Qanunsuz kolbasa istehsal edən sex aşkarlandı - FOTO

Gəncə şəhərində kolbasa istehsalı və satışı ilə məşğul olan qanunsuz sex aşkarlanıb. APA-nın Qərb bürosunun məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsinin əməkdaşlarının şəhərin N.Nərimanov prospekti,1 ünvanında yerləşən "Elxan" MMC-yə məxsus istehsal müəssisəsində apardığı reyd zamanı ciddi nöqsanlar aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, sanitariya norma və qaydalarına məhəl qoyulmadan işləyən müəssisədə texnoloji təlimata əməl edilmir, istehsal olunan kolbasaların gigiyenik və uyğunluq sertifikatları yoxdur.

Bundan əlavə, reyd zamanı müəssisədə istifadə olunan ət məhsullarının mənşəyi məlum olmadığı və müəssisəyə məxsus olmayan 10-a yaxın əmtəə nişanından istifadə edildiyi müəyyənləşib. Həmçinin, reyd zamanı avadanlıqların antisanitar vəziyyətdə olduğu da müəyyən edilib.

Məlumata görə, müəssisədən götürülən nümunələr laboratoriyaya göndərilib. Nəticələr məlum olduqdan sonra İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq sex sahibinə 4-5 min manat məbləğində cərimənin tətbiq edilməsi nəzərdə tutulub. Artıq sexin məhsullarının satışına qadağa qoyulub.

AzNews.az