Bakıda ağır yol qəzası; ölən və yaralananlar var

Avqustun 6-na keçən gecə saat 23:45 radələrində Bakı şəhərinin Nərimanov rayonunda ağır yol qəzası baş verib.

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1991-ci il təvəllüdlü Rza Musazadə "Nissan Sunny" markalı avtomobili ilə Məmməd Araz küçəsində hərəkətdə olarkən idarəetməni itirib. Sürətlə hərəkət edən avtomobil əvvəlcə Məmməd Araz küçəsi 66 ünvanının hasarına, sonra isə işıq dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin 1988-ci il təvəllüdlü Rəşad Kazımov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Sürücü və digər sərnişin, 1989-cu il təvəllüdlü Xəyyam Xəlilov isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla əlaqədar Nərimanov RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

AzNews.az