Rusiyadan silah-sursat keçirilməsinin qarşısı alındı

Azərbaycanın şimal sərhədində silah-sursat qaçaqmalçılığının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan "Toyota Camry" markalı, O 565 MP 70 RUS dövlət nömrə nişanlı avtomaşına keçirilmiş gömrük baxışı zamanı, avtomaşının sürücüsü, Rusiya vətəndaşı Mamedov Hacıbala Nuru oğlu tərəfindən bəyan olunmayan 1 ədəd üzərində "Baikal MP-461" yazılmış, 18X45 kalibrli tapança, 1 ədəd qeyd olunan tapançada istifadə olunan daraq və 8 ədəd rezin başlıqlı güllə, digər "Mercedes Benz 0403" markalı, 90 ER 392 nömrə nişanlı sərnişin avtobusunun baqaj hissəsində olan çantalara monitor vasitəsi ilə keçirilmiş gömrük baxışı zamanı, sərnişin avtobusunu idarə edən Azərbaycan vətəndaşı Qəhrəmanov Seyfəddin Hacı oğlu tərəfindən bəyan olunmayan 1 ədəd Tayvan istehsalı olan "GİETCHER UZM" markalı, 4.5 kalibrli avtomat, 8 ədəd "GİETCHER" markalı qaz balonu və təqribi çəkisi 300 qram olan qırma, daha bir "Mercedes Benz-E320" markalı, 26 BA 572 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı isə həmin nəqliyyat vasitəsinin sürücüsü, Azərbaycan vətəndaşı Qasımov Eyvaz Əvəz oğlu tərəfindən gömrük bəyannaməsində göstərilməyən 1 ədəd 4,5 mm. kalibrli "BRT 84 GLETCHER" markalı qaz balonlu tapança aşkar olunub.

"Samur" gömrük postunun piyada keçidi zonasına Rusiya istiqamətindən daxil olan digər Azərbaycan vətəndaşı Heydərov Elman Səftər oğlunun əl yüklərinə keçirilmiş gömrük baxışı zamanı onun tərəfindən konfetin içərisində gömrük nəzarətindən gizlədilmiş 12 kalibrli ov tüfəngi üçün 125 ədəd patron aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı təhqiqat aparılır.(apa)

AzNews.az