Dövlət Komitəsi “AzərRos”la əməkdaşlığı dayandırdı

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti - "AzərRos"u diaspor təşkilatları siyahısından çıxarıb.

APA komitənin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, qurumun Təbliğat və informasiya şöbəsi tərəfindən "AzərRos"un adı Rusiya Federasiyasındakı Azərbaycan diaspor təşkilatlarının siyahısından çıxarılıb.

Faktla bağlı DİDK-nın mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, "AzərRos"un Komitə ilə əməkdaşlıq etmək istəyi müşahidə olunmadığından adı siyahıdan çıxarılıb: "Onlar bizimlə əməkdaşlıq etmədikləri üçün qeydə aldığımız təşkilatların siyahısından çıxarmışıq".

Qeyd edək ki, DİDK sədri Nazim İbrahimov bir müddət əvvəl APA-ya müsahibəsində "AzərRos"la bağlı suala cavab olaraq bildirib ki, Abbas Abbasov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin özünün ağsaqqalı olduğunu, Azərbaycan rəhbərliyinin siyasətini dəstəklədiyini bəyan edir: "Bizim üçün də bu bəyanatlar təqdirəlayiqdir. Amma hər kəsin verdiyi bəyanatla əməli işi uyğun gəlməlidir. Bu tipli bəyanatlar verən Abbas Abbasovun Söyün Sadıqov kimi Azərbaycan dövlətini dağıtmağa xidmət edən bir adamla eyni çətir altında olması düzgün deyil. Çünki belə bəyanatların müəllifi Abbas Abbasov kiminlə eyni çətir altında olmasına diqqət edərək, özü üçün dəqiqləşdirmələr etməli, azərbaycançılıq ideologiyasına xidmət edən mövqeyini aydın şəkildə ortaya qoymalıdır. Yalnız bundan sonra biz onunla əməkdaşlığa hazır olacağıq".

AzNews.az