Üç nəfərin ölümündə təqsirli bilinən sürücüyə hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində ağır yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinən Şirvan şəhər sakini Asif Nəzərovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Asif Nəzərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 24 noyabr 2012-ci il tarixdə, saat 23:00 radələrində Qax-Qum yolunun 6-cı km-də, 1992-ci il təvəllüdlü Şirvan sakini Asif Nəzərov idarə etdiyi "Mercedes-Benz" markalı, 90-DT-384 dövlət qeydiyyat nişanlı avtomobili Süskənd körpusundən aşırıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər, 1985-ci il təvəllüdlü Qax rayon sakini Novruz Abbasov, 1979-cu il təvəllüdlü Sabirabad rayon sakini Hikmət Əkbərov, 1983-cü il təvəllüdlü Şirvan şəhər sakini Nazim Qasımov aldığları xəsarətlərdən hadisə yerində ölüblər.

Avtomobilin sürcüsü Asif Nəzərov və digər sərnişinlər, 1990-cı il təvəllüdlü Şirvan şəhər sakini İlham Zeynalov, 1989-cu il təvəllüdlü Qax rayon sakini Pərvin Bayramova tibbi yardım göstərildiyindən həyatlarını xilas etmək mümkün olub.

İstintaq araşdırması zamanı yol qəzasının törədilməsində günahkar Asif Nəzərovun olduğu müəyyən edilib və o, həbs edilib. Asif Nəzərovun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

AzNews.az