinir dəstəsini zədələmək qorxusu olan bütün sınıqlarda, oynaqdaxili bütün sınıqlarda, gecbitişən sınıqlarda, yalançı oynaqlarda, ikincili yerdəyişmiş sınıqlarda, konservativ repozisiyası mümkün olmayan sınıqlarda osteosintez əməliyyatına göstəriş var.

AzNews.az