Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Bu gün Nəsimi Rayon Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.

Vəkil Nemət Kərimlinin apa-ya verdiyi məlumata görə, prosesdə vəsatətin təmin olunması barədə qərar qəbul olunub və T. Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin 3 ay uzadılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və "REAL" hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

AzNews.az