Avtomobil ağaca çırpıldı; yaralılar var

Gəncədə avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alıb.


Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə şəhərin Nəriman Nərimanov prospektində, 252 saylı evin qarşısında baş verib.

Gəncə şəhər sakini, 30 yaşlı Arif Ələkbərov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə Göygöl rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarında olan ağaca çırpıb. Qəza zamanı sürücü və sərnişin, 28 yaşlı şəhər sakini İnarə Qurbanova müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Gəncə şəhər Baş İdarəsində araşdırma aparılır.


AzNews.az