- Siyasi müzakirə
- 18:15
- 2 098
“Qəzza böhranı yanlış formatda həll edilməyə çalışılır” – Elçin Xalidbəyli
"ABŞ Prezidenti Donald Tramp “Sülh Şurası”nı yol verilməz şərtlər daxilində formalaşdırmağa çalışır. Onun son açıqlamalarından da belə qənaətə gəlmək olar ki, bu qurumun Qəzza bölgəsinə, ümumilikdə isə Yaxın Şərqə real və müsbət nəticələr vermək ehtimalı olduqca zəifdir. Çünki sözügedən şuraya müharibəni əsas siyasi alətə çevirmiş dövlətlərin rəhbərləri də dəvət olunub. Məsələn, Rusiyanın Tramp tərəfindən bu şuraya çağırılması anlaşılmaz və ziddiyyətli addım kimi qiymətləndirilir. Rusiya müstəqil və suveren Ukrayna dövlətinin ərazilərinin bir hissəsini işğal edib, yaşayış məntəqələrini – şəhərləri, kəndləri və qəsəbələri bombalayaraq dağıdıb. Minlərlə dinc sakinin, o cümlədən uşaqların, qadınların və yaşlıların həlak olmasına səbəb olub. Bu gün də müharibəni eyni qəddarlıqla davam etdirən bir ölkənin prezidentinin Qəzza üzrə “Sülh Şurası”na dəvət edilməsi ciddi suallar doğurur".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə “Qəzza Sülh Şurası” formalaşdırılıb. Şura Yaxın Şərqdə, xüsusilə Qəzza zolağında münaqişənin həlli, humanitar vəziyyətin yaxşılaşdırılması və mümkün siyasi həll yollarının müzakirəsi məqsədilə yaradılıb. Şuraya bir sıra ölkələrin liderləri və hökumət başçıları dəvət olunub. Onlar arasında Rusiya, Çin, Özbəkistan və Ermənistan da yer alır. Qeyd etmək lazımdır ki, yalnız dəvət olunmaq kifayət deyil – üzv ölkələr şuraya qoşulmaq üçün 1 milyard dollar vəsait ayırmalıdır.
Siyasi şərhçi bildirib ki, aktiv şəkildə müharibə aparan bir dövlətin Qəzzada sülhün təminatçısı qismində çıxış etməsi inandırıcı görünmür.
"Belə neqativ məqamlar kifayət qədər çoxdur. Müşahidələr onu göstərir ki, Trampın əsas məqsədi humanitar böhranın aradan qaldırılması deyil. Onu nə Qəzza, nə də orada zülm çəkən insanlar maraqlandırır. Tramp fəaliyyətinin əsas prioriteti kimi qlobal miqyasda şəxsi PR kampaniyasını formalaşdırmağı seçib. Bu baxımdan, yaradılması planlaşdırılan “Sülh Şurası”nın nə Qəzzaya, nə də ümumilikdə Yaxın Şərqə ciddi töhfə verəcəyi real görünmür. Digər tərəfdən, Tramp bu qurum vasitəsilə müxtəlif dövlətlərdən maliyyə vəsaiti toplamaq istiqamətində də addımlar atır. Belə ki, bəzi ölkələr üçün şuraya üzvlük haqqı 1 milyard dollar məbləğində müəyyənləşdirilib. Nə qədər qəribə səslənsə də, bəzi dövlətlər bu şərtləri qəbul edərək quruma daxil olmağa çalışırlar. Böyük ehtimalla onlar bunu ABŞ və Trampa yaxınlaşmaq üçün fürsət kimi qiymətləndirirlər. Lakin bütün bu proseslər Tramp tərəfindən əvvəlcədən düşünülmüş və yalnız şəxsi-siyasi maraqlarına xidmət edən addımlar kimi dəyərləndirilir. Azərbaycana gəldikdə isə, rəsmi Bakı bu məsələ ilə bağlı mövqeyini dəfələrlə açıqlayıb. Azərbaycan regiondan kənarda gedən müharibə proseslərinə birbaşa müdaxilə etmək niyyətində deyil. Eyni zamanda, Qəzza bölgəsindəki humanitar böhranın aradan qaldırılmasına yönəlmiş təşəbbüslərə də tamamilə biganə qalmır. Rəsmi mövqeyə görə, Fələstin və Qəzza problemi ilk növbədə ərəb dövlətlərinin məsələsidir və bu böhran yalnız onların birbaşa iştirakı ilə həll edilə bilər. Əgər Prezident Tramp Qəzza böhranını ərəb ölkələri olmadan, Ermənistan, Rusiya və ya bu münaqişəyə heç bir aidiyyəti olmayan dövlətlərin iştirakı ilə nizamlamağa çalışırsa, bu, onun real sülh niyyətinin olmadığını açıq şəkildə göstərir. Belə görünür ki, Trampın əsas məqsədi Qəzza böhranını həll etmək deyil, bu mövzudan istifadə edərək şəxsi siyasi imicini və PR kampaniyasını gücləndirməkdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az