“İnklüziv təhsilin uğuru məktəbdən yox, cəmiyyətdən başlayır” – Günay Əkbərova

"Hesab edirəm ki, inklüziv təhsilin uğuru ilk növbədə məktəbin maddi-texniki bazasından deyil, cəmiyyətin bu məsələyə münasibətindən başlayır. Çünki ən müasir məktəb binası, ən yaxşı proqramlar və ya qanunvericilik belə insanların düşüncəsində müəyyən stereotiplər qalırsa, istənilən nəticəni verməkdə çətinlik çəkə bilər. İnklüziv təhsil sadəcə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbə gəlməsi deyil, onların özlərini sinifin və məktəb cəmiyyətinin bərabərhüquqlu üzvü kimi hiss etməsidir.

Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, inklüziv təhsildə uğur qazanan ölkələr bu prosesi yalnız təhsil layihəsi kimi deyil, həm də sosial inkişaf məsələsi kimi qiymətləndiriblər. Məsələn, Finlandiya, Kanada, Norveç və digər inkişaf etmiş ölkələrdə uzun illərdir ki, uşaqlara erkən yaşlardan fərqliliklərə hörmətlə yanaşmaq, empatiya göstərmək və bir-birini dəstəkləmək kimi dəyərlər aşılanır. Nəticədə xüsusi qayğıya ehtiyacı olan uşaqlar məktəbdə özlərini kənarda qalmış hiss etmirlər və digər şagirdlər də müxtəlif insanlarla birgə yaşamaq və işləmək bacarığını daha erkən yaşlardan mənimsəyirlər".

Bu fikirləri Aznews.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.

Qeyd edək ki, son illərdə təhsil sistemlərinin qarşısında duran ən mühüm çağırışlardan biri inklüziv təhsilin inkişafıdır. Bu yanaşma yalnız xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi təhsil prosesinə cəlb olunmasını deyil, həm də hər bir şagirdin fərdi xüsusiyyətlərinə uyğun bərabər imkanların yaradılmasını nəzərdə tutur. Azərbaycanda da inklüziv təhsil istiqamətində bir sıra islahatlar həyata keçirilir, lakin bu sahədə infrastruktur, müəllim hazırlığı və ictimai münasibət kimi məsələlər hələ də aktual olaraq qalır. İnklüziv təhsilin effektiv tətbiqi həm sosial ədalətin təmin olunması, həm də təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

G. Əkbərova qeyd edib ki, təəssüf ki, bəzi hallarda cəmiyyətdə hələ də müəyyən yanlış təsəvvürlərlə qarşılaşırıq.

"Bəzən düşünülür ki, inklüziv siniflərdə təhsil prosesi daha zəif gedəcək və ya digər uşaqların inkişafına mənfi təsir göstərəcək. Halbuki beynəlxalq araşdırmalar bunun əksini sübut edir. İnklüziv mühitdə təhsil alan uşaqlarda əməkdaşlıq, tolerantlıq, liderlik, ünsiyyət və problem həll etmə bacarıqları daha sürətlə inkişaf edir. Onlar gələcək həyatlarında fərqli insanlarla işləməyə və müxtəlif sosial mühitlərə uyğunlaşmağa daha hazır olurlar. Digər vacib məqam isə valideynlərin mövqeyidir. Valideyn inklüziv təhsilin mahiyyətini düzgün başa düşdükdə, bu proses daha uğurlu gedir. Əks halda stereotiplər uşaqlara da ötürülür. Buna görə də inklüziv təhsilin inkişafı yalnız məktəbin və ya müəllimin üzərinə düşən vəzifə deyil. Burada ailə, media, qeyri-hökumət təşkilatları və bütövlükdə cəmiyyət mühüm rol oynayır. Mənim fikrimcə, inklüziv təhsil sosial ədalət məsələsindən daha artıq bir anlayışdır. Bu, gələcəyin daha tolerant, daha humanist və daha güclü cəmiyyətini formalaşdırmaq üçün bir investisiyadır. Əgər biz uşaqları kiçik yaşlardan fərqlilikləri qəbul etməyə öyrədirsəksə, gələcəkdə daha anlayışlı və bir-birinə dəstək olan vətəndaşlar yetişdiririk. Məhz buna görə də inklüziv təhsilin inkişafında cəmiyyətin yanaşması ən azı qanunvericilik və infrastruktur qədər vacib amillərdən biridir".

Rəfiqə Namazəliyeva,

AzNews.az