Prokurorluq APA-dan Mətbuat Şurasına şikayət etdi

Azəri-Press Agentliyi (APA) tərəfindən sentyabrın 12-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini Əli Nağıyevin yol qəzasına düşərək xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə həqiqətə uyğun olmayan və real faktlara söykənməyən informasiya dərc edilib.

Respublika Baş Prokurorluğu xəbərə münasibət bildirib. Qurumdan AzNews.az-a daxil olan məlumatda bildirilib ki, agentlik tərəfindən "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri kobud surətdə pozulub. Prokurorluq informasiyanı "sensasiya naminə yayılmış məlumat" adlandıraraq APA-nı vəzifəli şəxsin nüfuzuna xələl gətirmək və ictimai rəyi çaşdırmaqda qınayıb.

Məlumatda deyilir: "Həmin informasiya dərc edilməzdən əvvəl məlumatın düzgünlüyünün dəqiqləşdirilməsi məqsədi ilə agentliyin əməkdaşı Fuad Cəfərov Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanova müraciət edib. E.Sultanov öz növbəsində informasiyanın düzgün olmaması və bu səbəbə görə də məlumatın dərc edilməməsi barədə agentliyin əməkdaşına xəbərdarlıq etməsinə baxmayaraq, informasiya qərəzli şəkildə APA-nın bugünkü xəbər lentində və həmin agentliyə istinadən digər KİV-lərdə yayılıb.

Qeyd edilən qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq, böhtan atmaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməlidir. Qanunun 60-cı maddəsinə görə isə kütləvi informasiya vasitəsinin rəhbəri yayımlanan məlumatlarla əlaqədar qanunun tələblərini pozduğu halda cinayət və digər məsuliyyət daşıyır.

Gələcəkdə belə halların təkrarlanmaması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülməsi məqsədi ilə Azəri-Press Agentliyində (APA) dərc olunmuş məqalə Azərbaycan Mətbuat Şurasına göndərilib".

Prokurorluqdan bildirilib ki, sentyabrın 11-də baş vermiş yüngül qəza zamanı Ə.Nağıyev ümumiyyətlə həmin avtomobildə olmayıb, onun sürücüsü isə hadisə nəticəsində heç bir xəsarət almayıb.

AzNews.az