Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi Ramazan bayramı günlərində sürücülərə və piyadalara yollarda diqqətli olmağı tövsiyə edir.

Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev bildirib.

Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda Ramazan bayramı günləri ilə bağlı avqustun 8-i və 9-u qeyri-iş günləri olacaq. Ona görə də Ramazan bayramı günlərində respublika ərazisindəki yollarda nəqliyyatın hərəkətində intensivliyin müşahidə olunacağı gözlənilir. Şöbə rəisinin sözlərinə görə, bununla əlaqədar BDYPİ sürücülərə və piyadalara yollarda xüsusilə diqqətli olmağı tövsiyə edir:

"Bununla əlaqədar havaların isti keçməsini nəzərə alaraq yollarda sürücülərin tam diqqətli olmalarını və soyuducu sistemi olmayan avtomobillərdən günün isti vaxtlarında istifadə etməmələrini tövsiyə edirik. Bundan başqa, bəzi dağətəyi rayonlarda havaların yağışlı, leysan xarakterli olacağını nəzərə alaraq, sürücülər və avtomobil sahibləri nəqliyyat vasitələinin şüşəsilənlərini qaydaya salsınlar, o cümlədən yollarda sürət həddinə və ötmə qaydalarının düzgün həyata keçirmələrinə xüsusi diqqət yetirsinlər. Avtomobillərin hərəkət sıxlığını nəzərə alaraq piyadalara da yolu keçərkən maksimum dərəcədə diqqətli olmağı tövsiyə edirik."

Qeyd edək ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən, Ramazan bayramı ilə əlaqədar bu gündən etibarən avqustun 10-dək Azərbaycan polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Əmrdə göstərilir ki, mühüm əhəmiyyətli obyektlərlə yanaşı sərnişin daşıyan nəqliyyat vasitələrində mühafizə tədbirlərinin daha da gücləndirilməsi nəzərdə tutulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Ramazan bayramı günlərində Azərbaycanda hava şəraiti dəyişərək qeyri-sabit keçəcək, yağmurlu olacaq və temperatur nisbətən enəcək. Məlumata görə, Azərbaycanın bölgələrində avqustun 8-i axşamdan avqustun 10-u günorta saatlarınadək əsasən gecə və axşam saatlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Böyük Qafqazın dağlıq ərazilərində isə yağıntıların leysan xarakteri alacağı gözlənilir.

AzNews.az