Azərbaycanda saxta “Abituriyent“lər aşkarlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Abituriyent" jurnalının 4-cü sayının saxtalaşdırılmış nüsxəsini aşkar edib.

Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. O bildirib ki, müəyyən şəxslər tərəfindən "Abituriyent" jurnalının 4-cü sayı saxtalaşdırılaraq çap edilib və satışa çıxarılıb. E. Nağızadənin sözlərinə görə, bu hadisə cari il ərzində aşkarlanan ilk belə faktdır. TQDK rəsmisi qeyd edib ki, komissiya saxta jurnalları aşkarlayıb və məsələ ilə bağlı lazımi inzibati tədbirlərin görülməsi üçün TQDK tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub. TQDK abituriyentləri və onların valideynlərini jurnal alarkən diqqətli olmağa çağırır.

Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun tam mətni, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə formasının doldurulma qaydası və onun nümunəsi "Abituriyent" jurnalının 4-cü sayında təqdim edilib.

AzNews.az